"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin regional idarəetməyə keçidi vergi-uçot sisteminin qurulmasından başlayır

--2023-01-09 / 10:26

Naxçıvan Muxtar Respublikasına yeni təsis edilən xüsusi nümayəndəlik sistemi və dərhal da təyin edilən nümayəndə hər bir ölkə vətəndaşında ölkəmizdə regional idarəetməyə keçidin sürətləndiyi təəssüratını yaratmış oldu. Bundan əvvəl isə bu sistem mənfur erməni işğalından azad edilmiş ərazilərdə yaradılmışdı. Nəzərə alaq ki, az müddət ərzində Qarabağ, Şərqi Zəngəzur və Şuşada yaradılan üç təsisat şəffaf fəaliyyətiylə özünü döğrultmuş oldu. Odur ki, belə bir təsisatın digər regionlarda da yaradılacağı gözlənilən idi. Etiraf edim ki, bu məqamda ağıla gələn ilk sual isə yerli icra strukturlarının, daha döğrusu rayon icra hakimiyyətlərinin nə vaxt ləğv ediləcəyi ilə bağlı idi.

Hazırda bəzi RİH-lər tərəfindən məqsədli şəkildə bələdiyyələrə qarşı səlib yürüşünə başlanılmasının kökündə də məhz öz ömrünü uzatmaq fikri dayanır desəm, bəlkə də yanılmaram. Son aylarda bir sıra rayonlarda bələdiyyələrə qarşı təyziqlərin artması, bütün addımlarla bələdiyyələrin fəaliyyətinin iflic vəziyyətdə saxlamaq cəhdi, bəzi icra hakimiyyətlərinin müxtəlif sosial media qruplarında bələdiyyə sədrlərinə qarşı qanuna-zidd fikirlərin səsləndirilməsi, keçirilən hərraclara icra hakimiyyətinin nümayəndəsinin məqsədli şəkildə göndərilməməsi, səyyar qəbullarda bələdiyyə sədrlərinə qarşı qeyri-eitk fikirlərin səsləndirilməsi cəhdlərinin artması bir çox RİH başçılarının, hətta yeni təyinat alanlar arasında bir çoxlarının yerində olmamasından xəbər verir. Yerli məmurların bu cür yersiz addımları, habelə bələdiyyə sisteminə qarşı tutduqları mövqe, istənilən halda ölkəmizdə regional idarəetmyə keçidi sürətləndirmiş olur.        

Hazırda davam edən proseslər RİH strukturunun öz dövrünü tezliklə başa vuracağından xəbər verir. Qeyd edim ki, aparılan məqsədyönlü islahatlar nəticəsində RİH-lərin üzərində bu gün hər hansı bir səlahiyyət belə qalmamışdır. Demək olar ki, hüquq-mühafizə orqanlarından başqa bütün digər sahələr öz istiqamətləri üzrə mərkəzi icra orqanları tərəfindən regional idarəetməyə keçid ediblər. Düzdür, etiraf edək ki, regional strukturlar pərakəndə şəkildə təsis edilsə də, hər halda onların yerli icra strukturlarına tabeçiliyi “sıfır” həddindədir.

Müşahidələrdən belə qənaətə gələ bilərik ki, bu gün yerli icra strukturlarında çalışanların əsas vəzifəsi konkret olaraq vətəndaş qəbulları keçirməklə vaxt qazanmaq və bələdiyyələri öz təsir dairəsində saxlamağa çalışmaqdır.

Biz də dəfələrlə yazı və araşdırmalarımızda ölkəmizdə regional idarəetməyə keçidin zəruri olmasından, RİH-lərin isə öz ömürlərini baş vurmağından, Bakı və Gəncə şəhərlərində ümumilikdə 14 rayonun olmasına hər hansı bir ehtiyacın olmadığını qeyd etmişik.

Mövzunun aktulallığını nəzərə alıb mövzuyla bağlı bəzi fikirlərimizi oxucularımla bölüşmək istərdim.

İlk olaraq Prezident İlham Əliyevin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə aprel ayında keçirilən görüşdə səsləndirdiyi fikirləri bir daha xatırladıram:
“... mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər də hərtərəfli düşünülməmişdir. Buna görə də çoxlu suallar var. Çox güman ki, bilirsiniz, çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib.

Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Beləliklə, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq…”

Göründüyü kimi, ölkə başçısı hələ 2022-ci ilin aprelində bu fikirləri səsləndirməklə idarəetmədə aparılacaq islahatların anonsunu vermişdi.

Beləliklə, cari ildə həm idarəetmədə aparılacaq islahatların, həm də bələdiyyələrin üzləşdiyi problemlərin həllinin şahidi olacağımıza qəti əminəm.

***

Ölkəmizdə regional idarəetməyə keçid nəzərdə tutulduğundan və prosesə müəyyən mənada start verildiyindən bu gün çətinlik və problemlə üz-üzə qalan bələdiyyələrə olan diqqətdə artmaqdadır. Belə düşünmək olar ki, regional idarəetməyə keçid yerli icra hakimiyyəti orqanlarının yerli problemlərin həlli ilə bağlı təsərrüfat fəaliyyətli bəzi funksiya və səlahiyyətlərinin də bələdiyyələrə verilmə ehtimalını artırıb. Dünya idarəetmə sistemində yerli idarəetmənin məhz bələdiyyələrə verilməsiylə dövlətin üzərinə düşən məsuliyyət yükünü azaltmaqdadır. Hazırda ölkə paytaxtlarının və iri mərkəz şəhərlərinin idarəetməsinin məhz seçkili orqana verilməsinin zəngün dünya təcrübəsi vardır. Bu gün bu təcrübədən bizim də yararlanmağımızın vaxtı çatıb.

