"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Daha bir adsız parkın problemləri haqqında

--2019-09-01 / 18:25

Bakı parklarıyla bağlı növbəti yazını oxucuların diqqətinə çatdırıram. Budəfə haqqında söhbət açacağımız park paytaxtın Nəsimi rayonu ərazisində olan bir tərəfdən Vaqif və Ənvər Qasımzadə küçələri, digər tərəfdən Mirəli Qaşqay və Çeyhun bəy Hacıbəyli küçələrinin kəsişməsində yerləşən adsız parkdır.

Parkda son dəfə təmir-bərpa işləri 2009-2010-cu illərdə aparıldığı deyilir. Həmin vaxt parkda tamet döşənməsi həyata keçirilmiş, yeni fəvvarə quraşdırılmış, işıqlandırma sistemi yenilənmiş və çoxsaylı “Eldar şamı” və küknar ağacları əkilmişdir. Həqiqətən həmin ağaclar parka bu gün ayrı bir gözəllik verir. Həm ərazinin oksigenlə təmin edilməsində, həmdə gözəllik baxımından. Bununla yanaşı parkın düzbucaqlı formada olması burada səhər və axşamları ətraf ərazidə yaşayan sakinlərin sanki bir gəzinti yerinə çevirib. Maraqlıdır ki, bəzən Nəsimi RİH rəsmilərinində məhz bu parkda piyada hərəkət etdiklərinin şahidi olmuşam. Bu gün ərazidə qoyulan çoxsaylı oturacaqlar parka istirahətə gələnlərin sayını arıtrıb, ağsaqqal və ahıl yaşda olan insanların necə həvəslə şahmat oynamalarına da bir növ şərait yaradıb.

Ancaq bu parkla bağlı müsbət məqamlardır. Lakin parkın diqqəti çəkən problemli tərəfləri də vardır.

Birincisi işıqlandırma ilə bağlıdır. Parkda gecə işıqlandırması sıfır həddindədir. Axşamlar hərəkət etməyə açığı ehtiyat edirsən. Baxmayaraq ki, təmir vaxtı əraziyə çoxsaylı işıq dirəkləri quraşdırılmışdır. Bu məsələni diqqətdə saxlamalı olan “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi nəyi gözləyir maraqlıdır. Hər halda istirahətə gələnlərin əksəriyyətiylə söhbətimdə bu məsələnin ciddi olduğunu diqqətə çatdırdılar.

İkinci məsələ ərazidə quraşdırılan fəvvarə ilə bağlıdır. Sözün həqiqi mənasında fəvvarənin bu gün sökülüb-dağılımış vəziyyətdə olması hər kəsi ciddi narahat etməlidir. Müasir üslubda inşa edilən, daxilində mozakia ilə örtülən fəvvarənin işlək vəziyyətdə olmaması təəsüf hissi doğurur.

Üçüncü problemli məsələ isə ərazinin qazon örtüyünün tam şəkildə olmamasıyla bağlıdır. Bəzi köhnədən əkilmiş ağacların vaxtında budanmaması və yaşıl ot örtyüyünün lazımı səviyyədə olmaması da sözsüz ki hər kəsi narahat edir.

Qeyd edim ki, parkdakı problemlərin aradan qaldırılması elə də ciddi maliyyə vəsaiti tələb etmir.

İnanıram ki, adsız parkın mövcud durumuyla bağlı qısa şəkildə qeyd edilən problemləri Nəsimi RİH, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti “üstörtülü şəkildə yola” verməyəcək və mövcud problemin həllini nəzarətdə saxlamaqla aradan qaldırılması istiqamətində addımlar atacaqlar.

Sonda bu məqamı da qeyd edim ki, bu gün turizm və beynəlxalq səviyyəli idman oyunlarının mərkəzinə çevrilən Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində belə problemli parkın olmaması üçün ilk növbədə Nəsimi RİH daha təşəbbüskar olmalıdır.

https://www.youtube.com/watch?v=h0GHEXB43M4&feature=youtu.be

Vüqar Tofiqli

ŞƏRHLƏR