"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu

--2015-08-02 / 15:03

Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında

Azərbaycan Respublikasının Qanunu

I fəsil. Ümumi müddəalar

Maddə 1. Qanunun təyinatı

Bu Qanun Azərbaycan Respublikasının ərazi quruluşunun və inzibati ərazi bölgüsünün, habelə ərazi vahidlərinin qeydiyyatının, sərhədlərinin müəyyən edilməsinin və dəyişdirilməsinin, adlandırılmasının və ya onların adlarının dəyişdirilməsinin, hüquqi əsaslarını, eləcə də Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı digər məsələlərin tənzimlənməsində dövlət orqanlarının və bələdiyyələrin səlahiyyətlərini müəyyən edir.

Maddə 2. Bu qanunda istifadə olunan əsas anlayışlar

2.1. Ərazi quruluşu—Azərbaycan Respublikası Konstitusiyasının 7-ci və 11-ci maddələrinə və bu qanunda nəzərdə tutulmuş meyarlara əsasən Azərbaycan Respublikasının unitar, vahid əraziyə malik olan dövlət kimi müvafiq hissələrə bölünməsidir.

2.2. İnzibati ərazi bölgüsü—idarəetmənin, qanunçuluğun, vətəndaşların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin dövlət hakimiyyəti orqanları tərəfindən təmin edilməsinin səmərəli təşkili məqsədi ilə Azərbaycan Respublikasının ərazisinin unitar dövlət kimi müəyyən hissələrə bölünməsidir.

2.3. Yaşayış məntəqəsi—əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra—daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsidir (şəhər, qəsəbə, kənd).

2.4. Ərazi vahidi—müəyyən sərhədlərlə məhdudlaşan Azərbaycan Respublikası ərazisinin bir hissəsidir (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd).

2.5. İnzibati ərazi vahidi—hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (rayon, şəhər, şəhər rayonu).

2.6. İnzibati ərazi dairəsi—bir və ya daha çox şəhər, qəsəbə və ya kənddən ibarət olan, hüdudlarında yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (şəhər, qəsəbə, kənd).

2.7. Rayon—Azərbaycan Respublikasının ümumi ərazisinin idarə edilməsinin mərkəzləşdirilməsi, dövlət funksiyalarının həyata keçirilməsinin səmərəliləşdirilməsi, habelə dövlət hakimiyyəti orqanlarının əhaliyə mümkün qədər yaxınlaşdırılması məqsədi ilə tarixən yaranmış, sabit və davamlı iqtisadi, mədəni və sosial əlaqələri olan ərazilərdən təşkil edilmiş, bir neçə inzibati ərazi dairələrini birləşdirən Azərbaycan Respublikasının inzibati ərazi vahididir.

2.8. Şəhər—əhalisinin sayı 15.000 nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində (dövlət və ya bələdiyyə qulluğunda, kommunal təsərrüfatda, ictimai iaşə, mədəni və ya tarixi obyektlərdə və s.) məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzləri olan inzibati ərazi vahididir.

2.9. Şəhər rayonu—böyük ərazilərə malik olan şəhərlərin idarə edilməsinin səmərəliləşdirilməsi, o cümlədən əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı olan qərarların icrasının təşkil edilməsi məqsədi ilə həmin şəhərlərin ərazilərinin müəyyən hissələrə bölünməsi əsasında yaradılan inzibati ərazi vahididir.

2.10. Qəsəbə—əhalisinin əksəriyyəti iqtisadi, sənaye, sosial, kommunal təsərrüfatı, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və s. sahələrdə işləyən ərazi vahididir.

2.11. Kənd—əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahididir.

2.12. Ərazi vahidlərinin Dövlət reyestri - Azərbaycan Respublikasının ərazi vahidlərinə, inzibati ərazi dairələrinə və sahə inzibati ərazi dairələrinə dair sənədləşdirilmiş məlumatları əks etdirən dövlət informasiya ehtiyatı mənbəyidir.

2.13. sahə inzibati ərazi dairəsi — rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir.

