"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ədliyyə naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

--2023-02-06 / 15:58

Fevralın 6-da ədliyyə naziri Fikrət Məmmədov Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma ilə görüşüb.

Azərbaycan və Macarıstan arasında dərin tarixi köklərə malik əlaqələrdən bəhs edən nazir əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlətimizin başçısı cənab İlham Əliyevin və Macarıstanın Baş naziri cənab Viktor Orbanın dostluq münasibətlərinin və qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulayıb, əlaqələrimizin geniş müqavilə-hüquq bazasına əsaslandığını, o cümlədən Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Memorandum imzalandığını bildirib.

Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin surətlə inkişafı etdiyini bildirən səfir Azərbaycan Prezidentinin Macarıstana yenicə səfərini, ölkə rəhbərliyi ilə, o cümlədən uzun illərdən bəri dostluq münasibətlərində olduğu Baş nazir ilə səmimi görüşünü qeyd edərək, əməkdaşlıq üçün geniş imkanların açıldığını vurğulayıb. Qonaq iki ölkə arasında dialoqun və təcrübə mübadiləsinin tərəflər üçün faydasını qeyd edərək, əlaqələrin dərinləşdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Nazir ötən il diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunduğunu vurğulayıb, hüquqi əməkdaşlıqdan bəhs edərək ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin önəmi barədə danışıb, hər iki dövlətin iştirak etdiyi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa toxunub və Türkiyədə çoxsaylı insan tələfatı və dağıntılarla nəticələnən zəlzələnin baş verməsini kədərlə ifadə edib.

Görüşdə Vətən müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Böyük Qələbəmizlə torpaqlarımızın işğaldan azad olunduğu, bununla 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin ən ümdə vəsiyyətinin reallığa çevrildiyi vurğulanıb. Torpaqlarımızın sürətli bərpasından, ərazilərimizin Ermənistan tərəfindən büsbütün minalanmasından bəhs olunaraq, bununla bağlı hazırlanmış xüsusi broşür qonağa təqdim edilib, minatəmizləmə prosesində Macarıstanın dəstəyi qeyd olunub.

Səfir nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

 Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

ŞƏRHLƏR