"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Beş yaşlı Belediyye.info

--2020-05-25 / 06:48

Bu gün Belediyye.infonun beş yaşı tamam olur. İlin əvvəlindən simvolikdə olsa kiçik bir “bədii hissə”li tədbirin may ayında keçirilməsini nəzərdə tutsam da, bir tərəfdən özümüzün maliyyə sıxıntısıyla üz-üzə qalmağımız, sonra isə koronvirusla mübarizə bizi bu fikrimizdən daşındırdı. Hər halda bizim bu niyyətimiz öz qüvvəsində qalır.

Bəs ötən beş il ərzindəki fəaliyyətimizə necə qiymət vermək olar? Əslində əsas qiyməti oxucularımız verəcək, lakin biz subyektivlikdən uzaq durub öz fəaliyyətimizlə bağlı bəzi məqamlara qisa şəklidə toxunmaq istərdim.

Bu gün bələdiyyə sistemində olan üzvlərin və qulluqçuların xeyli bir hissəsi Belediyye.infonun fəaliyyətiylə yaxından tanışdır və məlumatları var. Ən böyük nailiyyətimiz isə beş il ərzində 400-ə yaxın bələdiyyə ilə əməkdaşlıq əlaqələrinin qurulmasını hesab etmək olar.

Ötən beş ildə bir sıra ciddi məsələlər barəsində, o cümlədən bəzi bələdiyyələrdə qulluqçuların haqsız olaraq kütləvi şəkildə işdən azad edilməsi məsələsini, Ekologiya və Təbii Sərvətlər nazirliyinin bələdiyyələrə cərimə və məcburi göstərişin kəsilməsini, bələdiyyə- yerli və mərkəzi icra orqanalrı ilə münasibətlərinin tənzimlənməsiylə bağlı məqamları daim diqqətdə saxlamaqla qarşılıqlı əməkdaşlıq yolu ilə sistemin inkişafına azacıq da olsa təkan verməyə nail ola bildik. Lakin həyata keçirə bilmədiyimiz çoxsaylı məsələlər bu gün öz həllini gözləyir. Bütün məsələlərin tərəfimizdən həlli ciddi maliyyə vəsaiti tələb edir. Ancaq Belediyye.infonun maliyyə sarıdan beş il ərzində daim korluq çəkdiyini də unutmaq olmaz. Məhz bu maliyyəsizliyin nəticəsidir ki, biz Belediyye.infonun daha geniş və əhatəli inkişafına nail ola bilməmişik.

Söz verib sözünün üstündə durmayanların hər dəfə “sən birin bilirsən, birini bilmirsən” fikrini dilə gətirmələri bizim həqiqətən yalnış ünvana müraciət etməyimizdən xəbər verdi. Belə demək olarsa, bu da bizim son beş ildə etdiyimiz əsas səhv idi.

Lakin Ulu öndərin yaradıcısı olduğu bir sistemin fəaliyyətinin təbliği ilə məşğul olsaq da, fəaliyyətimizdən yararlanan təşkilatların məqamında Belediyye.infoya mənəvi dəstək verməməsi, bunun əvəzində bir “tikanlı” söz yazanda 55 dəfə zəng etməsi diqqətimizdən yayınmadı. Yəqin ki, zaman özü həm bizim fəalyyətimizə, həm də bizə qarşı soyuq münasibət bildirənlərə qarşı öz layiqli qiymətini verəcək və səsimizi eşidənlər Belediyye.infonun daha geniş fəaliyyəti üçün şəratin yaradılmasına təkan verəcəklər. Biz buna qəti əminik…

Beləliklə, bundan sonrakı illərdə də bələdiyyələrin fəaliyyətini daha məzmunlu şəkildə təbliğ etmək, onların qarşılaşdığı problemləri ictimailəşdirməklə sistemin ictimaiyyətdə hörmət və nüfuzunu artırmaq üçün əlimizdən gələni əsirgəməməklə davam etdirmək niyyətindəyik. Ən əsası isə sağlıq olsun…

Vüqar Tofiqli

Belediyye.info saytının təsisçisi

P.S. Maliyyə sıxıntısıyla üz-üzə qaldığımız bir vaxtda Belediyye.infonu ürəkdən sevən, daim ona maddi və mənəvi dəstək duran əziz dostumuz M.Əliyevə, M.Hüseynova, H.Həmidova və S.Xəlilova bir daha təşəkkürümüzü bildiririk.

ŞƏRHLƏR