"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bizim Məkan - Qala və Mərdəkan” Adlı fərdi sərgi təşkil olundu

--2022-11-16 / 13:48

Mərdəkan bələdiyyəsi Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun Mərdəkan Mədəniyyət Sarayında fərdi sərgisini təşkil etmişdir.

Sərgidə rəssamın Qala və Mərdəkanın məişət, təsərrüfat və mədəni-tarixi həyatına həsr olunmuş 40-dək rəsm əsərləri ilk dəfə nümayiş etdirilmişdir.

Xalq rəssamı Əşrəf Heybətov – YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri”, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, “Dünya xalqları incəsənəti”. Azərbaycanın xalq rəssamı RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Eyni zamanda dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Sərgidə Milli Məclisin depudatı Qənirə Paşayevanın mədəniyyət məsələləri üzrə məsləhətçisi ədəbiyyatşünas Ə.Yolçuyev çıxışında Azərbaycan mədəniyyətindən, o cümlədən, Abşeronda doğulub boya-başa çatan sənət elm adamlarının fəaliyyətindən, həmçinin rəssam Əşrəf Heybətovun yaradıcılığından ətraflı söhbət açmışdır. “Bizim Məkan-Qala və Mərdəkan” albomunun ön söz müəllifi professor Təvəkkül Səlimov uzun illər ərzində Almaniyada yaşamasına baxmayaraq, ürəyi doğma yurd həsrətilə döyünən Əşrəf Heybətovun vətənpərvər sənətçi olduğunu, bədii əsərlərinin tarixi-etnoqrafik dəyər daşıdığını xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, o Azərbaycanı xaricdə təbliğ edən ləyaqətli mədəniyyət və incəsənət xadimlərindən biridir.

Alim bildirmişdir ki gələcəkdə yarımadanın digər yaşayış yerlərinin də rəsmlərini çəkib təqdim edərsə, bu onun böyük xidməti olar.

Xalq artisti Rasim Balayev öz fikir, mülahizə və arzularını yaxın dostu olan Əşrəf Heybətovun diqqətinə çatdırmışdır.

Qeyd edək ki, çıxış edənlər rəssamın mədəniyyət, incəsənət və tarixi əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda, tərbiyəsində, milli-mənəvi dəyərlərin formalaşması və daha da inkişafı yönündə əhəmiyyətli rola malik olmasını xüsusi vurğulamışlar.

Daha sonra yaradıcılıq fəaliyyətinə görə, Xalq rəssamı Əşrəf Heybətov Xəzər rayon Ziyalılar Cəmiyyəti tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışdır. Xəzər rayon Ağsaqqallar Şurası Əşrəf Heybətovu özünün rəsmi Fəxri üzvü elan etmişdir.

Sonda Xalq rəssamı Əşrəf Heybətov Mərdəkanın tarixi abidələrinin rəsminin işıq üzü görməsində Mərdəkan bələdiyyəsinə göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirdi.

 Xəzər rayon Mərdəkan bələdiyyəsi

 

ŞƏRHLƏR