Beləliklə, regional idarəetməyə keçid hazırda fəaliyyətdə olan bələdiyyələrin məsuliyyət yükünü artırmaqdadır. Sözsüz ki, RİH-ə aid edilən səlahiyyətin bir qisminin bələdiyyələrə verilmə ehtimalı günbəgün reallığa çevrilməkdədir. Bəs hazırki sistemə seçilənlər və bu sistemdə çalışanlar bu məsuliyyət yükünü üzərilərinə götürməyə hazırdırlarmı?

Uzun illər bələdiyyə sahəsində apardığımız təhlil və aradşrımalardan belə qənaətə gələ bilərik ki, regional idarəetməyə keçidlə bağlı bələdiyyələrə əlavə səlahiyyətin və ya hər hansı imtiyazın verilməsinə bələdiyyələrin hazır olması üçün ilk növbədə bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına çalışmaqla, bu istiqamətdə bələdiyyədən aldığımız maliyyə istiqamətlərini özlərinə qaytarmalıyıq. Reklamla, avtodayanacaqla, avtomobillər üzrə əmlak vergisini bələdiyyələrə qaytarmalı, üstəlik əlavə maliyyə üzrə səlahiyyətin verilməsi üçün irəli sürülən təklifləri müzakirəyə çıxarmaq lazımdır. Misal olaraq hüquq şəxslərin torpaq vergisini yerli büdcəyə ödənilməsində niyə problem olmalıdır? Üstəlik vətəndaşlara həyətyanı sahə ayrılarkən Əmlak məsələləri Dövlət xidməti tərəfindən bələdiyyələrdən xidmət haqqı kimi alınan kifayət qədər yüksək maliyyə vəsaitinin ləğv edilməsi və ya azaldılması, yəqin ki, mümkündür.

Üstəlik, DSMF-yə borclu olan bələdiyyələrdə təhlil aparılaraq borcun hansı səbəbdən yaranmasını müəyyən etmək və o borcun yaranmasında icra başçılarının hansı rolu olduğunu müəyyən edərək onlarında üzərinə müəyyən məsuliyyət yükünün qoyulması bələdiyyə sədrlərinin ürəyindən xəbər vermiş olar.

Hər halda ölkə bələdiyyə sisteminə əsas problem yaradan orqan bəzi RİH başçılarıyla yanaşı Əmlak məsələləri Dövlət xidmətinin olması da şübhəsizdir. Demək, biz əgər bələdiyyə sisteminə əlavə səlahiyyət verəcəyiksə, onda Əmlak məsələləri Dövlət Xidməti də üzərinə düşən işin öhdəsindən gəlməli və bu orqanlara yaratdığı problemin aradan qaldırlmasına heç olmasa çalışmalıdır.

***

Dekabr ayında Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının hesabat yığıncaqlarında bələdiyyə sisteminin inkişafına söykənən fikir və mülahizələrin səsləndirilməsi hər bir sistemə üzv olan və çalışan şəxsdə ümid işığı yandırmış oldu. Ancaq bələdiyyə sisteminin inkşafı həmdə bu sistemdə çalışanlardan da asılıdır. İclaslarda ilk növbədə bələdiyyələrdə vergi-uçot sisteminin yaradılması məsələsinin qabardılması diqqətimdən yayınmadı. Bu gün dörd milyondan artıq vergi ödəyicisinin yalnız bir milyonunun qeydiyyata alınması hər halda təəssüf doğurur.

Hesabat yığıncaqlarında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun yeni təyin edilən müdiri Fərid Əliyevin bununla bağlı qaldırdığı məsələlərin həllində bələdiyyələrdə öz töhvələrini verməlidir. Bununla yanaşı assosiasiyaların bələdiyyələrin beyn mərkəzinə çevrilməsi üçün bütün qüvvələrin səfərbər etməli olduğunu bildirən sektor müdirinin bələdiyyə sədrləri tərəfindən qaldırılan hər bir məsələni diqqətlə dinləməsi və dərhal reaksiya verməsi də təqdirəlayiqdir.

Ümid etmək olar ki, assosiasiyaların və bələdiyyələrin birləşdirilməsindən başlamış bələdiyyələrdə uçot sisteminin təmin edilməsinədək olan məsələlərin həllində hər kəs və hər bir qurum, xüsusəndə mərkəzi icra orqanları öz sözünü deməli və töhfəsini verməlidir. Bununla da regional idarəetməyə keçid prosesində bələdiyyələrin də üzərinə düşən məsuliyyət yükünü bir növ təmin etmiş olacağıq.

Beləliklə, bələdiyyələr ölkə başçısının apardığı sürətli idarəetmə islahatları prosesinə daha tez uyğunlaşa biləcək və gələcəkdə ölkənin bütün ərazisində regional idarəetmə sisteminin tətbiqi nəticəsində dövlət idarəetmə orqanları ilə yanaşı yerli özünüidarəetmə orqanlarının da fəaliyyətinin köklü şəkildə təkmilləşdirilməsinə nail olmaq mümkündür.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliynin sədri

ŞƏRHLƏR