Maddə 3. Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunvericilik

Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 4. Azərbaycan Respublikasının ərazi quruluşunun prinsipləri

4.0. Azərbaycan Respublikasının ərazi quruluşu aşağıdakı prinsiplərə əsaslanır:

4.0.1. Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi;

4.0.2. Azərbaycan Respublikasının və müvafiq ərazidə yaşayan əhalinin qanuni mənafelərinin uzlaşdırılması;

4.0.3. Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının əhaliyə mümkün qədər yaxınlaşması və onların qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi;

4.0.4. Azərbaycan Respublikasının dövlət hakimiyyətinin və yerli özünüidarənin uzlaşdırılması;

4.0.5. Azərbaycan Respublikasının yerli dövlət hakimiyyəti və bələdiyyə orqanlarının öz səlahiyyətlərinin müvafiq inzibati ərazi vahidi hüdudlarında həyata keçirilməsi;

4.0.6. eyni növdən olan inzibati ərazi vahidlərinin inkişafının tarazlılığı və bərabərliyi, inzibati ərazi bölgüsünün və sosial-iqtisadi tələbatın əlaqələndirilməsi;

4.0.7. kiçik ərazi vahidlərinin ərazilərinin daha böyük ərazi vahidlərinin tərkibinə daxil edilməsi;

4.0.8. inzibati ərazi bölgüsünün müəyyən edilməsi zamanı eyni növdən olan inzibati ərazi vahidlərinin ərazi sahələrinin və onların əhalisinin sayının təxmini bərabərliyinin təmin edilməsi;

4.0.9. ərazi vahidlərinin hüquqi statusunun onların təyinatına, yerli xüsusiyyətlərə və sosial-iqtisadi inkişafın səviyyəsinə uyğunluğu;

4.0.10. ərazi quruluşu məsələlərinin həllində aşkarlıq, ictimai rəyin nəzərə alınması, yerli təşəbbüsün inkişafı üçün şəraitin yaradılması, habelə bu məsələlərin tarixi, coğrafi, etnoqrafik və toponimik xüsusiyyətlərə uyğun həll edilməsi.

Maddə 5. Azərbaycan Respublikasının ərazi quruluşunun və inzibati ərazi bölgüsünün əsasları

5.1. Azərbaycan Respublikasının ərazi quruluşunu Azərbaycan Respublikasının ərazisində yerləşən rayon, şəhər, qəsəbə və kənd statusuna malik olan ərazi vahidləri təşkil edir. Hər bir ərazi vahidinin sərhədi, adı və onun ərazisində daimi yaşayan əhalinin sayı müəyyən olunur.

5.2. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı inzibati ərazi vahidləri təşkil edir.

5.3. Ərazi vahidlərinə şəhər, qəsəbə və kənd statusu onların ərazisində daimi yaşayan əhalinin sayından və ya əksəriyyətinin məşğul olduğu fəaliyyət (təsərrüfat) növündən, ərazinin sosial-iqtisadi inkişafı səviyyəsindən, istehsalat, yaxud sosial-mədəni infrastrukturun ixtisaslaşmasından və müvafiq ərazidə həyata keçirilən dövlət funksiyalarından asılı olaraq verilir. Tək-tək həyətlər müstəqil ərazi vahidləri təşkil etmir və təsərrüfat, inzibati və ya ərazi cəhətdən əlaqədar, yaxud yaxın olduqları ərazi vahidlərinin tərkibində hesab edilir.

5.4. Azərbaycan Respublikasının rayonları onların ərazisində yerləşən ayrı-ayrı şəhərlərdən, qəsəbələrdən, kəndlərdən və inzibati ərazi dairələrindən təşkil olunur.

5.4-1. Rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə sahə inzibati ərazi dairələri yaradılır. Sahə inzibati ərazi dairəsi onun əhatə edəcəyi ərazidə yaşayan əhalinin sayının 20.000 nəfər və daha çox olması şərti ilə yaradılır. Əhalisinin sayı 20.000 nəfərdən az olan rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində yalnız bir sahə inzibati ərazi dairəsi yaradıla bilər.

