"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ekoloji qanunvericiliyin tələblərinə uyğun olaraq bələdiyyələrlə birgə digər tədbirlər də həyata keçirilir

--2022-10-10 / 05:48

Azərbaycan Respublikası Konustitusiyasının 78-ci maddəsində ətraf mühitin qorunması hər bir şəxsin borcu olması qeyd edilir. Ətraf mühitin qorunmasında bələdiyyələrin özünəməxsus rolu vardır . Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq ətraf mühitin mühafizəsi sahəsində ən çox qarşılıqlı fəaliyyət göstərdiyimiz inzibati orqanlardan biri də bələdiyyələrdir. Dövlətin ekoloji sahədə həyata keçirdiyi siyasətin yerlərdə bərqarar olunmasında dövlət orqanları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

   "Yaşıllıqların mühafizəsi" haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il tarixli qanunu Yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bələdiyyələrin , fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin də özünəməxsus rolu vardır. Belə ki, " Yaşıllıqların mühafizəsi" haqqında qanunun 8-ci maddəsində yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri öz əksini tapmışdır. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirirlər. Qanun 8.2.3-cü bəndinə əsasən " mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq" bələdiyyələrin vəzifəsi kimi müəyyən edilir. Həmin uçot isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir.  

Ətraf mühitin qorunması sahəsində tullantıların düzgün idarə olunması da mühüm əhəmiyyət kəsb edir. " İstehsalat və məişət tullantıları" haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli qanunun 12-ci maddəsində şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblər öz əksini tapmışdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq tullantılardan təmizlənməlidir . Ərazilərin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı ( ETSN və SN) tərəfindən müəyyən edilir.

Atmosfer havasına zərərli təsir göstərən istehsalat və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılması qadağandır.

Ətraf mühitin mühafizəsi sahəsində Ekoloji qanunvericiliyin tələblərinə uyğun olaraq bələdiyyələrlə birgə digər tədbirlər də həyata keçirilir .

Tofiq Əliyev

(2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyəsiylə "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin Tovuz şəhər Heydər Əliyev mərkəzində   "Ətraf mühitin qorunmasında bələdiyyələrin rolu" mövzusunda rayon bələdiyyələrinin iştirakıyla  keçirilən görüşdəki çıxışın mətni)

 

ŞƏRHLƏR