"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin büdcə gəlirlərinini artırımaq üçün ilk növbədə....SƏDR TƏKLİF VERİR

--2022-11-16 / 04:58

Azərbaycan Respublikasında idarəetmə sisteminin tərkib hissəsi olan yerli özünüidarəetməni iyirm üç ildir ki, bələdiyyələr həyata keçirir. Bələdiyyə qanunla müəyyən edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edən yerli idarəetmə formasıdır. Müstəqillik özünün konkret gəlir mənbələrinin olması və vəsaitlərə sərəncam vermək müstəsna hüququ ilə təzahür olunur.

Yerli özünüidarəetmənin universal modeli mövcud olmadığı üçün beynəlxalq təcrübədə bu sahədə müxtəlif modellərdən istifadə olunmaqla yerli xüsusiyyətlərə əsaslanan idarəetmə formaları yaradılmışdır. Demokratik inkişaf yolu tutmuş ölkələrdə müstəqil yerli idarəetmə strukturlarının fəaliyyəti mühüm əhəmiyyət kəsb etməklə, onların dayanıqlı maliyyə vəsaitləri ilə təmin edilməsi bütün hallarda əsas götürürlür. Avropada, o cümlədən qardaş Türkiyədə bu məqsədlə dövlət büdcəsindən ayırmalar (subvensiya, subsidiya, dotasiya və transfertlər) yerli büdcələrin 30-70 faizini təşkil edir, hətta bəzi ölkələrdə (Böyük Britaniya, Rumıniya, Bolqarıstan, Estoniya) 70 faizdən yuxarı olur. Azərbaycan Respublikasında isə formalaşdırılan bələdiyyə büdcələrinin maliyyə imkanlarının yerli problemlərin həllinə lazım olan tələbatı ödəyə bilməməsinə baxmayaraq, həyata keçirilən ayırmalar olduqca formal xarakter daşıyır. Belə ki, 2022-ci ildə dövlət büdcəsindən ümumi sayı 1771 olan bələdiyyə büdcələrinə ayrılan dotasiya 5,3 milyon manat və ya dövlət büdcəsinin təqribən 0,02 faizi həcmində nəzərdə tutulmuşdur. Bu hal Avropa ölkələri ilə deyil, hətta MDB məkanı dövlətləri ilə müqayisədə olduqca aşağıdır. Daha əyani məlumat üçün qeyd olunmalıdır ki, Türkiyə Respublikası İstanbul şəhəri Kartal bələdiyyəsinin (əhalisi 470 min nəfər) 2022-ci il büdcəsi təqribən 100 milyon ABŞ dolları təşkil edir ki, onun da 60 faizə qədəri mərkəzi vergilərdən ayırmalar hesabına rüblük bölgü əsasında bələdiyyənin hesabına köçürülür. Əhali sayı 130 min nəfər olan qonşu Gürcüstanın Marneuli bələdiyyəsinin 2022-ci il büdcəsinin həcmi təqribən 12.8 milyon ABŞ dolları təşkil edir ki, bu hal sizdə qonşu ölkədə bələdiyyələrin səlahiyyətləri və dövlətin maliyyə yardımları haqda fikir formalaşdıra bilər.

Bələdiyyələrin büdcə təminatı və praktiki fəaliyyət dairələrinin təhlili məqsədi ilə ölkəmizdə sayı böyük əksəriyyət təşkil edən kənd bələdiyyələrini nümunə götürmək olar. Belə ki, statistik məlumatlara əsasən orta göstəricilərlə 300 ev təsərrüfatı olan kənd bələdiyyəsinin (əhalisi təqribən iki min nəfər) illik vergi daxilolmaları qüvvədə olan vergi qanunvericiliyinə əsasən ortalama 12-15 min manat təşkil edir. Ancaq ən zəruri ştat vahidləri olan (4 nəfər-sədr, mühasib, vergi müfəttişi, xadimə- gözətçi) bələdiyyənin illik minimal əmək haqqı fondu və digər icbari ödəmələri təqribən 15-20 min manat təşkil edər. Nəzərə alınsa ki, ölkə bələdiyyələrinin yarıdan çoxu bu tip kənd bələdiyyəsindən ibarətdir, o zaman yerli əhalinin problemlərinin həllində onların iştirakının səviyyəsini qiymətləndirmək olar. Dövlət büdcəsindən ayrılan dotasiyada bu tip bələdiyyələrin payı ortalama əhali sayına uyğun olaraq bir min manat civarındadır.

