"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Erməni vəhşiliyinin son həddi: BƏLƏDİYYƏ SƏDRİ YAZIR

--2020-10-13 / 11:56

Tarixi həqiqətlər təsdiq edib ki, müəyyən dönəmlərində Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı ardıcıl olaraq soyqırım törədib, teror aktları gerçəkləşdirib. Oktyabrın 11-də gecə saatlarında isə düşmənin silahlı qüvvələri daha bir vəhşiliyə əl atdı, Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq ən ağır cinayət törətdi. Ermənistan hərbçiləri çox təhlükəli bir silah-“TOÇKA-U” raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini gecə saatlarında insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Dünya tarixinə yazılacaq bu ən qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir. Gəncə hərbi əməliyyatların getdiyi yerdən çox uzaqda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıyla bərabər erməni xislətini bir daha aydın şəkildə göstərdi.

Özü də Ermənistan hərbçiləri sentyabrın 27-dən başlayan müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu onun rəhbərliyinin, o cümlədən, Baş nazir Nikol Paşinyanın ağ bayraq qaldırmasından, onun dünya liderlərinə yalvarmasının nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında humanitar məqsədli müddətli atəşkəs rejiminin bərqərar olmasından sonra bu addımı atdı.

Birmənalı şəkildə deməliyəm ki, Ermənistanın Gəncəni raket atəşinə tutması açıq-aşkar təxribatdır, dinc şəhərin mərkəzinə barbar, mənfur bir hücumdur. Bunu dünyanın əksər politoloqları da belə qiymətləndirir.

Məntiqi yanaşsaq atəşkəs, barışıq Ermənistana sərf edir, çünki onlar müharibəni uduzur. Azərbaycan ordusu irəliləyərək onların müdafiəsini yarır. Yəni Qarabağın son qarış torpağına qədər işğaldan azad edilməsi anı günbəgün yaxınlaşır. Məğlubiyyətinin quduzluğunu yaşayan erməni terror birləşmələri elə bu üzdən də Azərbaycanın cəbhə bölgəsinə aid olmayan ərazilərini raket atəşinə tutur, dinc əhalinin ölümünə səbəb olur, yaşayış binalarını dağıdırlar. Beləliklə onlar Azərbaycan tərəfdən də Ermənistan ərazisinə cavab zərbəsi vurulmasını istəyir, müharibəyə digər dövlətlərin də qarışmasına çalışırlar.

Sonuncu raket zərbəsi nəticəsində Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binaları dağıdılıb. Raket atəşi nəticəsində 10 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib

 Göründüyü kimi insanlıqdan uzaq, vəhşi bir terror aktı törədib ermənilər. Bu təbii ki, ağır itgidir, insanlar həm həyatlarını, həm də soyuq payız aylarında isti ocaqlarından olublar. Qürurverci hal isə odur ki, bu terror nəinki ziyan çəkənləri, bütövlükdə şəhər əhalisini ruhdan salmayıb. Əhali bir nəfər kimi Ali Baş Komandanın, şərəfli qələbə tarixi yazan ordumuzun yanındadır. Cəbhədəki uğurlarla nəfəs alan insanlar yaxşı bilir ki, tezliklə Azərbaycan bayrağı Qarabağın bütün bölgələrində dalğalanacaq, Vətən müharibəsi tam qələbə ilə başa çatacaq.

Yaşar Abdullayev 

Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri 

ŞƏRHLƏR