"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

BIR “ÇIXARIŞ”IN YARATDIĞI GƏRGİNLİK:

--2022-01-10 / 05:37

May ayında sökülən binaya noyabr ayında necə çıxarış verilə bilər?

 

 Bələdiyyələrin ötən ildəki fəaliyyətinə həsr etdiyim yazıda toxunduğum məqamlardan biri də bəzi mərkəzi icra orqanlarının bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə səy göstərmədikləri, habelə problemlərin həllini məqsədli şəkildə ləngidilməsi barəsində olan fikirlərim idi. Onu da əlavə edim ki, iyirmi ildən artıq bir müddətdə bələdiyyələrin fəaliyyətini izləyir, müşahidə və təhlillər aparır, habelə bu qurumların qarşılaşdıqları problemləri ictimailəşdirməklə həllinə müəyyən mənada nail oluruq.

Beləliklə,adıçəkilən yazıda (http://belediyye.info/new/details/belediyyelerin-iyirmi-ikinci-ili-hansi-hadiselerle-yadda-qaldi--6773.htm) bələdiyyələrə problem yaradan qurum kimi Əmlak məsələləri Dövlət Xidmətinin adının birinci olaraq çəkilməsi təsadüf yox, məhz zəruriətdən irəli gəlirdi. Belə ki, Əmlak məsələləri Dövlət Xidmətinin “səmərəli fəaliyyəti” nəticəsində iyirmi iki il ərzində bələdiyyələrə mülkiyyətə torpağın və əmlakın verilməsi və xüsusən də xəritələrin təqdim edilməsinin başa çatdırılmaması təəssüf doğurur. Bununla yanaşı simvolik də olsa yaradılan hərrac komissiyalarında bələdiyyələrin təmsilçiliyində yol verilən ədalətsizlik, o cümlədən hərracdan bələdiyyə büdcəsinə daxil olan vəsaitin bu və ya digər formada rüsum şəklində geri alınması bələdiyyələrə ciddi problem yaratmaqdadır. Nə isə keçək mətləbə....

Yeni ilin ilk iş günündə Nərimanov bələdiyyəsindən daxil olan məlumat bizi narahat etmiş oldu. Problemi “İNTEKS”MMC yaratmış olsa da, əsas səbəbkar Əmlak məsələləri Dövlət Xidməti yanında Dövlət Reyestr Xidmətinin atdığı addımla bağlı idi.

 

Əvvəlcə problem barəsində.  

 ***

 Dekabrın son günlərində “İNTEKS” MMC-nin sədri Cəfər Cəfərovun imzasıyla Nərimanov bələdiyyəsinə məktub daxil olur. Məktubun məzmununa keçməmiş qeyd edim ki, Nərimanov bələdiyyəsi iyirmi ilə yaxın bir müddətdə Nərimanov rayonundakı Təbriz küçəsi 10 ünvanında   fəaliyyət göstərib. Üçmərtəbəli inzibati binada əvvəllər Nərimanov təhsil şöbəsi, mənzil-kommunal istismar sahəsi və digər təşkilatlar fəaliyyət göstərib. Müəyyən dövrdə adıçəkilən təşkilatlar yerlərini dəyişdiyindən və ya ləğv edildiyindən bina istifadəsiz qalmış və 1993-cü ildən binaya məcbur köçkünlər yerləşdirilmişdi. İkinci mərtəbənin 440 kv.m-lik hissəsi isə 2003-cü ilədək uşaq bağçasında fəaliyyət göstərmiş Nərimanov bələdiyyəsinin istifadəsinə verilmişdir, sözsüz ki, müvafiq orqanların rəyi, tövsiyəsi və rəsmi razılığı ilə.

İyirmi ilə yaxın müddətdə Təbriz küçəsi 10 ünvanı Nərimanov bələdiyyəsinin həm də hüquqi ünvanı olmuşdur. Ötən dövrdə bələdiyyə bu ünvanda rabitə və kommunal xidmətlərdən istifadə etməklə vaxtlı- vaxtında ödənişlərini etmişdir. Onu da unutmayaq ki, bələdiyyə həmin dövrdə qonşuluqda məskunlaşan onlarca məcburi köçkün ailələrinə də daim diqqət göstərməyi unutmamışdır.  

Ölkə başçısının paytaxt sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində sənədə proqram üzrə həyata keçirilən layihə çərçivəsində paytaxtda 2015-ci ildən pilot layihələrin icrasına başlanıldı. Belə bir məqamda Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı və Nərimanov rayon İcra Hakimiyyəti başçısının 430 saylı, 12.12.2016-cı il tarixli sərəncamı əsasında adıçəkilən küçədəki ünvanın aid olduğu məhəllə yaşayış kompleksinin insaşı üçün “İNTEKS” MMC-nin sərəncamına verildi.