Əhalinin yerli özünüidarə sisteminə inamını və bununla dövlətin ölkədaxili sosial-iqtisadi siyasət nüfuzunu artırmaq məqsədi ilə bələdiyyələrin dayanıqlı maliyyə imkanlarının genişləndirilməsi üçün yerli büdcə ayırmalarına yenidən baxılması təklif olunardı. Buna əsas verən hal kimi yerli gəlir mənbələrinin bələdiyyələrdən alınaraq kompensasiya olunmamasını da götürmək olar. Belə ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR Qanununun 6.4-cü maddəsinə əsasən icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması baş verdikdə uyğun azalma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunmalıdır. Ancaq fiziki şəxslərə məxsus avtomobil və özüyeriyən təkərli texnikaya görə ödənilən əmlak vergisi, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yayımına görə ödəniş və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin bələdiyyə büdcələrindən alınmasına baxmayaraq müvafiq orqanlar tərəfindən bələdiyyə gəlirlərinin kompensasiya olunması məsələsinə baxılmamışdır. Nəzərə almaq lazımdır ki, beynəlxalq təcrübədə reklam vergiləri birmənalı şəkildə tam olaraq yerli büdcə gəlirlərinə aid olunur. Azərbaycan Respublikasının dövlət və aşağı səviyyəli büdcələrinin gəlirlər hissəsində isə reklam, vergi və ya ödənişlər ümumiyyətlə nəzərdə tutulmur.

Bütün bu sadalananlar imkan verir ki, dövlət büdcəsindən bələdiyyə ayırmalarının xüsusi çəkisi 0,3-0,5 faiz həddində qaldırılsın. Bu məqsədlə pilot layihə prinsipinə uyğun əhali sayına müvafiq aparılan ayırmaların subvenstlik təyinatları dəqiqləşdirilməli və proseslər müvafiq dövlət orqanları ilə vətəndaşların iştirakının qarşılıqlı şəffaflığı çərçivəsində aparılmalıdır. Plan ili üçün sakinlərin iştirakı ilə hazırlanmış layihələr müvafiq əlaqədar orqanlara təqdim olunmalı, hesabatlılıq ciddiləşdirilməlidir.

Yerli idarəetmədə həlli tələb olunan digər məsələ uzun illər yerli büdcəyə aid edilən vergilərin dəyişilməz qalmasıdır. Bələdiyyə maliyyəsinin əsasını təşkil edən fiziki şəxslər torpaq vergisinin dərəcəsi nəinki Avropa ölkələri və qardaş Türkiyədən, hətta MDB məkanı dövlətlərin müvafiq vergi dərəcələrindən dəfələrlə aşağıdır. Təssəvvür edin ki, paytaxt Bakı şəhərinin mərkəzində 200 kvadrat metr həyətyanı sahəsi olan fiziki şəxs illik 1,2 manat (illik 100 kvm-60 qəpik) torpaq vergisi (ayda 10 1əpik) ödəyir. Rayon tabeliyində olan şəhər, qəsəbə və kəndlərdə isə 1200 kvadrat metr (12 sot) həyətyanı sahəsi olan fiziki şəxs də həmçinin illik 1,2 manat torpaq vergisi (100 kvm.-10 qəpik) ödəyir. Həmçinin nəzərə alınmalıdır ki, differensiallaşması zəruri olan torpaq vergisi dəyəri on dəfələrlə fərqli olan Bakı şəhərinin mərkəzi ilə ətrafında eyni dərəcə ilə hesablanılır. Bu baxımdan fiziki şəxslərdən torpaq vergisi dərəcələrinə differensiallaşma tətbiq olunmaqla yenidən baxılması bələdiyyələrin gəlir mənbələrinin artırılması istiqamətində mühüm addım ola bilər. Müqayisə üçün diqqətinizə çatdıraq ki, Türkiyənin İstanbul şəhərinin Kartal bələdiyyəsində illik torpaq vergisinin ortalama dərəcəsi hər 100 kvadrat metr üçün təqribən 100 ABŞ dolları təşkil edir.

Mürsəl  Eminov

Binəqədi rayon bələdiyyəsinin sədri 

ŞƏRHLƏR