"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Əhalinin maarifləndirilməsinə ehtiyac vardır-TƏLƏB

--2016-01-27 / 01:57

Azərbaycanda demokratiyanın inkişafı digər mütərəqqi təsisatlarla yanaşı, həm də yerli özünüidarəetmə qurumu olan bələdiyyələrin fəaliyyətini təkmilləşdirməkdən, günün tələbləri səviyyəsində qaldırmaqdan çox asılıdır.    Dövlətin idarə olunmasında vətəndaşların iştirakını bilavasitə təmin edən, eyni zamanda real yerli özünüidarəetmə orqanı olan bələdiyyələr güclü və demokratik hakimiyyətin formalaşmasında mühüm rola malikdir.

Cəmiyyətimizdə yerli  özünüidarəetmə  orqanı kimi digər strukturlarla müqayisədə yeni olduğundan qarşıya qoyulan məqsədləri həyata keçirərkən bir sıra obyektiv və subyektiv çətinliklərlə üzləşsək də 2015-ci  ildə  bələdiyyəmiz xeyli işlər görüb. Bu işlərdə Salyan bələdiyyəsi yerli özünüidarəetmə orqanı kimi fəaliyyətini günbəgün inkişaf etdirir və genişləndirir, şəhərin sosial-iqtisadi probleminin həllində, abadlıq-quruculuq işlərində fəallıq nümayiş etdirir, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçrilməsində iştirak edir.

Salyan bələdiyyəsinin 15 nəfər üzvü vardır. Bunlardan 5 nəfəri qadındır.  Bələdiyyədə 5 daimi komissiya və icra aparatı fəaliyyət göstərir.

Hesabat dövründə bələdiyyəmiz 27 yığıncaq keçirmiş, 82  müxtəlif məsələ müzakirə edilmişdir. Məsələlərin həlli əsasən sosial sifarişlər əsasında, sakinlərin müraciəti, təklifləri əsasında kollegial şəkildə həyata keçirilir.

Bələdiyyələr özünüidarə orqanı olduğu üçün onların büdcəsi əsasən fərdi yaşayış evlərindən, ticarət obyektlərindən və çoxmərtəbəli binalardakı özəlləşdirilmiş mənzillərdən əmlak və torpaq vergisinin yığılması hesabına formalaşdırılır. Bu sahədə də xeyli çətinliklər mövcuddur. Əhalinin yerli vergi ödənişi sahəsində maarifləndirilməsi üçün müxtəlif tədbirlər görülür ki, bu da öz müsbət nəticələrini verməkdədir. Bələdiyyə üzvləri və bələdiyyə aparatı işçiləri əhali ilə müntəzəm görüşlər keçirir, bələdiyyənin gördüyü işlər barəsində hesabat verir, onların təklif və məsləhətlərini dinləyir, problemlərini özlərinin arzuladığı formada həll etməyə çalışır. Bələdiyyə üzvlərinin və bələdiyyə aparatı işçilərinin şəhər əhalisi arsasında apardığı təbliğat işləri nəticəsində əhalinin bələdiyyəyə inamı daha da artır və ilbəil əhalidən yığılan əmlak və torpaq vergisinin miqdarı artmaqdadır.

Hesabat dövründə bələdiyyə büdcəsinə daxil olmuş vəsait şəhərin abadlığı, sosial quruculuğu məsələlərinə, imkansız və şəhid ailələrinə, Qarabağ müharibəsi, Çernobıl əlillərinə və bələdiyyə icra aparatının saxlanmasına xərclənmişdir.

Sosial Müdafiə və Sosial yönümlü işlər arasında, əlil, qaçqın, şəhid və imkansız ailələr Bələdiyyənin daima diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan sakinlərin təmsil olunduqları cəmiyyətlərlə (Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri, Çernobıl, Əfqanıstan müharibəsi əlilləri, Böyük Vətən Müharibəsi Veteranları və s.) Bələdiyyə arasında sıx əlaqələr qurulub.

Bu dövrdə vergi və rüsumların toplanmasında müəyyən irəlləyişlərə nail olsaq da hələ əhalidən vergilərin toplanmasında müəyyən problemlərimiz vardır.

2015-ci  ildə  yerli büdcənin vəsaiti üzrə gəlirlər torpaq vergisi 21.908 manat, əmlak vergisi 19.802 manat, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 12.820 manat, bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan ödəniş 112.060 manat, bələdiyyə əmlakının icarəyə verilməsindən daxil olan gəlirlər 5.950 manat və dövlət büdcəsindən dotasiya 10.000 manat olmuşdur.

Hesabat dövründə bələdiyyə büdcəsinə daxil olmuş vəsait şəhərin abadlığı, sosial-quruculuğu məsələlərinə, imkansız və şəhid ailələrinə, Qarabağ müharibəsi, Çernobel əlillərinə və bələdiyyə icra aparatının saxlanmasına xərclənmişdir.

Salyan şəhərinin abadlığı ilə əlaqədar olaraq şəhərin ayrı-ayrı küçələrinə asfalt basılmasına və çınqıl tökülməsinə 37.450 manat,  şəhər İnternat məktəbinin həyətinin asfaltlaşdırılmasına 7200 manat, şəhərin X.R.Ulutürk küçəsində yerləşən 6 və 8 saylı çoxmənzilli binaların həyətlərinin asfaltlaşdırılmasına 4950 manat, Heydər Əliyev küçəsindəki səkilərə üzlük plitə düzülməsinə 14347 manat, şəhər küçələrinin işıqlandırılması üçün 31 ədəd dekorativ işıq dirəklərinin və digər elektrik avadanlıqlarının alınmasına 63.904 manat, şəhər küçələrinin yaşıllaşdırılmasına 450 manat, şəhərdə qaz xətlərinin yeniləşdirilməsi ilə əlaqədar olaraq şəhərin H.Əliyev küçəsi 110 və 115; Y.Qasımov küçəsi 6; X.R.Ulutürk küçəsi 30 və 32; 20 Yanvar küçəsi  18 və 19 saylı çoxmənzilli binaların tüstü bacalaranın təmir olunmasına 2000 manat pul vəsaiti xərclənmişdir. 

