"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

BİR ÇOX KƏND BƏLƏDIYYƏLƏRİNİN DOTASİYADAN BAŞQA GƏLİRLƏRİ OLMUR

--2022-04-05 / 19:23

BİR ÇOX KƏND BƏLƏDIYYƏLƏRİNİN DOTASİYADAN BAŞQA GƏLİRLƏRİ OLMUR

Bu gün bələdiyyələrin rastlaşdıqları cox ciddi problemlər var

Fatma Yıldırım

Milli Məclisin üzvü

Cənab Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq Azərbaycanda bələdiyyələrin normal fəaliyyəti və inkişafı üçün hüquqi, maliyyə və iqtisadi təminatlar yaradılmış, dövlət həmişə yerli özünüidarəetmə orqanlarına dəstək olmuş və hazırda da bu proses davam etməkdədir. İllik məruzədən göründüyü kimi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı müəyyən tədbirlərdə həyata keçirilmiş, qanunvericiliyin düzgün tətbiq olunması istiqamətində xeyli təkliflər verilmişdir. Məhz görülmüş işlərə görə mən də illik məruzə ilə bağlı qərar layihəsinin lehinə səs verəcəyəm. Lakin, qeyd etmək istərdim ki, bu gün bələdiyyələrin rastlaşdıqları cox ciddi problemlər var. Və istərdim ki bu çətinliklər tezliklə öz həllini tapsın.

Millət vəkili kimi mütəmadi olaraq mənə seçicilərimi narahat edən müxtəlif problemlərlə bağlı müraciətlər daxil olur və həmin müraciətlər aidiyyəti olaraq rayonda fəaliyyət göstərən bələdiyyələrə ünvanlanır. Təəsüflər olsun ki, bələdiyyələr tərəfindən vətəndaşların istəkləri yerinə yetirilmir. Hər hansı məsələ ilə kənd bələdiyələrinə müraciət etdikdə vəsaitin olmadığından və bu səbəbdən problemlərin həllinə köməklik ğöstərə bilməyəcəkləri bizə bildirilir. Rayon İcra hakimiyyətinə kənd camaatının müəyyən problemini bildirdikdə isə əsasən bu bələdiyələrin işidir, onlarin səlahiyətindədir cavabını alırıq. Nəticə etibari ilə, qaldırılan məsələlər aciq qalaraq vətəndaşlarda narazılıq yaradır.

Ilk öncə qeyd etmək istəyirəm ki, Respublikada bələdiyyələrin sayına görə Bərdə rayonu birinci yerdədir və hazırda Bərdədə 66 bələdiyyə fəaliyyət göstərir. Bəlkə də elə bələdiyyələrin fəaliyyətindəki problemlərin çoxluğuna görə də, bu rayon ölkədə birincilərin sırasındadır. Aldığımız məlumata əsasən qeyd etmək istəyirəm ki, Bərdə şəhər bələdiyyəsi də daxil olmaqla Bərdə rayonunda fəaliyyət göstərən 56 bələdiyyələrin məcburi dövlət sosial sığorta borclarına görə bank hesablarına məhdudlaşdırıcı sərəncamlar qoyulduğundan heç bir maliyyə əməliyyatı apara bilmirlər. DSMF na Rayon üzrə bələdiyələrin ümumi borcu 400 min manatdan artıqdır.Yaranan bu borclar əsasən 2005-2015-ci illərdə bələdiyyə sədri işləmiş şəxslərin məsuliyyətsizliyi və digər aidiyyati qurumların rəhbərliyinin problemin həllinə vaxtında kömək etməməsindən olub.

Acınacaqlı həm də odur ki, bir çox kənd bələdiyyələrinin dövlət büdcəsindən verilən 1700 və ya 1800 manat həcmində dotasiyadan başqa gəlirləri olmur. Elə sadaladığım bu faktlar onu deməyə əsas verir ki, rayonda fəaliyyət göstərən bələdiyyələrin mütləq əksəriyyəti nəinki yerli problemləri həll edə, hətta orada çalışan bir-iki işçinin əmək haqlarını belə ödəyə bilmirlər. Düşünürəm ki, bu problem təkcə Bərdə rayonunda fəaliyyət göstərən bələdiyyələrdə deyil, digər rayonların da kiçik, əhalisi az olan və maliyyə cəhətdən zəif bələdiyyələrində mövcuddur. Hesab edirəm ki, bu problemlərin əsaslı həlli üçün geniş müzakirələrin aparılmalı və ciddi tədbirlərin görülməsi vacibdir. Təklif edirəm bu məqsədlə, Milli Məclisin Regional məsələlər Komitəsi və Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi birgə komissiyası yaradılsın və komissiyanın işinə aidiyyatı dövlət qurumları cəlb olunsun.

Fikrimcə qeyd olunan problemlərin həlli yollarından biri kiçik bələdiyyələrin birləşdirilməsi yolu ilə onların kadr və maliyyə potensialının gücləndirilməsi və beləliklə də birləşmə nəticəsində yaranan nisbətən böyük bələdiyyənin normal fəaliyyətinin təmin edilməsi ola bilər. Beynəlxalq təcrübədə də qeyd etdiyim metodlardan geniş istifadə olunur.

Qardaş Türkiyə Respublikasında Bələdiyyə Qanununa əsasən əhalisi 5000 nəfərdən az olan ərazilərdə bələdiyyələrin yaradılması qadağan edilir. Əksər Avropa dövlətlərində əhalinin sayına aşağı məhdudlaşdırıcı say tətbiq etməklə şəhər və rayonlarda əsas inzibati vahidliklərdə az sayda güclü bələdiyyələr yaradılır və onların fəaliyyətləri əsasən qənaərbəxşdir. Zənnimcə, yaxın gələcəkdə Azərbaycanda da minimum əhali sayı tətbiq etmək və ya inzibati ərazilər üzrə islahatlarla bələdiyyələrin birləşməsi məsələsini müzakirə etmək olar.

İnanıram ki, bu gün müzakirələrdə söylənilən təkliflər yaxın vaxtlarda öz həllini tapacaq və yerli özünüidarəetmə qurumlarının fəaliyyətində ciddi dönüş olacaqdır

 

 

 

ŞƏRHLƏR