5.5. Ayrı-ayrı hallarda əhalisinin sayı 15.000 nəfərdən az, lakin 12.000 nəfərdən yuxarı olan, inkişaf etmiş istehsalat və sosial infrastruktura, ərazisində ümumdövlət əhəmiyyətli müəssisələr və ya xüsusi əhəmiyyətli tarixi və mədəni abidələr yerləşən, habelə gələcək inkişaf və əhalisinin sayının artması perspektivinə malik olan böyük inzibati, iqtisadi və mədəni mərkəzlər şəhərlər kateqoriyasına aid edilə bilər.

5.6. Böyük ərazilərə malik olan şəhərlərin idarə edilməsinin səmərəliləşdirilməsi və sadələşdirilməsi, o cümlədən əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı olan qərarların icrasının səmərəli təşkil edilməsi məqsədilə həmin şəhərlərin əraziləri zəruri hallarda rayonlara bölünür.

5.7. Milli təhlükəsizlik və ya müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin yerləşməsi ilə şərtləndirilmiş xüsusi rejimli dövlət idarə etmənin tətbiq edilməsi zərurəti ilə əlaqədar bəzi ərazi vahidləri, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilər qapalı elan edilə bilər. Ərazi vahidlərinin, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilərin qapalı elan edilməsi və xüsusi rejimli dövlət idarə etmənin tətbiq edilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

5.8. Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərə ad verilməsi, onların adlarının dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq Qanunu əsasında həyata keçirilir.

5.9. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin statusu Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyənləşdirilir.

Maddə 6. Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsünə dair məlumatların nəşr edilməsi

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən on ildə bir dəfə «Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü»nə dair məlumatları əks etdirən toplu nəşr olunur.

II fəsil. Ərazi quruluşu ilə bağlı məsələlərin həll edilməsi qaydası

Maddə 7. Ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması

7.1. Yeni yaranmış, habelə mövcud olan və əhalinin daimi yaşadığı bütün ərazi vahidləri qeydə alınmalı və onların inzibati tabeçiliyi müəyyən olunmalıdır.

7.2. Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

7.3. Naxçıvan Muxtar Respublikasının ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

7.4. Bu Qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi vahidlərinin qeydə alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanınınvə ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:

7.4.1. müvafiq icra hakimiyyəti orqanının ərazi vahidinin qeydiyyata alınmasına dair qərarı;

7.4.2. müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı inzibati ərazi vahidi və ya inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəsatəti;

7.4.3. ərazi vahidinin harada yerləşməsi, onun yaranması səbəbi, təklif olunan ad, onun əsaslandırılması, əhalisinin sayı və əsas məşğuliyyətə görə tərkibi, ərazi vahidi üçün nə zaman və kim tərəfindən torpaq ayrılması və onun tikilişi planı haqqında məlumat (təsdiq edən orqanın adı və təsdiqin tarixi), ərazi vahidindən tabe olacağı inzibati ərazi vahidinin və ya inzibati ərazi dairəsinin mərkəzinədək (poçt şöbəsinədək), yaxın dəmiryol stansiyasınadək məsafə barədə müvafiq icra hakimiyyəti orqanının izahat məktubu;

7.4.4. qeydə alınması təklif olunan ərazi vahidində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə);

7.4.5. qeydə alınması təklif olunan ərazi vahidinin və onun tabe olacağı inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri.

7.5. Ərazi vahidinin qeydiyyatdan çıxarılmasına həmin ərazi vahidinin əhalisinin köçməsi, bir ərazi vahidinin digər ərazi vahidi ilə birləşməsi və ya təbii fəlakətin doğurduğu nəticələrlə əlaqədar yol verilir. Bu Qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi vahidlərinin qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:

7.5.1. müvafiq icra hakimiyyəti orqanının ərazi vahidinin qeydiyyatdan çıxarılmasına dair qərarı;

7.5.2. müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı inzibati ərazi vahidi və ya inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəsatəti;

7.5.3. müvafiq bələdiyyə orqanının ərazi vahidinin qeydiyyatdan çıxarılmasına dair qərarı;

7.5.4. ərazi vahidində əhalinin qalıb-qalmamasını, əhalinin qaldığı halda isə onun sayını, habelə ərazi vahidinin qeydiyyatdan çıxarılmasının səbəbini, onun hüdudlarında dövlət mülkiyyəti obyektlərinin olub-olmamasını göstərən müvafiq icra hakimiyyəti orqanının izahat məktubu.

