"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ekoloji mühitin qorunmasında bələdiyyələrin iştirakı

--2022-11-17 / 16:19

Müasir dünyada ətraf mühit məsələləri, o cümlədən iqlim dəyişməsi problemləri dünya birliyinin, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Son zamanlar bu məsələlər daha da aktuallaşıb. Zəngin təbiətə malik Azərbaycan dövləti də ekoloji problemlərin, xüsusilə sahə ilə bağlı hüquqi bazanın yaradılmasını və onun daim təkmilləşdirilməsini diqqət mərkəzində saxlayır.

Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və mühafizəsi dövlətimizin ekoloji siyasətinin əsas istiqamətlərindəndir.

Ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanları müvafiq qanunvericiliklə onlara verilmiş səlahiyyətləri həyata keçirirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin birinci hissəsinin 9-cu bəndində ekologiya məsələləri ilə əlaqədar bələdiyyələrin səlahiyyətləri də təsbit olunmuşdur. Belə ki, bu müddəada qeyd edilir ki, bələdiyyələr öz ərazi hüdudlarında yerli ekoloji proqramların qəbul olunmasını və onların icrasını təmin edir. Ekologiyanın qorunması dövlətin vəzifəsi olmaqla yanaşı, vətəndaşların da borcudur. Sağlam mühitdə yaşamaq isteyi onun qorunması üçün bütün güc və imkanların birləşdirilərək vahid məqsədə yönəldilməsini tələb edir. Yerli özünüidarə orqanları da bu sahədə müəyyən hüquq və vəzifələr daşıyırlar. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanları müvafiq qanunvericiliklə onlara verilmiş səlahiyyətləri həyata keçirirlər.

"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə, bələdiyyələr yerli ekoloji proqramlar tərtib edə bilərlər. Bu proqramlarda məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlave olaraq yerli əhəmiyyətli ekoloji temizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitde mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun havanın torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəxəm daşınması və zərərsizləşdirilməsi Qaydalar"ın 10.5-ci bəndinə görə, bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmedən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayet edilmesi barədə izahat işlərinin aparılması ve onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ətraf mühitin qorunması və sağlamlaşdırılmasında yaşıllıqların artırılması və qorunması da çox mühümdür. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin də vəzifələri müəyyən edilmişdir. Həmin maddeye göre, yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır:

 -       yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək;

-       yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər ve ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq;

-       mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu, kadastrını və monitorinqini aparmaq;

-       yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;

-       müvafiq icra hakimiyyəti orqanı (karantin tətbiq edilən ve xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinə münasibətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, digər hallarda isə Azerbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyinin elmi-praktiki dəstəyi ilə yerli icra hakimiyyəti orqanları) ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq və s.

 

Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi ilə bağlı və ya bu qəbildən olan tədbirləri özündə əks etdirən üzunmüddətli proqramlardan biri də ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalina dair Strateji Yol Xəritəsi'dir. Burada ətraf mühitin qorunması, təbii resursların mühafizəsi və təbii-iqlim amillərinin kənd təsərrüfatına təsirlərinin idarə olunması sisteminin yaradılması nəzərdə tutmuşdur.

Strateji Yol Xəritəsinin Tədbirlər Planında bələdiyyələrin də iştirakı nəzərdə tutulur. Belə ki, ekoloji təmiz məhsul istehsalının təşviqi (7.4.2-ci bənd), ekoloji təmiz məhsul istehsal eden fermerlərin formalaşdırılması (7.4.3-cü bənd), ekoloji təmiz kənd təsərrüfatı məhsulları bazarının inkişaf etdirilməsi (7.4.4-cü bənd) tədbirlərinin əsas icraçısı digər dövlət orqanları olsalar da, bu tədbirlərin icrasında iştirak etmək bələdiyyələrə də tövsiyə edilmişdir.

Bununla yanaşı, Strateji Yol Xəritəsində bələdiyyələrə torpaqdan səmərəli istifadənin təmini və torpaqların rekultivasiyası üzrə tədbirlərin həyata keçirilməsi (7.3.2- ci bənd) tövsiyə edilmişdir.

Bu baxımdan, qeyd olunmalıdır ki, "Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində torpaqların münbitliyinin təmin olunması sahəsində bələdiyyələrin aşağıdakı vəzifələri göstərilir:

-       torpaqların münbitliyinin təmin olunması sahəsində dövlət siyasətinə əməl etmək;

 -       bələdiyyə mülkiyyətinə aid edilmiş torpaqların münbitliyinin təmin olunması sahəsində qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul etmək,

-       torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində yerli proqramlar hazırlamaq, heyata keçirmək və icrasına nəzarət etmək;

-       bələdiyyə mülkiyyətinə aid edilmiş torpaqların münbitliyinin təmin olunması sahəsində qanunvericiliye uyğun müvafiq qərarlar qəbul etmək:

-       torpaqların münbitliyinin təmin olunması sahəsində dövlət orqanları ve beynəlxalq təşkilatlar qarşısında müvafiq məsələlər qaldırmaq;

-       yerli büdcələrin tərkibində torpaqların münbitliyinin təmin olunması sahəsində xərclər müəyyənləşdirmək və onların maliyyələşdirilməsini həyata keçirmək;

-       öz əraziləri daxilində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrində ətraf mühitə və başqalarının torpaqlarına zərərli təsir göstərə bilən tədbirlərin məhdudlaşdırılmasını və dayandırılmasını tələb etmək;

-       öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarının səmərəli istifadəsinə və münbitliyinin mühafizəsinə nəzarət etmək;

-       Azərbaycan Respublikasının qanunvericiliyi ilə onların səlahiyyətlərinə aid edilmiş digər vəzifələri həyata keçirmək.

 

Sözügedən qanunlardan başqa bələdiyyələrin səlahiyyətləri ayrıca maddələrlə Torpaq Məcəlləsində (maddə 8), "Ekoloji təhlükəsizlik haqqında" (maddə 6), "Xüsusi mühafizə olunan təbiət əraziləri ve obyektləri haqqında" (maddə 15), "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" (maddə 6) və ətraf mühitə dair digər sahə qanunlarında verilir.

Dövlətimiz tərəfindən ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması daim diqqətdə saxlanılmışdır. Bununla yanaşı bələdiyyələr də öz ərazisində ekoloji problemləri öyrənməli və onların həlli üçün proqram qəbul etməli, yerli büdcədə bu proqramın icrasına yönələcək xərcləri müəyyən etməlidir.

Qeyd olunanları nəzərə alaraq, bələdiyyələrə ətraf mühitin qorunmasında aktiv iştirak etmələri və qanunla onların üzərinə qoyulmuş vəzifələri düzgün icra etmələri tövsiyə edilmişdir.

 Aqil Salmanov

Lənkəran Regional Ədliyyə İdarəsinin

aparıcı məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu

ŞƏRHLƏR