"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Çıraq-Qala-nın altı

--2019-04-16 / 19:03

Vüqar Tofiqli

 Uzun illərdən bəri niyyət etdiyim bir arzumu mənə bu günlərdə gerçəkləşdirmək qismət oldu. Hər dəfə Qubaya yolum düşəndə   “Beşbarmaq” dağını keçəndən sonra sol tərəfdə uzaqdan görünən möhtəşəm qala diqqətimi çəkirdi. Dəniz səviyyəsindən 1232 metrlik hündürlükdə inşa edilən qalanı ziyarət etmək üçün mənə Bakıdan 125 kilometrlik məsafəni qət etmək lazım gəldi. Xöşbəxtlikdən havanın xoş və mülayim keçməsi arzumun reallaşmasına bir növ şərait yaratmış oldu.

Beləliklə, maşınla Qalaaltı kəndinə, oradan isə “Niva” ilə qalanın ziyarətinə yollandım. 120 kilometrlik məsafəni bir saata qət etsəmdə, təxminən beş kilometlik   məsafəni qət etmək üçün 20 dəqiqədən artıq vaxtımız getdi. Qısası deməlyiəm ki, Qalaaltı kəndindən qalaya tərəf gedən ərazidə yerləşən Şabran və Siyəzənin bir neçə kəndinin yolu buradan keçir. Qış aylarında bu yolla yüngül maşınların hərəkəti mümkünsüzdür. Bələdçim Fariz deyir ki, yalnız may ayının əvvəlində, yağış mövsümü başa çatdıqdan sonra Şabrandan gətirilən qrederlə yolda yüngül hamarlama işləri aparılır. Bu addımda ildə bir dəfə olmaqla həyata keçirilir. Nə isə mətləbdən uzaqlaşmayım. Sonda onsuzda bu məsələyə ayrıca toxunacağam.

Maşınla qalaya gedən çığıradək gəldik, sonra isə bələdçimiz Farizin köməyi ilə 600 metrlik yolu bir göz qırpımında adladıq. Maraqlı idi ki, cığır düz qayanın ortasından keçən dərin yarğana bənzər yoldan keçirdi. Deyim ki, çığırdan keçəndə ehtiyatla davranmasan, dərəyə yuvarlana bilərsən.

Qalanın onmetrlik məsafəsindəyəm. Bir neçə dəqiqə ilk dəfə gördüyüm qalanın seyrinə daldım. Açığı deməliyəm bir anlıq özümü Şuşada hiss etdim. Şuşanında öz qalası və möhtəşəm bürcləri var idi. Şuşa qalası da möhtəşəm dağ üzərində inşa edilmişdi. Şuşanında üç tərəfi sıldırım qayalıq idi. Çiraqqaladakı kimi. Fərq ondaydı ki, Çiraqqala VI əsrdə, Şuşa isə 1750-ci ildə salınmışdı. Digər bir fərq isə Şuşanın şəhər kimi, Çiraqqala isə müşahidə məntəqəsi kimi salınmasıydı. Başqa bir fərq isə Şuşanın gursulu olması və mineral bulaqlarla zəngin olmasıydı. Ağdamdan Şuşaya olan 30 kilometrlik məsafədə onlarca bulaq olduğu halda, bunu ziyarətində olduğum məkan haqqında demək olmazdı. Mən hələ Abdal-Gülablıdakı, Malıbəylidəki, Xəlfəlidəki saysız-hesabsız bulaqları demirəm.

Coğrafi relyefdə isə deyərdim eyni idi. Özümü tox tutub, ələ almağa çalışdım. Bələdçim isə özünü darıxdırmır, mənə hər an diqqətli olmağımı deyirdi. Nazik xətt boyunca yerləşən təhlükəli ərazini keçib, qalaya yaxınlaşıram. Qalın və hündür divarlar bu gündə möhtəşəm görünürdü. Qalanın ətrafına doğru hərəkət etdim. Qalanın salamat qalan bürcünə yaxınlaşıb yuxarı baxanda isə özümü təhlükə ilə az qala üz-üzə qaldığımı hiss etdim. Qaya parçasının üzərində oturanda isə elə bildim “Cıdır” düzündə oturub Topxana meşəsini seyr edirəm. Çıraqqalanında öz “Topxanası” var. Keçi yaylağı deyirlər...