Tikinti şirkətinə gəlincə isə qeyd edim ki, özlərinin yayımladığı məlumatlara inansaq 17 sentyabr 2002-ci il tarixində “FRY İNŞAAT” adı ilə fəaliyyətə başlayan “İNTEKS” MMC 27 oktyabr 2006-cı ildən öz yeni adı ilə Azərbaycanın tikinti sektorunda özünəməxsus yerə malikdir. Paytaxtdakı uğurlu tikinti işləri ilə yanaşı (GREEN PARK) “İNTEKS” MMC Azərbaycan Respublikasının regionlarında sosial-iqtisadi inkişaf Dövlət proqramını rəhbər tutaraq Gəncə şəhərində də ilk yaşayış binasının tikintisini başa vurmuş, ÇİNAR yaşayış kompleksini isə tamamlamaq üzrədir. Bir məqamı da əlavə edim ki tikinti şirkətinin məhz Gəncə şəhərində layihələrin icra etməsi də səbəbsiz deyildir. Mətləbdən uzaqlaşmayaq.

 

***

Demək, şirkət 2016-cı ildən layihənin icrası məqsədiylə ərazidə əhalinin köçürülməsini həyata keçirməyə başlayır. Təbriz küçəsi 10 ünvanında məskunlaşan məcburi köçkünlərin köçürülməsində ləngimələr olsa da, “pandomiya” şəraitinə baxmayaraq şirkət işlərin icrasını davam etdirmişdir. Məcburi köçkünlərin köçürülməsi isə bir qismi dövlət tərəfindən, digər qismi isə şirkət tərəfindən təmin edilmişdir. Növbə bələdiyyə çatanda isə danışıqlar başlanılmış və tərəflər arasında bağlanmış müqaviləyə görə, “İNTEKS” MMC ilə Nərimanov rayon bələdiyyəsi arasında ikitərəfli qaydada bağlanılmış 306 saylı, 03 may 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən qanuni əsaslarla uzun müddət (20 ilədək müddətdə) bələdiyyənin istifadəsində olmuş 440 kv.m qeyri-yaşayış sahəsi müqavilənin 2.1.2-ci və 2.1.3-cü bəndlərinin tələblərinə uyğun olaraq öz vəsaiti hesabına boşaldılmış, sökülməsinə etiraz edilməməklə, söküntü işlərinin aparılması üçün “İNTEKS” MMC-yə təhvil verilmiş və həmin vaxtdan isə, yəni 2021-ci ilin may ayından isə binanın söküntüsü başlanılmış və tez bir zaman kəsiyində bu işlər başa çatdırılmışdır.

Müqavilənin 2.1.4 maddəsinə uyğun olaraq bələdiyyənin fəaliyyəti üçün icarə yeri şirkət tərəfindən müəyyən edilərək razılaşdırılmış və bələdiyyə müqaviləyə əsasən Sabit Rəhman küçəsi 53 A ünvana köçürülmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsinin sahibinə icarə haqqı da ödənilməyə başlanılmışdır.  

Qeyd olunan müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilənlərə müvafiq olaraq şirkət üzərinə düşən öhdəlikləri 2021-ci ilin dekabr ayınadək icra etmişdir. Yəni MMC sədrinin bələdiyyəyə ünvanladığı Pretenziya məktubunadək, qüvvədə olan Qanunvericiliyin tələblərinə müvafiq olaraq müqavilə öhdəlikləri icra olunmuşdur.

Onu da əlavə edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə isə, Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

 

Uzun müddət bələdiyyənin gözlənilən mülkiyyət hüququ ilə istifadəsində olmuş, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanındakı 440 kv.m qeyri-yaşayış sahəsi üzərində sökülən vaxtadək heç bir məhdudiyyət olmamış və hər hansı şəxsin xeyrinə yüklü edilməmişdir. Üstəlik, 440 kv.m ərazidə bələdiyyə tərəfindən daim cari təmir işləri aparılmış və bələdiyyə qulluqçularının normal fəaliyyəti üçün addımlar da atılmışdır.

 

***

 

İndi isə keçək “İNTEKS” MMC-nin sədri Cəfər Cəfərovun Nərimanov bələdiyyəsinə ünvanladığı məktuba.

Məktubun qısa məzmunu belədir ki, Təbriz küçəsi 10 ünvanında olan binanın sahibi “tapıldığından” şirkət bələdiyyə üçün icarəyə götürdüyü ofis binasına görə icarə haqqını ödəməyi dayandırır. Məktubda qeyd edilir ki, 03 dekabr 2021-ci il tarixdə Əliməmmədov Natiq İslam oğlu şirkətə müraciət edərək ona məxsus olan 1409.20 kv.m-lik əraziyə görə icarə haqqının ona verilməsini tələb etmişdir. Məhz bu səbəbdəndə şirkət bir tərəfli qaydada icarə haqqının ödənişinin dayandırılması üçün bələdiyyəyə xəbərdarlıq məktubu göndərmişdir.

