"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş Yasamal sakinlərinin xatirəsinə həsr olunan memorial kompleksin açılışı olub

--2021-11-30 / 17:29
Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş Yasamal sakinlərinin xatirəsinə həsr olunan memorial kompleksin açılışı olub
Bu gün Yasamal rayonunda Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş Yasamal sakinlərinin əziz xatirəsinə həsr olunan memorial kompleksin təntənəli açılışı olub. Xatirə kompleksinin üzərində 339 şəhidin adı və soyadı əks olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Yasamal sakinlərinin bir çoxu 90-cı illərin əvvələrində, digər qismi isə 2020-ci ilin Vətən Müharibəsində həlak olublar.
Açılış mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclis Sədrinin müavini Adil Əliyev, millət vəkilləri, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ali məktəb rəhbərləri, ziyalılar, şəhidi ailələri, qazilər, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə dövlət himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra fəxri qarovulun müşaiyəti ilə xatirə kompleksi önünə əklil və tər güllər qoyuldu.
Hazırlanmış layihəyə uyğun olaraq ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri aparılıb, əraziyə xüsusi daşlar döşənilib, işıqlandırma sistemi təzələnib, mövcud yaşıllıqlar bərpa edilib, ağaclar və mövsümi gül-çiçəklər əkilib, yeni oturacaqlar quraşdırılıb.Xatirə kompleksində bulaq inşa edilib.
Açılış mərasimində çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, bu xatirə kompleksi şəhidlərin ruhuna bir ehtiramdır. Qeyd olundu ki, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, Azərbaycanın Vətən müharibəsində zəfəri Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və əzmi, şəhid və qazilərin cəsarəti sayəsində əldə olundu.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Bakı Dövlət Unversitetinin rektoru Elçin Babayev,Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi hacı Şahin Azərbaycan ordusunun tarixi zəfərindən söz açdılar.Mərasimdə çıxış edən şəhid ailələri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirdə çıxış edən natiqlər şəhidlərin hər zaman Azərbaycan xalqının milli yaddaşında yaşayacağını vurğuladılar.Tədbir şəhid övladlarının bədii kompozisiyası ilə başa çatdı.
Tədbirdə bir məqamda xüsusiylə  vurğulanıb ki, monumental xatirə kompleksi Yasamal RİH-in təşəbbüsü və Yasamal bələdiyyəsinin yaxından iştirakıyla istifadəyə verilib.
Yasamal Rayon İcra Hakimiyyəti 
ŞƏRHLƏR