Bələdçimin səsi məni xəyalımdan ayırdı. Artıq sanki bir yüngüllük tapmışdım. İlahi bir qüvvə mənə əlavə bir güc vermişdi. Geri qayıdanda bu hündürlüyü necə qalxdığımı düşündüm. Yəqin ki, bu da allahın bir sirri idi...

Mənəvi rahatlıq tapmışdım. Uzun illərdən bəri niyyət etdiyim bir arzunu gerçəkləşdirmişdim axı.

“Qalaaltı” otelinə qayıdıram. Yol boyu düşüncələrim məni qalanın keçə bilmədyim hissələrinə aparır. Əsrlər boyu bu qala divarı neçə-neçə insanın gələcək taleyində öz rolunu oynayıb, dadına çatıb. Qala divarının qalınlığı, salamat qalmış hissələrdə hər hansı nəmişliyin belə olmaması diqqətimdən yayınmadı. Çıraqqala hava şəraitindən asılı olmayaraq indiyədək yüzlərcə sərt qışı yola verib. Dözüb, dayanıb və bu günədək sağ-salamat gəlib çıxıb.

Bu, qısa şəkildə olsa da, qalaya səfərim haqqında ilk təəssüratım idi.

 

***

Mənəvi cəhətdən rahatlıq tapsamda, beş kilometrlik yolun dərəli-təpəli olması yox, daha çox tozlu-torpaqlı və keçilməz olması məndə narahat hisslər yaşatdı. Təsəvvür edin ki, kənd sakinləri bu yolu hər gün dəfələrlə keçməli olurlar.

Maraqlı məqam bir də ondadır ki, Məşrif kəndi və bu inzibati əraziyə aid Daşlı Çalğan kəndi, Orta Çalğan kəndi, Qalaaltı kəndi, Qərəh kəndi, Qozağacı kəndləri Siyəzən rayonuna aid edilsə də, Qalaaltı kəndinə bitişik olan sanatoriya və Çıraqqala Şabran rayonunun inzibati ərazisinə aid edilib.   Şabrannın dağlıq kəndlərinə və Qalaya yol Siyəzən ərazisindən keçir. Sözsüz ki, vaxtı ilə ərazi bölgüsündəki yalnışlıq nəticə etibariylə bu gün idarəetmyə də öz təsirini göstərir.

Mən Siyəzən və Şabran rayonunu bir birindən ayırmaq istəməzdim. Çünki müxtəlif zaman kəsiyində ölkəmizdə rayonların birləşdirilməsi və ayrılması prosesi gedib. Siyəzən rayonuda ilk dəfə 1940-cı ilin fevral ayının 11-də təşkil edilsədə, sonradan 1959-cu ilin dekabr ayının 4 - də ləğv edilərək keçmiş Dəvəçi rayonunun tərkibinə qatılıb. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə 1992-ci il aprel ayının 2-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olunub.

 

***

İndi isə ərazidə diqqəti çəkən bəzi məsələlərə toxunmaq istərdim. Keçmiş Qalaaltı sanatoriyasının yerində inşa edilən “Qalaaltı otel və SPA” mərkəzi inşa edilərəkən əsas məqsədlərdən biri də əraziyə turist cəlb edilməsiylə bağlı idi. Bunun üçün dövlət səviyyəsində 20 kilometrlik yeni asfalt yolda salındı. Bu gün müalicə kompleksində istirahət edənlər arasında kifayət qədər xarici ölkə vətəndaşına rast gəlmək olar. Əsasən Rusiya, Ukrayna və Ərəb ölkələrindən çoxsaylı turistlərin gəlişinə bizdə şahid olduq. Demək bununla qarşıya qoyulan əsas məqsədə bir növ çatmışıq. Lakin bəzi problemlərin yaranması bizdə təəssüf hissi doğurur.

