"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş Mərkəzində QHT sədrləriylə görüş keçirilib

--2019-04-15 / 05:35

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində bir qrup qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyi tərəfindən dövlət başçısı cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində, o cümlədən dövlət idarəçiliyi sahəsində əhatəli, mütərəqqi islahatların həyata keçirildiyi bir şəraitdə yerli özünüidarəetmənin səmərəliliyin artırılması, xüsusən əhalinin məşğulluğunun təmin edilməsi, sahibklarlığın dəstəklənməsi sahəsində bələdiyyələrin iştirakının aktivləşdirilməsi, eyni zamanda bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacibliyi vurğulanaraq vətəndaş cəmiyyəti qurumları ilə daha sıx əməkdaşlığın vacibliyi qeyd olunub.

Göstərilən məsələlər istiqamətində Bələdiyyələrlə iş mərkəzi tərəfindən hazırda həyata keçirilən işlər, nəzərdə tutulan tədbirlər barədə qeyri-hökumət təşkilatlarının təmsilçilərinə ətraflı məlumat verilib. Yerli özünüidarəetmə sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğu, vətəndaş cəmiyyəti qurumlarının ölkəmizdə yerli özünüidarəetmənin səmərəliliyinin artırılmasına yönəlmiş təklif və təşəbbüslərinə diqqətlə yanaşılacağı bildirilib.

Görüşdə ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə Ədliyyə Nazirliyinin əsas icraçısı olduğu “Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması” tədbiri ilə əlaqədar kəndin inkişaf modelinin yaradılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Kəndin inkişaf modeli üzrə dünya ölkələrində həyata keçirilən “Smart village”(ağıllı kənd) proqramının tətbiq edilmə mexanizmlərinin nəzəri və təcrübi cəhətdən öyrənilməsi məqsədi ilə bu proqramın tətbiq edildiyi ölkələrə bələdiyyə nümayəndələrinin təcrübə səfərlərinin təşkil edilməsi sahəsində əməkdaşlıq perspektivlərinə toxunulub.

Həmçinin ölkə başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda yerli özünüidarəetmə sahəsində nəzərdə tutulmuş tədbirlər barədə məlumat verilib, bu yöndə də qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət imkanları müzakirə edilib.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri belə bir görüşün keçirilməsini təqdirəlayiq hesab edərək bu qəbildən olan tədbirlərin davamlı olmasını, qeyd edilən məsələlər üzrə səmərəli əməkdaşlığın qurulmasına inam bəslədiklərini bildirmişlər.

 

Bələdiyyələrlə iş mərkəzi

ŞƏRHLƏR