7.6. Ərazi vahidləri birləşdikdə bu Qanunun 7.5-ci maddəsində göstərilmiş sənədlərə birləşmə nəticəsində yaranan ərazi vahidinin və onun tabe olacağı inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri və birləşən ərazi vahidlərində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə) əlavə olunur.

Maddə 8. Ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi

8.1. Yeni yaranmış, habelə mövcud olan və əhalinin daimi yaşadığı bütün ərazi vahidlərinin sərhədləri müəyyən edilməlidir. Ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsinə bir ərazi vahidi digər ərazi vahidi ilə birləşdikdə, ərazi vahidlərinin inzibati tabeçiliyi dəyişdirildikdə və bir inzibati ərazi dairəyə daxil olan iki və ya daha çox kənd və ya qəsəbənin qarşılıqlı razılaşması hallarda yol verilir.

8.2. Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi Azərbaycan Respublikasınınmüvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

8.3. Naxçıvan Muxtar Respublikasının ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

8.4. Bu Qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:

8.4.1. ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarları;

8.4.2. müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı inzibati ərazi vahidi və ya inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəsatəti;

8.4.3. müvafiq bələdiyyə orqanlarının ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsinə dair qərarları;

8.4.4. ərazinin sahəsi və torpaqların əsas istifadəçilərini, əhalinin ümumi sayını, sənaye və kənd təsərrüfatı müəssisələrinin, tikinti, nəqliyyat, kommunal və digər təşkilatların və onların hər birində işləyən şəxslərin sayını, torpaq ayrılmasını, onun geriyə qaytarılmasını və ya əlavə torpaq sahəsinin ayrılmasını əsaslandıran (bu hüquqları verən sənəd əlavə olunmaqla) göstərən izahat məktubu;

8.4.5. sərhədlərinin müəyyən edilməsi və ya dəyişdirilməsi təklif olunan ərazi vahidinin və onun tabe olduğu inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri.

8.5. Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq yeni yaradılan inzibati ərazi vahidinin tabeliyinə verildiyi hallar istisna olmaqla, ərazi vahidinin inzibati tabeliyi dəyişdikdə (başqa rayona və ya şəhərə verildikdə), bu qanunun 8.4-cü maddəsində göstərilmiş sənədlərə inzibati tabeliyi dəyişən ərazi vahidində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə) əlavə olunur.

8.6. Ərazi vahidinin sərhədinin müəyyən edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həll edilir.

Maddə 9. Ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi

9.1. Təhkim olunmuş ərazisi və daimi yaşayan əhalisi olan bütün ərazi vahidlərinə müəyyən ad verilməlidir. Ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi ümumdövlət mənafeyi, habelə coğrafi, tarixi, etnoqrafik, milli və məişət şəraiti və digər yerli şərait, yerli əhalinin rəyi nəzərə alınmaqla həyata keçirilir.

9.2. Azərbaycan Respublikasının bütün ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

9.3. Naxçıvan Muxtar Respublikasının ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

9.4. Ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi haqqında hər bir təklifə əvvəlcədən Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyası tərəfindən baxılır və bu barədə müvafiq qərar qəbul edilir. Ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi ümumdövlət mənafeləri, coğrafi, tarixi, milli və digər xüsusiyyətlər, habelə yerli əhalinin rəyi nəzərə alınmaqla həyata keçirilir. Ərazi vahidinin adının dəyişdirilməsi zamanı yerli əhalinin rəyinin nəzərə alınmasına dair tələb ərazi vahidinin tarixi adının bərpa edilməsi hallarına şamil edilmir. Görkəmli dövlət və ya ictimai xadimlərin adları, bir qayda olaraq, yeni yaranmış ərazi vahidlərinə verilir.

