"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ədliyyə Nazirliyi tərəfindən şəhid ailələrinə diqqət və qayğı göstərilir

--2022-09-16 / 15:35
Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə, xüsusilə şəhid ailələrinin və qazilərin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tələbləri Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.
Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov tərəfindən sentyabrın 16-da Zaqatala rayonunda Zaqatala, Balakən, Qax və digər bölgələrdən olan vətəndaşların qəbulu keçirilib.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, xüsusilə Vətən müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılıb, ədliyyə fəaliyyəti ilə bağlı qaldırılan məsələlərin bəzilərinin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, digərləri isə araşdırılması üçün nəzarətə götürülüb və müvafiq tapşırıqlar verilib.
Bölgə sakinləri dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, ölkə Prezidentinin tapşırıqlarına əsasən yerlərdə belə qəbulların təşkilindən məmnunluqlarını bildiriblər.
Səfər zamanı nazir bölgənin ədliyyə qurumlarının və məhkəmələrin iş şəraiti ilə tanış olub, vətəndaşların, xüsusilə dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrinin və qazilərin müraciətlərinə daim həssas münasibət bəslənilməsi, layiqli xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələr verib, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.
Müşavirədə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən nazir ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbə qazanan ölkəmizin bölgədə davamlı sülhün daim tərəfdarı olduğunu vurğulayıb, Ermənistan tərəfinin isə təxribatlara əl atmaqla sülh prosesini əngəllədiyini bildirib.
Qeyd edib ki, Ermənistanın hələ də işğalçı qüvvələrini torpaqlarımızdan çıxarmaması, azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinə və soydaşlarımızın təhlükəsiz qayıdışına mane yaratmaq üçün ərazilərimizi minalamaqda davam etdirməsi beynəlxalq hüququn norma və prinsiplərinin, imzalanmış üçtərəfli bəyanatların tələblərinin kobud surətdə pozulmasıdır.
Nazir Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısının qətiyyətlə alındığını vurğulayaraq hərbçilərimizin şücaətindən və fədakarlığından bəhs edib, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.
Səfər çərçivəsində ədliyyə naziri F.Məmmədov bölgədən olan şəhid ailələrinə baş çəkərək onlara dərin hüznlə başsağlığı verib, qayğıları ilə maraqlanıb. Şəhidlərimizin məzarları ziyarət olunaraq gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib.
Ədliyyə Nazirliyi 
ŞƏRHLƏR