"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Birlik və həmrəyliyi səciyyələndirən “Dəmir yumruq”

--2022-11-02 / 18:32
44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən amillərdən bəhs edərkən birliyimizi, həmrəyliyimizi xüsusi qeyd edirik. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları, siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini onun ətrafında sıx birləşməklə ifadə etdilər. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar.
Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır.
Qeyd etdiyimiz kimi, 44 günlük İkinci Qarabağ müharibə birliyimizi, həmrəyliyimizi, hər bir əsgərimizin Vətən sevgisini ortaya qoydu. Ayrı-ayrı şəhərlərdən, rayonlardan, kənd və qəsəbələrdən torpaqlarımızın işğaldan azad edilməsi üçün səfərbər olub, silaha sarılan oğullarımızın hər biri özünəməxsus bir salnamə yazdı. Hər birinin torpaqlarımızın işğaldan azad olunmasında öz payı var. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçən oğullarımız ən yüksək zirvəyə- şəhidlik zirvəsinə yüksəldilər.
Dövlət başçısı İlham Əliyev daim xalqa müraciətlərində qələbənin qazanılmasında əsgərlərimizin rolunu önə çəkərək müharibədən sonra birinci xanım Mehriban Əliyeva ilə ilk görüşünün 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə olmasını belə əsaslandırmışdır ki, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim: “Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar.”
Prezident İlham Əliyev müsahibələrində bu fikri xüsusi qeyd edir ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsi oldu. Ölkəmizin möhtəşəm qələbəsi ilə başa çatan döyüşlər Ali Baş Komandan İlham Əliyevin çevik və qətiyyətli rəhbərliyi altında, xalqımızın möhkəm birliyi və həmrəyliyi, orduya göstərdiyi hərtərəfli dəstək şəraitində 44 gün davam etdi, Qarabağ 30 illik işğaldan xilas edildi. Prezident İlham Əliyevin müharibənin gedişi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin “Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualına cavabı Prezident-xalq-ordu birliyinin, həmrəyliyinin, həmçinin torpaq, Vətən sevgisinin təqdimatı oldu. Suala cavabında Müzəffər Ali Baş Komandan bildirmişdir ki, ən çox kədərləndirən bizim itkilərimizdir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Onların hamısı bizim soydaşlarımız, övladlarımız, qardaşlarımızdır. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir: “Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir. Niyə sən bu mülki şəhəri atəşə tutursan? Bax, o dəfn mərasimi olsun. Bu gün səhər iki saat ərzində 200-dən çox mərmi atıldı. Niyə? Tərtərdə nə var? İnsanlar yaşayır. “Gəncənin bombalanması məğlubiyyətə məhkum olan düşmənin acizliyi idi”. Gəncə şəhəri 2020-ci ilin oktyabr ayında ardıcıl olaraq 5 dəfə (!) raket qurğuları ilə atəşə tutuldu. Gəncənin bombalanması hərbi cinayət idi. Yəni, bu erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi köçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.”
Dövlət başçısı İlham Əliyevin həmin dövrdə xarici mətbuata 30-dan artıq müsahibəsinin hər biri bugünümüz və gələcəyimiz üçün zəngin mənbədir. Azərbaycan xalqının fədakarlığı bir daha göstərdi ki, biz böyük xalqıq. Birliyimiz bizi daha da gücləndirdi. Azərbaycanın tarixində yeni səhifə başlanıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Necə ki, Vətən müharibəsi dövründə hər bir vətəndaşımız istər media sahəsində, istər qələbəyə inamın təbliğatı, istərsə də öz duaları ilə əlindən gələni əsirgəmədi, həmçinin də indi azad edilmiş torpaqların dirçəldilməsində və onlara yeni nəfəs gətirilməsi prosesində hər kəs fəal iştirak etməlidir.
Qoşqar Məmmədov 
Gəncə Şəhər Nizami Bələdiyyəsinin Sədri,
YAP Gəncə Şəhər Təşkilatının ƏPT-ın Sədri 
ŞƏRHLƏR