9.5. İki və ya daha artıq ərazi vahidləri bir ərazi vahidində birləşdirildikdə, bir qayda olaraq, birləşmiş ərazi vahidlərindən birinin adı saxlanılır. Ərazi vahidlərinə ad verilərkən və onların adı dəyişdirilərkən mövcud adların təkrarlanmasına yol verilmir. Adları dövlətin milli, tarixi, coğrafi və mədəni irsi ilə bağlı olan ərazi vahidlərinin adlarının dəyişdirilməsinə yol verilmir.

9.6. Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq yeni inzibati ərazi vahidinin yaradılması halları istisna olmaqla, ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:

9.6.1. ərazi vahidinə ad verilməsinə və onun adının dəyişdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı və müvafiq icra hakimiyyəti orqanı yanında şura iclasının protokolu;

9.6.2. müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı inzibati ərazi vahidi və ya inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəsatəti;

9.6.3. müvafiq bələdiyyə orqanının ərazi vahidinin adının dəyişdirilməsinə dair qərarı;

9.6.4. ad verilməli və ya adı dəyişdirilməli olan ərazi vahidində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə);

9.6.5. irəli sürülən təklifin məqsədəuyğunluğunun əsaslandırılmasını, təklif olunan adın izahını, poçt idarəsi və ya dəmir yol stansiyasının olmasını və onların adlarını göstərən izahat məktubu.

9.7. İki və ya daha artıq ərazi vahidlərinin birləşməsi nəticəsində yaranmış ərazi vahidinə ad verildikdə birləşən hər bir ərazi vahidi üzrə əhalinin yığıncağı ayrılıqda keçirilir.

9.8. Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanını üç gün müddətində məlumatlandırırlar.

9.9. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. İnzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı, xarici dillərdə də yazıla bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.

Maddə 10. Ərazi vahidlərinin statusunun müəyyən edilməsi və dəyişdirilməsi

10.1. Təhkim olunmuş ərazisi və daimi yaşayan əhalisi olan, habelə bu Qanunun 7-ci maddəsinə əsasən qeydə alınmış bütün ərazi vahidlərinə bu Qanunun 5-ci maddəsində göstərilmiş meyarlara müvafiq olaraq kənd, qəsəbə və ya şəhər statusu verilir.

10.2. Ərazi vahidinin statusu bu Qanunun 5-ci maddəsində müvafiq ərazi vahidi üçün müəyyən edilmiş meyarlara uyğun gəlmədikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ərazi vahidinin statusunun dəyişdirilməsi üçün vəsatətlə Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etməlidirlər. Ərazi vahidinin statusunun dəyişdirilməsi ərazi vahidinin qeydə alınması üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

10.3. Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq şəhər inzibati ərazi vahidinin yaradılması ilə əlaqədar ərazi vahidinə, yaxud bir və ya bir neçə ərazi vahidinin müəyyən ərazisinə şəhər statusu verildiyi hallar istisna olmaqla, ərazi vahidlərinin statusunun dəyişdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:

10.3.1. müvafiq icra hakimiyyəti orqanının ərazi vahidinin statusunun dəyişdirilməsinə dair qərarı;

10.3.2. müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəsatəti;

10.3.3. ərazi vahidinin harada yerləşməsi, onun statusunun dəyişdirilməsinin əsaslandırılması (bu qanunun 5.3-cü maddəsində göstərilmiş meyarlara müvafiq olaraq), əhalisinin sayı və əsas məşğuliyyətə görə tərkibi barədə müvafiq icra hakimiyyəti orqanının izahat məktubu;

10.3.4. statusunun müəyyən edilməsi və dəyişdirilməsi təklif olunan ərazi vahidinin və onun tabe olduğu inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri.

III fəsil. İnzibati ərazi bölgüsü ilə bağlı məsələlərin həll edilməsi qaydası

Maddə 11. İnzibati ərazi dairələrinin yaradılması və ləğv edilməsi

11.1. Ərazi cəhətdən böyük və çoxsaylı əhalisi olan ərazilərdə idarəetmənin mərkəzləşdirilməsi və sadələşdirilməsi, habelə əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı olan qərarların icrasının səmərəli təşkil edilməsi məqsədilə bir-birinə nisbətən yaxın məsafədə yerləşən bir neçə kənd və ya qəsəbə inzibati ərazi dairələrinə birləşdirilə bilər.

