"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə ağacəkmə aksiyası keçirilib: “Bakı – 2017 İslam Həmrəyliyi Oyunlarına Dəstək Olaq”!

--2017-05-09 / 17:18

Binəqədi rayon İcra hakimiyyəti və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində “Bakı – 2017  İslam Həmrəyliyi Oyunlarına Dəstək Olaq”! adlı ağacəkmə aksiyası keçirilib. Bu barədə məlumatı Binəqədi RİH yayıb.

Aksiyada Binəqədi İcra Hakimiyyətinin başçısı  Xaləddin İsgəndərov, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru  Elçin Səfərov, Binəqədi Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyev, Binəqədi rayon DTX –nın rəisi Polad Abdullayev, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun icra strukturlarının rəhbərləri, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri, RİH-də təcrübə keçən ASAN könüllüləri, müxtəlif islam ölkələrindən olan tələbələr iştirak ediblər.

Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən ağacəkmə aksiyası  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələrin davamı olaraq uğurla həyata keçirilmiş və aksiya zamanı ümumilikdə 500 ədəd zeytun, şam ağacı, kiparis və leylandra ağacları əkilmiş və onlara qulluq göstərilmişdir.

Ağacəkmə aksiyasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının maskotları və  könüllülər də iştirak edərək aksiyaya rəngarənglik qatmışlar. O cümlədən, Binəqədi rayonu, 297 saylı məktəbin şagirdləri tərəfindən flaşmob nümayiş edilib və “Bakı- 2017” yazısı yazılmışdır. Daha sonra gənclərlə görüş keçirilmişdir.

Çay süfrəsi ətrafında başlanan görüşü açıq elan edən Binəqədi İcra Hakimiyyətinin başçısı  Xaləddin İsgəndərov keçirilən görüşün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutduğunun əhəmiyyətindən danışıb və bildirib ki, gənclər hər zaman dövlətimizin gələcəyi hesab edilir. Natiq bildirib ki, gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin  qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlətin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Ölkəmizdə bu işin hər zaman yüksək səviyyədə təşkil edildiyini bildirən rayon rəhbəri bu gün gənclərə dövlət başçısı tərəfindən verilən diqqətin yüksək səviyyədə olduğunu nəzərə çatdırmışdır. Həmçinin, natiq bildirib ki, əminliklə demək olar ki, Azərbaycan gəncliyi özünün böyük qüvvə olduğunu  artıq sübut edib. Gəncliyin ölkə başcısı İlham Əliyevin  ətrafında sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlara imza  atacaqdır.

Daha sonra çıxış edən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru  Elçin Səfərov bildirib ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına 6 gün qalmış belə bir görüşün keçirilməsi olduqca təqdirəlayiqdir. Məhz buna görə iştirakçılara  təşəkkür edən Elçin Səfərov oyunlarda könüllü gənclərin rolunun olduqca böyük olmasını diqqətə çatdırmışdır.      Natiq qeyd edib ki, Avropa oyunlarında olduğu kimi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da gənclərin həmrəyliyi ilə birlikdə möhtəşəm anlar ilə tarixə yazılacaqdır.

Çıxışlardan sonra görüş  gənclərin qarşılıqlı müzakirəsi və sualları ətrafında davam edib, gənclər dövlətimizin onlara göstərdiyi  diqqətə və dəyərdən danışaraq,  ölkə başçısına təşəkkürlərini bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR