"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsinin borcu niyə azalmır?

--2022-01-11 / 06:08

Və ya yazılanlardan nəticə çıxarmağın vaxtı çatıb

 

Yanvar ayı bələdiyyələr üçün həm də hesabat ayıdır. Yəni bu ay ərzində bələdiyyələr ötən ildə gördükləri işlər, həyata keçirdikləri layihələr barəsində seçicilərinə və ictimaiyyətə məlumat verməlidirlər. Bu həm də qanunun tələbidir. Hazırda bələdiyyələrin böyük əksəriyyəti ciddi şəkildə onlar üçün vacib əhəmiyyət kəsb edən bu prosesin icrasına hazırlaşmaqdadırlar.

***

Ötən ilə nəzər yetirəndə bələdiyyələrdə bir sıra müsbət tendensiyanın başlandığını hiss etmək olar. Etiraf edilməlidir ki, bir çox bələdiyyə sədrlərinin kreativ ideyaları gerçəkləşdirmək təşəbbüsü, DSMF-yə və əməkhaqqı üzrə olan borcların silinməsi üçün proqram hazırlanması, üstəlik maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi olaraq seçicilərlə görüşlərin təşklində yeniliklərin tətbiq edilməsi bələdiyyələrin ictimai nüfuzuna müsbət təsir göstərib. Belə məqamda rayon icra hakimiyyətinin rəsmilərinin gündəlik “tövsiyə”lərindən bezməyən, mədən vergisinin istiqaməti dəyişdirilsə belə, həmçinin bələdiyyədaxili sıxıntılarla üz-üzə qalsalar da belə bələdiyyə təmsilçilərinin ruhdan düşməyərək Vətəninə, dövlətinə sədaqətlə xidmətlərini davam etdirmələri əslində indiki vaxtda qəhrəmanlıq hesab edilməlidir.

Amma cəmiyyətdə hörmət, çəki və nüfuz qazanan saysız-hesabsız bələdiyyələrimizlə yanaşı, mövcud problemlərin həllinə maraqlı olmayan, cəmiyyətdə səslənən və yazılanlara reaksiya belə verməyi özünə ar bilən bələdiyyə sədrləri də az deyil. Nə isə... Keçək mətləbə.

***

Biz bələdiyyələrin DSMF-yə və əməkhaqqı üzrə olan borclarının günbəgün artması məsələsinə dəfələrlə toxunmaqla mövzunu daim diqqətdə saxlamışıq. Və onu da qeyd etmişik ki, borcun silinməsiylə bağlı Adminstrasiyanın müvafiq sektoru və Ədliyyə Nazirliyi bu istiqamətdə bir sıra addımlar atmaqdadır.

Müşahidələr göstərir ki, DSMF borclarıyla yanaşı bələdiyyələrin həm də kifayət qədər ödənilməmiş əməkhaqqı borcu vardır.

Təkrar olaraq xatırladım ki, bu gün Biləcəri bələdiyyəsinin 784 min manat, Əhmədli bələdiyyəsinin 90 min manat, Xocasən bələdiyyəsinin 112 min manat, 19 Gədəbəy bələdiyyəsinin 570 min manat, ümumilikdə Tərtər bələdiyyələrinin 400 min manatdan artıq, hətta 66 Bərdə bələdiyyəsinin 900 min manata yaxın DSMF-yə borcu var. Neftçala, Zərdab, Ağdaş, Hacıqabul, Astara bələdiyyələrinin də kifayət qədər borcu var.

Ötən iki ilə yaxın bir müddətdə Bibiheybət bələdiyyəsi 10 min manat, Gədəbəy şəhər bələdiyyəsi 22 min manat, Sahil bələdiyyəsi 38 min manat, Binədəqi bələdiyyəsi 145 min manat, Sabunçu bələdiyyəsi 100 min manat, Qala bələdiyyəsi 24 min manat, Vəndam bələdiyyəsi 12 min manat, Gəgəli bələdiyyəsi 10 min manat, Göyçay bələdiyyəsi 45 min manat borcu “bağlamışlar”. Bərdə və Hacıqabul şəhər, Binəqədi qəsəbə, habelə Zığ bələdiyyəsi də borcun azaldılması üçün ciddi addımlar atıblar.

