"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bir daha mədən vergisi haqqında: MİLLİ MƏCLİSİN REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN ÜZVLƏRİNƏ

--2021-11-25 / 06:22

Açıq etiraf edim ki, mədən vergisinin istiqamətinin dəyişdirilməsi mənim üçün gözlənilən idi. Çünki son illərdə bələdiyyə sədrlərinin israrlı təkidi və regional ədliyyə idarələrinin dəstəyi ilə bu vergi növünün tətbiqində və əldə edilən gəlirlərin həcmində bir xeyli artım müşahidə olunurdu.

Lakin bu sahədə xeyli vergi konkret olaraq ya fiziki şəxslər tərəfindən verilmirdi, ya da ümumiyyətlə bələdiyyənin bildirişlərini heçə sayaraq güvəndikləri insanlara görə qəbul edilmirdi. Başa düşüləndi. Çünki mövcud daş karxanalarının böyük əksəriyyəti məhz icra başçılarına, ya da hansısa yüksək ranqlı məmura bağlı olduğundan bələdiyyə sədrləri onun heç həndəvərinə belə yaxınlaşa bilmirdilər. Nə isə. Sözüm onda deyil.

Sözüm ondadır ki, dünən Milli Məclisin Plenar iclasında mədən vergisinin istiqamətinin dəyişdirilməsi məsələsinin müzakirəsi zamanı Regional məsələlər Komitəsinin heç bir üzvü bununla bağlı bir təklif irəli sürmədi. Əksinə bələdiyyələri yenə borclu çıxarıb, guya bələdiyyələr bu vergi növündə cəmi 300-500 min manat vəsait topladıqlarını dilə gətirdilər.

Dövlət Statitika Komitəsinin son dörd ilə olan məlumatlarıyla tanış olaq: bələdiyyə büdcəsinə 2017-ci ildə 393.800, 2018- ci ildə 466.000, 2019-cu ildə, 1.198.000, 2020-ci ildə isə 969.300 manat mədən vergisi daxil olub. Göründüyü kimi, bu vergi növünün yığımında kifayət qədər artım olub.

Biz hər hansı formada bu vergi növünün istiqamətinin dəyişdirilməsinin əleyhinə deyilik. Əksinə tərəfdarıyıq. Niyə? Ona görə ki, indiyədək bələdiyyələri saya salıb vergi verməyənlər artıq bundan sonra qaça-qaça vergilərini ödəyəcəklər. Milli Məclisin, xüsusəndə Regional məsələlər komitəsinin üzvlərindən umacağımız o idi ki, bu vergi növü əgər bələdiyyələrdən alınırsa bunun qarşılığında bələdiyyələrin hansısa bir probleminin həlliylə bağlı təklif versinlər. Ya da ki, bələdiyyə ərazisində olan daş karxanalarından alınan vergilərdən o ərazidəki bələdiyyələrin hesabına on faizdə olsa maliyyə vəsaiti ödənmiş olsun. Bunu və ya başqa bir təklifi komitə üzvlərindən hər kəs gözləyirdi. Lakin bu dəfədə susdular, danışmadılar və bələdiyyələri borclu çıxardılar. Nə isə...

Sonda bir məqamı deməyi özümə borc bilirəm. Ulu öndər Heydər Əliyevin dəstəyi və təşəbbüsü ilə yaradılan bir qurumun inkişafına hər birimiz dəstək verməyə borclu olduğumuzu bildiyimizdən nəyə görə bu qurumların fəaliyyətini öz qərarlarımızla iflic vəziyyətə gətiririk. Axı bələdiyyələrə daxil olan hər bir əlavə manat unutmayaq ki vətəndaşın probleminin həllinə yönəldilir.

Bələdiyyə sədrləri hazırlaşın belə getsə bir azdan mehmanxana rüsumlarının da istiqaməti dəyişdiriləcək.

Sonda mənə maraqlıdır, niyə Siz ola ola Fazil Mustafa, Qudrət Həsənquliyev, Razi Nurullayev bələdiyyələrin müdafiəsinə qalxmalıdır? Bəs siz hara baxırsınız?....

Yekunda komitə üzvlərindən soruşmaq istərdim, siz ümumiyyətlə yerli vergilərinizi ödəyirsinizmi?

Vüqar Tofiqli

ŞƏRHLƏR