 

***

Bununla bağlı məsələyə aydınlıq gətirilməsi üçün şirkətin rəhbəri C.Cəfərovla əlaqə saxladıq. Suallarımıza mehribanlıqla cavab verən şirkət rəhbəri məsələnin onlarla deyil, məhz N.Əliməmmədovla həll etməyin mümkünlünü bildirməklə, şirkətin hüquqşünasıyla əlaqə saxlamağı tövsiyə etdi. Şirkətin hüquqşünasının da bu məsələ ilə qeyri-müəyyən cavabları, üstəlik bu məsələnin onlarla deyil N.Əliməmmədovla bağlı olduğunu qeyd etməsi bir növ məsuliyyətdən yayınmaq kimi də başa düşülə bilər.

Hər halda şirkət rəsmilərinin bu məsələyə etinasız yanaşması da diqqətimizdən yayınmadı.

İndisə aydın olmayan bəzi məqamlara toxunaq.

 

***

Demək, qeyd edildiyi kimi Təbriz küçəsi 10 ünvanındakı qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan bina olub. İyirmi ilə yaxındır ki, həm məcburi köçkünlər, həm də bələdiyyə bu binada yaşayıb və fəaliyyət göstərib. Bəs maraqlıdır bu müddət ərzində Natiq Əliməmmədov harada idi. Maraqlıdır, Əmlak məsələləri Dövlət Xidməti yanında Dövlət Reyestr xidməti 16 noyabr 2021-ci il tarixdə onun adına 0007011001443-05101-083006 nömrəli qeydiyyat şəhadətnaməsininn hansı əsasla verib. Məhz bu məqamda sual yaranır, N. Əliməmmədov bunu nə vaxt və necə alıb. Məhz bələdiyyədə də şübhə yaradan məqam bunlardır.

Üstəlik, “İNTEKS” şirkətinin rəsmiləri bu məqamı niyə diqqətdən kənarda saxlayıb. Ola bilərmi ki, məqsədli şəkildə diqqətdən kənarda saxlasınlar?

Başqa bir məqam, ərazinin torpaq sahəsi hələ 2016-cı ildə ümumilikdə pilot layihə üçün ayrılıbsa bu ərazinin bir hissəsinə ayrıca olaraq 2021 noyabrında çıxarış verilə bilərdimi? Buna hüququ çatırmı? Və yaxud binada fəaliyyət göstərən təşkilatın razılığı olmadan, tutalım, satışa çıxarılırdısa ilk olaraq onlara təklif edilməli olduğu halda Əmlak məsələləri Dövlət xidməti hansı əsasda hərracı təşkil edib? Prosesin belə sürətlə həllində dövlət orqanının marağı nə idi?

Ümumiyyətlə, may ayında sökülən binaya noyabr ayında necə çıxarış verilə bilərdi?

Həqiqətən çox maraqlıdır və bütün bu və digər qaranlıq məqamların olması təəssüf və təəcüb doğurur. Əldə etdiyimiz digər maraqlı məlumat isə Dövlət Reyestr Xidməti Natiq Əliməmmədovun adına çıxarış versə də texniki pasport verməməsidir. Dövlət Xidməti bununla da sanki özünü sığortalayıb. Yəqin ki, dövlət orqanınn bu addımı da təsadüf olmadığını bəri başdan ehtimal etmək olar.

 ***

Son olaraq qeyd edim ki, paytaxtın mərkəz bələdiyyəsi olan Nərimanov bələdiyyəsi üçün belə narahatlıq və süni gərginlyin yaranmasında günahkar olanlar yəqin ki qanun qarşısında cavab verməli olacaqlar.

Üstəlik, Əmlak məsələləri Dövlət Xidməti, “İNTEKS” MMC və N.Əliməmmədov yazıda qaldırılan məsələlərlə bağlı öz münasibətini bildirəcək və Nərimanov bələdiyyəsinin pozulmuş hüquqlarının bərpa olunmasında öz töhvələrini verəcəklər.

Əslində bizim üçün ən vacib məqam ədalətin bərpa olunmasıdır. Düşünmək olar ki, indiki həssas məqamda adıçəkilən orqanlar məsələnin həllinə maraqlı olacaq, problemin böyüməsinə yox, əksinə onun həllinə çalışacaqlar.

 P.S. Yazıda adıgedən qurum və şəxslərin hər birinin fikir və mülahizələrini saytda yerləşdirməyə hazırıq.

 Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

ŞƏRHLƏR