DSMF borclarıyla bağlı daim tənqid hədəfinə tuş gələn bələdiyyələrin sırasında olan Xocasən bələdiyyəsində bu gün müəyyən dönüş yaransa da Biləcəri bələdiyyəsinin yerində sayması həqiqətən təəssüf doğurur.

***

Yuxarıda adıgedən Biləcəri bələdiyyəsinin fəaliyyətinə bir qədər geniş toxunmaq istərdim.   Siyahıda sadalanan bələdiyyələr arasında rekord həddə DSMF-yə borcu olan Biləcəri bələdiyyəsində baş verən proseslər yəqin ki, həm bələdiyyə sədrini, həm də rayonun siyasi rəhbərliyini düşündürməlidir. DSMF borcu ilə yanaşı bələdiyyənin 65 min manata yaxın da əməkhaqqı borcu var. 2021-ci ilin aprelindən sədr vəzifəsinə seçilən hörmətli Etibar Cabbarova sual olunur, ötən doqquz ay ərzində borcun həcmi niyə azalmaq əvəzinə artır və artmaqda davam edir. Borcun artmaması üçün niyə addım atılmır? Bəlkə atılıb xəbərimiz yoxdur?

Niyə Binəqədi RİH başçısı və onun icra aparatı bələdiyyədə gedən proseslərə öz tövsiyəsini vermir? Problemin ciddiliyini nəzərə alıb vaxtımda tövsiyə vermiş olsaydılar yəqin ki bir təsiri də olardı.

Maraqlıdır, “komxoza” aid zibil qutularının təkərlərinin dəyişdirilməsi və qutuların rənglənməsini, üstəlik qəsəbə ərazisində üç kilometrlik hasarda cari təmirin aparılmasını və rənglənməsini sədrə kim “tövsiyə” edib? İnanmıram ki, sədr özbaşına belə bir addım atmış olsun. Fikrimcə, RİH-dəki “bələdiyyənin kuratoru” bu barədə götür-qoy edib borclu bələdiyyəni cari layihələrlə “yükləmək” əvəzinə, borcun silinməsi ilə bağlı rəhbər təkliflərini versəydilər daha məqsədəuyğun olardı.

Və yaxud nəyə görə ay ərzində 30-35 min manat vergi yığan bələdiyyədə qulluqçular aylarla əməkhaqqı almamalıdırlar?

İri vergi ödəyicilərinə təqdim edilən bildirişlərdə və bu qurumlardan əldə edilən maliyyə vəsaitində çoxsaylı “şübhəli” məqamların olması deyilsə də, indiki həssas məqamda inandırıcı görünmür. Yəqin ki, bələdiyyədə auditin təşkili qaranlıq məqamlara aydınlıq gətirə bilər. Nə isə..

Müşahidələrimiz göstərir ki, borcun silinməsi üçün bələdiyyənin kifayət qədər potensialı var. Bəs onda niyə bu potensialdan lazımı şəkildə istfadə edilmir. Sadəcə prosesin icrasına təşəbbüs göstərilməli və bələdiyyədə şəffaflıq təmin edilməlidir.

***

Bu gün Nəsimi bələdiyyəsindəki həmkarı kimi, Biləcəri bələdiyyəsinin sədri də yazılanlara reaksiya verməməsi təəssüf doğurur.

Görünür, hər iki sədr daha ciddi faktların açıqlanmasını istəyir. Bu gün həyatının son iyirmi ilini bələdiyyənin inkişafına həsr edən şəxs olaraq biz heç bir sədrin fəaliyyətini təhlükə üz-üzə qoymaq fikrində deyilik. Amma bu susqunluğunda bir həddi var...

Bizim ali məqsədimiz məhz hər bir bələdiyyə üzvünün bu sistemin inkişafına öz töhvəsini verməsinə nail olmaqdır.

Düşünmək olar ki, hər iki bələdiyyə sədri yuxarıda qeyd edilənlərə reaksiya verməklə və rəhbərlik etdikləri bələdiyyələrdə rast gəlinən problemlərin aradan qaldırılması üçün ciddi addımlar atacaqlar.

Bu işdə bizə yalnız onlara uğurlar arzulamaq qalır...

Vüqar Tofiqli

P.S.  "Qara yağlı" rəngli formada verilmiş cümlədə yalnış olaraq "fəaliyyətini" sözü "həyatını" kimi verildiyindən düzəliş edilmiş və yalnışlıq aradan qaldırlımışdır.

 

ŞƏRHLƏR