11.2. İnzibati ərazi dairələrinin yaradılması və onların ləğv edilməsi bu Qanunun 7-ci maddəsinə uyğun olaraq ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir. İnzibati ərazi dairələri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritə tərtib olunur.

11.3. Yerli dövlət hakimiyyəti orqanlarının yerləşdiyi şəhər, qəsəbə və ya kənd müvafiq inzibati ərazi dairəsinin mərkəzi hesab olunur. İnzibati ərazi dairələri onların mərkəzinin adına uyğun olaraq adlandırılır.

11.4. İnzibati ərazi dairələrin hüdudları onların tərkibinə daxil olan ərazi vahidlərinin sərhədlərinə müvafiq olaraq müəyyən edilir və onlara uyğun olaraq dəyişdirilir.

Maddə 11-1. Sahə inzibati ərazi dairələrinin yaradılması və ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi

11-1.1. Azərbaycan Respublikasının ərazisində sahə inzibati ərazi dairələrinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

11-1.2. Naxçıvan Muxtar Respublikasının ərazisində sahə inzibati ərazi dairələrinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

11-1.3. Sahə inzibati ərazi dairələrinin yaradılması, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:

11-1.3.1. müvafiq icra hakimiyyəti orqanının sahə inzibati ərazi dairəsinin yaradılması, onun adlandırılması və adının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsinə dair qərarı;

11-1.3.2. irəli sürülən təklifin məqsədəuyğunluğunun əsaslandırılmasını, bu Qanunun 5.4-1-ci maddəsinə uyğunluğunu göstərən müvafiq icra hakimiyyəti orqanının izahat məktubu;

11-1.3.3. sahə inzibati ərazi dairələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritəsi.

11-1.4. Sahə inzibati ərazi dairəsinin ləğvinə həmin sahə inzibati ərazi dairəsinin ərazisində yaşayan əhalinin köçməsi, bir sahə inzibati ərazi dairəsinin digər sahə inzibati ərazi dairəsi ilə birləşməsi, sahə inzibati ərazi dairəsinin ərazisi bütövlükdə şəhər, qəsəbə və ya kənd inzibati ərazi dairəsi tərkibinə daxil olan ərazi vahidinin ərazisinə birləşdirilməsi, sahə inzibati ərazi dairəsinin bütün ərazisi hüdudlarında qəsəbə inzibati ərazi dairəsinin yaradılması və ya təbii fəlakətin doğurduğu nəticələrlə əlaqədar yol verilir. Sahə inzibati ərazi dairələrinin ləğv edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:

11-1.4.1. müvafiq icra hakimiyyəti orqanının sahə inzibati ərazi dairəsinin ləğv edilməsinə dair qərarı;

11-1.4.2. sahə inzibati ərazi dairəsinin ləğv edilməsinin səbəbini göstərən müvafiq icra hakimiyyəti orqanının izahat məktubu.

11-1.5. Sahə inzibati ərazi dairələri birləşdikdə bu Qanunun 11-1.4-cü maddəsində göstərilmiş sənədlərə birləşmə nəticəsində yaranan sahə inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritəsi əlavə olunur.

11-1.6. Sahə inzibati ərazi dairəsi müvafiq şəhər inzibati ərazi vahidinin və şəhər rayonu inzibati ərazi vahidinin hüdudlarında nömrə ardıcıllığına uyğun olaraq adlandırılır.

11-1.7. Sahə inzibati ərazi dairəsinin hüdudları onların yaradıldığı rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsinin sərhədlərinə müvafiq olaraq müəyyən edilir və onlara uyğun olaraq dəyişdirilir.

Maddə 12. İnzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi

12.1. Azərbaycan Respublikasının ərazisində inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

12.2. Naxçıvan Muxtar Respublikasının ərazisində inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

12.3. İnzibati ərazi vahidləri yaradıldıqda, ləğv edildikdə, onlar adlandırıldıqda və onların adları dəyişdirildikdə, sərhədləri müəyyən olunduqda və dəyişdirildikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:

12.3.1. irəli sürülən təkliflərin məqsədəuyğunluğu, yaradılması təklif olunan inzibati ərazi vahidinin adı, ərazisi, tərkibində olan ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sayı, orada yaşayan əhalinin ümumi sayı və əsas məşğuliyyətə görə tərkibi, əsas sənaye, tikinti, nəqliyyat, kommunal, kənd təsərrüfatı müəssisələri, sosial-mədəni, ticarət və məişət obyektləri, habelə yaxın dəmir yol stansiyasının adı və orayadək məsafə barədə müvafiq icra hakimiyyəti orqanının təqdimatı;

12.3.2. yaradılması təklif olunan inzibati ərazi vahidinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritəsi.

12.4. Rayonlar, onların mərkəzi olan ərazi vahidlərinin adlarına uyğun olaraq adlandırılır.

12.5. Bu Qanunun 2.8-ci maddəsində müəyyən edilmiş əhalinin sayına dair tələblər rayonların (şəhər rayonları istisna olmaqla) mərkəzi olan ərazi vahidlərinə şəhər statusu verilməsi hallarına şamil edilmir.

12.6. Yeni şəhər, rayon və şəhər rayonu inzibati ərazi vahidlərinin yaradılması halları istisna olmaqla, rayonların və şəhər rayonlarının adlandırılması və adlarının dəyişdirilməsi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

12.7. Yeni inzibati ərazi vahidlərinin yaradılması ilə əlaqədar digər inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi halları istisna olmaqla, inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi bu Qanunun 8-ci maddəsinə uyğun olaraq ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

IV fəsil. Yekun müddəalar

Maddə 13. Ərazi vahidlərinin Dövlət reyestri

13.1. Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsünə dair qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan Ərazi vahidlərinin Dövlət reyestri (bundan sonra — Dövlət reyestri) yaradılır.

13.2. Azərbaycan Respublikasında yerləşən ərazi vahidlərinə, inzibati ərazi dairələrinə və sahə inzibati ərazi dairələrinə dair bütün məlumatlar Ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.

13.3. Dövlət reyestrinə daxil edilmiş bütün ərazi vahidlərinə, inzibati ərazi dairələrinə və sahə inzibati ərazi dairələrinə şəhadətnamə və müvafiq icra hakimiyyəti orqanında təsdiq edilmiş xəritə verilir.

Maddə 13-1. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinə dair tələblər

13-1.1. Ərazi vahidinin və ya inzibati ərazi dairəsinin və yaxud sahə inzibati ərazi dairəsinin bu Qanunun 7.4.5-ci, 7.6-cı, 8.4.5-ci, 10.3.4-cü, 11.2-ci, 11-1.3.3-cü, 11-1.5-ci, 12.3.2-ci və 13.3-cü maddələrində nəzərdə tutulan xəritələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aşağıdakı tələblər nəzərə alınmaqla hazırlanır:

13-1.1.1. ərazidə yerləşən yaşayış məntəqələri, onların adı, poçt şöbəsi, dəmir yolu və şose yolları, çaylar, magistral su kanalları və ya kollektorları, magistral neft və qaz kəmərləri, dəmir yol stansiyaları, dövlət mülkiyyətində olan torpaqlar və sərhədinin qonşuluqlarını müəyyənləşdirən döngə nöqtələri göstərilməklə (inzibati ərazi dairəsinə daxil olan şəhər, qəsəbə və kəndlərin sərhədləri ayrı-ayrılıqda müəyyənləşdirilir), onların ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda - 1:50000 miqyasda tərtib edilir;

13-1.1.2. sərhədinin qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğu xəritəyə əlavə edilir.

