"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Finlandiyada Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyəti Konfransının illik yığıncağı keçirilib

--2019-09-13 / 17:40

Finlandiyanın Türkü şəhərində Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyəti Konfransının - CORLEAP-ın 9-cu illik yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, yığıncaqda Avropa İttifaqının Regionlar Komitəsinin prezidenti Karl Hayns Lambert's, Finlandiya Xarici İşlər Nazirliyinin Daimi Dövlət katibi, səfir Martın Anttonen, Cənub-Qərb Finlandiya Şurasının İdarə Heyətinin sədri İlkka Kanerva, Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə direktoru Lourens Meredit, Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin prezidenti Andreas Knape, Finlandiya parlamentinin deputatları və digərləri çıxış ediblər.

Yığıncaqda qurumun illik fəaliyyət istiqamətləri üzrə işlərə qiymət verilib və perspektivlər müzakirə olunub. Həmçinin CORLEAP-ın iki tematik sənədi - "Yerli və regional hakimiyyət orqanlarının potensialının artırılması" və "Transsərhəd proqramları çərçivəsində fərdlər arasında əlaqələrə yardım" adlı siyasi məruzələr üzərində müzakirələr aparılaraq müvafiq tövsiyələr qəbul olunub. Bundan başqa, "Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasında yerli və regional hakimiyyətlərin rolu"na dair dinləmələrdə diplomatların, vətəndaş cəmiyyətinin təmsilçilərinin, eləcə də Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

CORLEAP-ın illik yığıncağında ölkəmizi təmsil edən nümayəndə heyəti - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov, Nərımanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və Şəki Bələdiyyəsinin sədr müavini Gülnaz Salamova müzakirə olunan məsələlərə dair çıxış edib, ölkəmizdə yerli və regional hakimiyyətlərin potensialının artırılması, regionların inkişafı istiqamətində görülən işlər və aparılan siyasət, onların nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Qurum çərçivəsində, həmçinin Şərq Tərəfdaşlığının tematik platformalarına uyğun olaraq məruzəçi təyin olunub. Qərara alınıb ki, Azərbaycan nümayəndəsi Anar İbrahimov "Şərq tərəfdaşlığı ölkələrində fiskal əks-mərkəzləşdirmə siyasəti və yerli və regional hakimiyyətlərin maliyyə muxtariyyəti" sahəsində məruzəçi təyin edilsin.

Yığıncaqda əlavə olaraq CORLEAP-ın yenilənmiş reqlamenti səsə qoyularaq qəbul edilib.

Qurumun 9-cu illik yığıncağında Azərbaycan nümayəndə heyətinin rəhbəri - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov CORLEAP-ın həmsədri vəzifəsinə seçilib. Digər həmsədr isə Avropa İttifaqının Regionlar Komitəsinin prezidenti, belçikalı senator Karl-Hayns Lamberts müəyyən edilib.

Qeyd edək ki, CORLEAP 2011-ci ildə Polşanın Poznan şəhərində təsis edilib və Avropa İttifaqı - Şərq Tərəfdaşlığı platformasının regional və yerli hakimiyyətləri üçün institut kimi çıxış edən strukturdur.

https://azertag.az/xeber/Finlandiyada_Serq_Terefdasliginin_Regional_ve_Yerli_Hakimiyyeti_Konfransinin_illik_yigincagi_kechirilib-1329165?fbclid=IwAR2lfBJ70_t0JDW2madp_3JP3Y27_VcfceJITw_8N7E_k5cLMg19uLiJPw0

ŞƏRHLƏR