Salyan Bələdiyyəsi 2015-ci ildə aztəminatlı və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, digər kateqoriyadan olan imkansız vətəndaşlara 11.950 manat pul yardımı etmişdir. Xalqımızın əziz günləri olan Ramazan bayramında aztəminatlı ailələrə bayram sovqatları paylanmasına və iftar süfrələri açılmasına 2700 manat, Qurban bayramı ilə əlaqədar olaraq aztəminatlı ailələrə Qurban sovqatı paylanmasına 2100 manat pul vəsaiti xərclənmişdir. 

Salyan bələdiyyəsi öz fəaliyyətini əsasən əhalinin müxtəlif təbəqələri tərəfindən irəli sürülən məsələlərin həlli istiqamətində qurmaqla, ölkədə əhalinin sosial-iqtisadi çətinliklərinin həllində dövlətə yaxın köməkçi olmaq, dövlət tərəfindən həyata keçrilməsi nəzərdə tutulmayan tədbirlərin icrasını təmin etməklə əhalinin ehtiyaclı təbəqəsinə yardımçı olmaq bələdiyyəmizin fəaliyyətinin əsasını təşkil edir.

Bələdiyyəmiz hər il həyata keçiriləcək tədbirləri rayon icra hakimiyyəti ilə birlikdə nəzərdən  keçirir və yeni vəzifələr müəyyənləşdirir.

Rayon bələdiyyələri əlaqələndirmə şurası ilə rayon İcra Hakimiyyəti arasında koordinasiya Şurası yaradılmışdır ki, bu da işlərimizin planlı və düzgün istiqamətdə qurulmasında böyük rol oynayır.

Hesabat dövründə  vətəndaşların ərizə və şikayətlərinə baxılması gündəlik fəaliyyətimizin başlıca istiqamətlərindən biri olmuşdur. 2015-ci ildə  vətəndaşlar tərəfindən bələdiyyəyə 156 ərizə, şikayət və müraciətlər daxil olmuşdur ki, bunlar da əsasən müsbət həll edilmişdir.

2015-ci ildə vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün 9255 kvm,  sahibkarlıq fəaliyyəti üçün isə 5611 kvm torpaq sahəsi vətandaşların mülkiyyətinə verilmişdir. 

Yuxarıda qeyd olunanlarla bərabər qeyd etmək istərdim ki, görülən işlər  bizi o qədər də qane etmir. Ərazimizin  sosial-iqtisadi həyatı ilə bağlı həllini gözləyən bir çox məsələlər vardır. Belə ki, şəhərin bir sıra küçələrinin abadlıq işlərinə, sakinlərimizin sosial- məişət şəraitindəki çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinə böyük ehtiyac vardır. Əhalinin qaz, su, elektrik enerjisi təchizatı ilə bağlı problemləri çox təssüf ki, bü gündə vardır. Lakin qazın, suyun, elektrik enerjisinin verilməsində subyektiv səbəblər də vardır. Belə ki, əhalinin bir hissəsinin qazın, suyun, elektrik enerjisinin pulunu ödəməməsi həmin səbəblərdən biridir.

Təssüflə qeyd etmək istəyirəm ki, indiyə qədər şəhər bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların təsdiq olunmuş xəritəsi, əksər şəxsi evlərin şəhadətnamələri yoxdur.

Şəhərin təmizliyi də bələdiyyəmizin gündəlik məşğul olduğu məsələlərdəndir. Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyi, rayon kommunal müəssisəsi ilə birlikdə Kür çayı sahili ərazilər gündəlik zibillikdən təmizlənməsinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən Kür çayı sahilinə zibil tökülməsi davam edir.

Bundan başqa RİH-i tərəfindən ayrı-ayrı obyektlərin tikintisinə sərəncam verilərkən, obyektlərin 5 metr raidusda təmiz saxlanması sahibkarlara tapşırılmasına baxmayaraq, həmin ərazilərin ayrı-ayrı şəxslər tərəfindən zibillənməsi davam edir.

Rayon sanitar-epidomoloji mərkəzindən xahiş olunur, həmin vətəndaşlar haqqında müvafiq tədbir görsünlər.

Şəhər qəbristanlığında RİH-i və şəhər bələdiyyəsi tərəfindən mütəmadi olaraq abadlıq-təmir işləri aparılır. Qəbristanlıqda abadlıq işlərinin görülməsi məqsədilə bələdiyyə tərəfindən oraya işçi-nəzarətçi təyin olunmasına baxmayaraq  ayrı-ayrı vətəndaşlar qəbristanlıqda mal-qara otarır, məişət tullantıları ilə zibilləyirlər ki, bu da dözülməz haldır.   

Bu gün rayonumuzda, o cümlədən Salyan şəhərində  icra başçısı T. Kərimovun rəhbərliyi nəticəsində gedən abadlıq-quruculuq işlərini görməmək və qiymətləndirməmək sadəcə insafsızlıq olardı. Biz də şəhərimizin daha da abadlaşmasında və sosial məsələlərin həllində hörmətli başçımız T.Kərimovun köməkliyi və qayğısı nəticəsində öz işlərimizi qurur və bundan sonra da var gücümüzü əsirgəməyəcəyik.

                                                 Vaqif Hüseynov 

                 Salyan bələdiyyəsinin sədri 

ŞƏRHLƏR