"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Fikrət Məmmədov: Ədliyyə sahəsində elektron xidmətlərin və innovasiyaların tətbiqinə diqqət yetirilir

--2019-06-04 / 17:17

Bakı, 4 iyun, AZƏRTAC

Bu gün ədliyyə sahəsində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar xüsusi "Elektron notariat çantası" hazırlanıb. Elektron notariat informasiya sisteminə birbaşa çıxışı olan bu çanta vasitəsilə hər hansı notariat hərəkətini istənilən yerdə aparmaq, sənədləri çapdan çıxarmaq və təqdim etmək mümkündür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri iyunun 4-də Ədliyyə Nazirliyinin və Dünya Bankının təşkilatçılığı ilə Bakıda keçirilən "Keçmişə və gələcəyə baxış: Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri" mövzusunda forumda çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov deyib.

Ədliyyə sahəsindəki yeniliklər barədə danışan Fikrət Məmmədov diqqətə çatdırıb ki, digər yenilik elektron ədliyyə köşküdür. Yalnız Azərbaycanda mövcud olan bu köşk vasitəsilə təxirəsalınmaz hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkün olacaq. Bu köşklərin sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılması nəzərdə tutulur. Bu qurğular videoəlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Belə köşk hava limanında quraşdırılıb və artıq ikinci aydır ki, istifadəyə verilib.

"Növbəti yenilik isə Azərbaycanın məhsulu olan mobil notariat qovluğudur. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir", - deyə Ədliyyə naziri Fikrət Məmmədov bildirib.

https://azertag.az/xeber/Fikret_Memmedov_Adliyye_sahesinde_elektron_xidmetlerin_ve_innovasiyalarin_tetbiqine_diqqet_yetirilir-1291340

ŞƏRHLƏR