"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyi İmişli rayonunda vətəndaşların qəbulunu keçirib

--2019-04-17 / 15:02

Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyi tərəfindən İmişli rayonunda vətəndaşların qəbulu keçirilib.

Azərbaycan Respublikası ədliyyə nazirinin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyələrin fəaliyyəti ilə bağlı müraciətlərin təhlili aparılaraq daha çox şikayət daxil olan rayonlar müəyyənləşdirilib və tərtib olunmuş qrafikə uyğun olaraq həmin rayonlarda vətəndaşların qəbulunun keçirilməsinə başlanılıb.

Qrafikə uyğun olaraq aprelin 12-də Mərkəzin rəhbərliyi tərəfindən İmişli rayonunda vətəndaşların qəbulu keçirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək müraciətlərində qaldırılan məsələlərlə bağlı qanunvericiliyin tələbləri ətraflı izah edilib, həmin məsələlərin icrası nəzarətə götürülüb.

Qəbul başa çatdıqdan sonra fəaliyyətlərindən daha çox narazılıq olan bələdiyyələrin sədrləri ilə İmişli regional ədliyyə idarəsinin inzibati binasında görüş keçirilib, vətəndaşların şikayətlərini doğuran səbəblər ətrafında müzakirələr aparılıb, müraciətlərə qayğı və həssaslıqla yanaşılması zərurəti, bələdiyyələrin fəaliyyətində qanunçuluq və şəffaflığın təmin olunmasının vacibliyi vurğulanaraq bu istiqamətdə bir sıra tövsiyələr verilib.

Daha sonra İmişli regional ədliyyə idarəsinin əməkdaşları ilə müşavirə keçirilərək yerli özünüidarə sahəsində vətəndaşların şikayətlərini doğuran səbəblərə diqqət cəlb edilib, müraciətlərin hərtərəfli və obyektiv araşdırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğa, şəffaflığa əməl olunması məqsədi ilə bələdiyyələrlə işin gücləndirilməsi barədə müvafiq tapşırıqlar verilib.

  Bələdiyyələrlə iş mərkəzi

 

ŞƏRHLƏR