"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi ilə İstanbulun Beykoz bələdiyyəsi arasında qardaş şəhər protokolu imzalanıb

--2021-10-12 / 10:02

Oktyabrın 11-də Türkiyədə İstanbulun Beykoz bələdiyyəsi ilə Azərbaycanın Bərdə bələdiyyəsi arasında qardaş şəhər protokolu imzalanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından bildirilib.

Qeyd olunub ki, protokolun imzalanması mərasimində Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başkanı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak ediblər.

Tədbirdə çıxış edən Beykoz bələdiyyəsinin başkanı Murat Aydın Türkiyə və Azərbaycanın dost və qardaş ölkələr olduğunu bildirib. Azərbaycanı İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə münasibətilə təbrik edən Murat Aydın bunun bütün türk dünyasının Zəfəri olduğunu söyləyib. O, imzalanan sənədin iki xalq arasında qardaşlıq nümunələrindən biri olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Bərdə rayonundan olan deputat Fatma Yıldırım çıxış edərək bildirib ki, Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır.

Deputat qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişafına nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri çox dəyərlidir.

Fatma Yıldırım Vətən müharibəsində Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstəyin, sözün həqiqi mənasında, qardaşlığın təntənəsi olduğunu deyib. Deputat hazırda Qarabağda quruculuq işlərində Türkiyə şirkətlərinin də fəal iştirak etdiyini diqqətə çatdırıb. O, həmçinin vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin daha uğurlu təminatı üçün Azərbaycan Prezidenti tərəfindən yaradılmış Qarabağ Dirçəliş Fondu səmərəli fəaliyyət göstərir. O, Beykoz bələdiyyəsi ilə Bərdə bələdiyyəsi arasında qardaş şəhər protokolunun imzalanmasının bölgələrimiz arasında da əlaqələri möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Tədbirdə, həmçinin Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov da çıxış edərək iki ölkə arasında qardaşlıq münasibətlərindən, o cümlədən bələdiyyələrin qarşılıqlı əlaqələrindən danışıblar. Qeyd edilib ki, bələdiyyələrin qardaşlaşması xalqlarımızın dostluq münasibətlərinin ifadəsi olmaqla yanaşı, yerli özünüidarə orqanlarının fəaliyyətinə dair təcrübə mübadiləsinin aparılmasında, bələdiyyələr arasında önəmli layihələrin həyata keçirilməsində xüsusi rol oynayacaq.

Sonra Beykoz bələdiyyəsi ilə Bərdə bələdiyyəsi arasında qardaş şəhər protokolu imzalanıb.

https://azertag.az/xeber/Berde_belediyyesi_ile_Istanbulun_Beykoz_belediyyesi_arasinda_qardas_seher_protokolu_imzalanib-1898285

ŞƏRHLƏR