"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ədliyyə Akademiyasının təşkilatçılığı ilə distant formada beynəlxalq elmi-praktiki konfrans keçirilib

--2020-06-24 / 13:42

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Martin Lüter adına Halle-Vittenberg Universiteti, Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli hüquq İnstitutu, Moskva Dövlət Universiteti, Ural Dövlət Hüquq Universiteti ilə birgə "Rəqəmsal mühakimə dövründə məhkəmə təcrübəsinin formalaşması problemləri" mövzusunda distant formada beynəlxalq elmi-praktiki konfrans keçirilib.

COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi nəzərə alınaraq videokonfrans formatında keçirilmiş tədbirdə 100-dən çox nümayəndə, o cümlədən ölkəmizin ali, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, Vəkillər Kollegiyasının üzvləri, həmçinin Ədliyyə Akademiyasında ilkin uzunmüddətli tədris kursu keçən hakimliyə namizədlər iştirak ediblər.
Konfransda təhsil müəssisələrinin professor-müəllim heyətinin, Azərbaycan Ali Məhkəməsinin və Hamburq Torpaq Məhkəməsinin hakimlərinin mühazirələri dinlənilib.
Tədbirdə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarından bəhs olunub, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamının icrası çərçivəsində həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi ilə bağlı görülən işlərə toxunulub.
Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatlarının dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizmləri ilə bağlı qanunvericiliyin təkmilləşdirildiyi qeyd olunub.
Bildirilib ki, yeni qanunvericiliyə əsasən Ali Məhkəmənin bu təcrübəni formalaşdırmaq vəzifəsi "Məhkəmələr və hakimlər haqqında" Qanunda birbaşa təsbit olunub, Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahların əhəmiyyəti artırılıb, həmin izahlardan fərqli qərarların qəbul edilməsinin konkret hüquqi nəticələri müəyyən edilib, Məhkəmə-Hüquq Şurasının 29 fevral 2020-ci il tarixli Qərarı ilə "Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası" təsdiq olunub.
Ölkəmizdə qısa müddətdə görülən bu tədbirləri maraqla qarşılayan xarici ölkələri mütəxəssisləri vahid məhkəmə təcrübəsinin formalaşması prosesində qanunvericiliyin sabitliyinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin vacibliyini, ədalət mühakiməsi sahəsində rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıblar. Xüsusi olaraq bildiriblər ki, ədalət mühakiməsi sahəsində elektron texnologiyaların tətbiqi məhkəmə təcrübəsinin vətəndaşlar üçün əlçatanlığını təmin edir, məhkəmədə qanunvericiliyin və məhkəmə qərarlarının axtarışını asanlaşdıraraq onların sistemli ümumiləşdirilməsi işinə xidmət edir.
Eyni zamanda, məruzəçilər tərəfindən beynəlxalq səviyyədə vahid məhkəmə təcrübəsinin formalaşmasında yuxarı instansiya məhkəmələrinin rolu və məhkəmə hakimiyyətinin müstəqilliyi məsələləri işıqlandırılıb, məhkəmə sənədlərinin tərtibatı sahəsində mütərəqqi Avropa təcrübənin öyrənilməsinin əhəmiyyəti qeyd olunub, maraq doğuran mövzularda faydalı fikir mübadiləsi aparılıb.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

ŞƏRHLƏR