13-1.2. Bu Qanunun 7.4.5-ci, 7.6-cı, 8.4.5-ci, 10.3.4-cü, 11.2-ci, 11-1.3.3-cü, 11-1.5-ci və 12.3.2-ci maddələrində göstərilən xəritələrin təqdim edilməsi tələbi yalnız qeydə alınan və barəsində müvafiq dəyişikliklər edilməsi təklif edilən ərazi vahidlərinə və inzibati ərazi dairələrinə, yaxud sahə inzibati ərazi dairələrinə şamil edilir. Mövcud ərazi vahidlərinin və inzibati ərazi dairələrinin, yaxud sahə inzibati ərazi dairələrinin xəritələrinin təqdim edilməsi həmin ərazi vahidləri və ya inzibati ərazi dairələri, yaxud sahə inzibati ərazi dairələri Dövlət reyestrində olmadığı hallarda tələb olunur.

Maddə 13-2. Vətəndaşların yığıncağına (yığıncaqlarına) dair tələblər

13-2.1. Ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir.

13-2.2. Yığıncaqda (yığıncaqlarda) iştirak etmiş vətəndaşların yarısından çoxu ərazi vahidinin qeydə alınmasının, birləşməsinin, inzibati tabeliyinin dəyişdirilməsinin, ərazi vahidinə ad verilməsinin və ya onun adının dəyişdirilməsinin «lehinə» səs verdikdə müvafiq qərar qəbul edilir.

Maddə 14. Bu Qanunun pozulmasına görə məsuliyyət

14.1. Azərbaycan Respublikasında yerləşən ərazi vahidlərinin və inzibati ərazi dairələrinin adları və sərhədləri Azərbaycan xalqının tarixi və mədəni irsinin tərkib hissəsi olmaqla dövlət tərəfindən qorunur.

14.2. Azərbaycan Respublikasında ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin adlarının və sərhədlərinin özbaşına dəyişdirilməsinə və ya onların adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə yol verilmir.

14.3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü məsələləri ilə əlaqədar dövlət orqanları tərəfindən təşkilati tədbirlərin həyata keçirilməsinə yalnız həmin məsələnin həll edilməsinə dair müvafiq qanunvericilik aktı qüvvəyə mindikdən sonra yol verilir.

14.4. Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü məsələlərinə dair tərtib və təqdim edilən sənədlərdə həqiqətə uyğun və ya dəqiq olmayan məlumatların əks etdirilməsi, habelə həmin məsələlərə dair qərarları qəbul edən dövlət orqanlarına natamam və ya bu Qanunda göstərilmiş tələblərə cavab verməyən sənədlərin təqdim edilməsi qadağandır.

14.5. Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü məsələlərinə dair tərtib və təqdim edilmiş sənədlərdə uyğunsuzluq və ya natamamlıq müşahidə edildikdə, habelə onlar bu Qanunda göstərilmiş tələblərə cavab vermədikdə həmin sənədlərin əsasında hər hansı qərarın qəbul edilməsinə yol verilmir.

14.6. Bu Qanunun tələblərinin pozulması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəbdir.

Maddə 15. Qanunun qüvvəyə minməsi qaydası

15.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

15.2. Bu Qanunun 2.8-ci və 5.5-ci maddələrinin müddəaları bu Qanun qüvvəyə mindikdən sonra yaradılan şəhərlərə şamil edilir. Bu Qanun qüvvəyə minənədək şəhər statusuna malik olan ərazi vahidlərinin statuslarının dəyişdirilməsinə yol verilmir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 13 iyun 2000-ci il

№– 892-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 oktyabr 2000-ci il, №– 245).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2000-ci il, №– 10, maddə 709).

5 dekabr 2003-cü il tarixli, 538-IIQD nömrəli17 aprel 2007-ci il tarixli, 321-IIIQD nömrəli1 aprel 2008-ci il tarixli, 585-IIIQD nömrəli30 iyun 2009-cu il tarixli, 853-IIIQD nömrəli; 12 iyun 2012-ci il tarixli, 378-IVQD nömrəli; 20 noyabr 2012-ci il tarixli, 471-IVQD nömrəli; 31 may 2013-cü il tarixli, 674-IVQD nömrəli Qanunlara əsasən dəyişiklik və əlavələrlə

http://www.taxes.gov.az/modul.php?name=qanun&news=886

ŞƏRHLƏR