Siyəzəndən Qalaaltına gedən yol yuxarıda söylədiyim kimi əsaslı təmir edilsə də, ərazidə olan çayın yatağında çoxsaylı daş karxanalarının yaradılması və ağır tonnajlı yük maşınlarının yolda hərəkəti yeni çəkilmiş yola ziyan vurması ciddi faktdır. Bundan əlavə olaraq bir neçə il əvvəl Qalaatlı kəndindəki sanatoriyanın girişində, həm bulaq kompleksinin yaradılması və uşaq meydançasının quraşdırılması göz oxşasa da, bu gün öz əllərimizlə yaratdığımız gözəlliyi özümüz sıradan çıxaırırıq. Üstəlik ərazidə çoxsaylı zibil tullantılarının atılmasını da özümüzdən başqa heç kim etmir. Məşrif kəndinədək olan iki kilometrlik əraziyə quraşdırılan işıq dirəklərinin heç birində bu gün küçə işıqlarının yanmaması təssüff doğurur. Üstəlik Məşrəf kəndindən sanatoriyayadək olan hissədə kortəbii iaşə obyektlərinin olması da kənardan çox zövqsüz gorünür. İstər-istəməz gələn turistdə ölkəmiz haqqında yaxşı fikir yaratmır.

Əlavə edim ki, sakinlər  daha çox bu rayonda icra başçısı işləmiş Arif Qasımovun bu rayondakı fəaliyyətindən, ərazini ciddi nəzarətdə saxlamasından yaxşı mənada ağızdolusu danışırlar.

***

2003-cü ildə “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında Prezident sərəncamı var. Sərəncama əsasən, Çıraqqala tarixi abidə-kompleksi tarix-memarlıq qoruğu elan edilib. Düzdür, dövlət üzərinə düşən işi yerinə yetirib. Bəs digər mərkəzi və yerli icra orqanları hansı adımlar atıblar? Görünən odur ki, hər hansı addım atılmayıb. Atılıbsa da hiss olunmur.

Bu gün qədim abidəyə gedən yolda kortəbii şəkildə iaşə obyektinin və yaşayış evinin tikintisinə müvafiq nazirliyin bəlkədə göz yumması, ölkə başçısı qarşısında qədim tariximizin təbliğiylə bağlı təkliflərin verilməməsi tək məni yox, yəqin ki, hər kəsi narahat etməlidir. Bu abidə ətrafında ziyarətin təşkili, bunun üçün infrastrukturun yaradılması, abidədə konservasiya işlərinin aparılmasına çəkilən xərcin az vaxt ərzində geri qayıdacağına inanıram. Bu gün  sanatoriyaya gələn hər kəsin əsas fikrindən biri məhz bu qalanı yaxından seyr etməkdir. Şəxsən özüm ziyarət vaxtı, ortayaşlı Rusiya vətəndaşının qalanın ziyarətindən qayıtdığının şahidi oldum.

Sakinlər söylədilər ki, köhnə sanatoriya vaxtı bir başa cığırla yüksəkliyə qalxmaq üçün ərazidə cığır var idi. Yeni kompleks inşa ediləndən sonra o cığır təhlükəli olduğundan bağlandı. Bununla yanaşı ərazidə iki müalicə əhəmiyyətli su çıxır. Biri hazırda istifadə edilən mineral su, digəri isə neft mənşəli su. Bunların hər ikisinin müalicə əhəmiyyətli olması tam şəkildə öyrənilməlidir.

***

Beləliklə, biz həm qədim mədəni irsimizi qorumalı, təbliğ etməli və gələcək nəslə tam-dürüst formada çatdırmağa borcluyuq. Bunun üçün hər hansı Prezident sərəncamını gözləməli deyilik, sadəcə tutduğu vəzifədən asılı olmayaraq bütün məmurlar vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyə çalışmalıdır.

ŞƏRHLƏR