"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin hüquqi maarifləndirilməsi üçün tədbir keçirilib

--2022-05-04 / 15:11

 

 

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyələrin milli assosiasiyalarının iştirakı ilə Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri üçün “Bələdiyyələrdə hesabatlılıq və şəffaflığın gücləndirilməsi, yerli büdcə gəlirlərindən istifadə” mövzusunda onlayn seminar-müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə açan Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov müşavirənin Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayının başlaması gününə təsadüf etməsini vurğulayaraq Vətən müharibəsi dövründə xalqımızın milli həmrəyliyindən, ölkə prezidenti cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunmasında məqsədyönlü fəaliyyəti, düşünülmüş və qətiyyətli siyasəti sayəsində göstərdiyi əvəzsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Vətən müharibəsi dövründə xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri qələbəmizə layiqli töhfə olmuşdur.

Onlayn tədbirdə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması, regionun dayanıqlı iqtisadi inkişafı və rifahına, eyni zamanda ekoloji tarazlığın bərpa olunması istiqamətində Qarabağ Dirçəliş Fondunun korporativ ianə layihəsinin əhəmiyyətinə toxunularaq bələdiyyələrin milli assosiasiyalarının da bu təşəbbüsə qoşulması barədə müraciət edilib.

Daha sonra dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın gücləndirilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə ölkə Prezidentinin 04.04.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üzrə Milli Fəaliyyət Planı”nın müstəsna əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, Mili Fəaliyyət Planında prioritet məsələlərdən biri də yerli özünüidarəetmənin təkmilləşdirilməsi, müasir innovativ cəmiyyətinin tələblərinə uyğunlaşdırılmasıdır.

Diqqətə çatdırılıb ki, Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin ədliyyə orqanlarında icrası Nazirliyin 19.04.2022-ci il tarixli Kollegiya iclasında müzakirə olunaraq tədbirlər müəyyən edilib. Eyni zamanda bələdiyyələrin milli assosiasiyalarının müvafiq tədbirlərin icrasında fəal rol oynamalarının zəruriliyi qeyd olunub.

Müşavirədə həmçinin yerli büdcə gəlirlərinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələrindən danışılaraq bəzi statistik göstəricilər diqqətinə çatdırılıb. Bildirilib ki, Ədliyyə Nazirliyi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək məqsədilə onlarla metodoloji işi davam etdirir. Yerli büdcə vəsaitlərindən səmərəli istifadə olunması, bələdiyyələrin icra aparatlarının optimallaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinin vacibliyi də vurğulanıb.

Tədbirdə bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində mövcud problemlər və həlli yolları ilə bağlı da çıxışlar edilib. Debitor borcların həlli yolları, ödənişdən yayınan borclu şəxslərlə bağlı pul tələbinə dair bələdiyyələrin inzibati aktlarının qəbulu və məcburi icraya yönəldilməsi tədbirləri, yerli vergi və ödənişlərin uçotu, hesablanması və yığımında olan çatışmazlıqlar, onların aradan qaldırılması yolları., həmçinin bu sahələrdə qanunvericiliyin tələbləri izah edilib, o cümlədən borclu şəxslərlə izahahat işinin aparılması və ictimai qınaq kimi təsirli vasitələrdən istifadə olunması tövsiyə olunub.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bələdiyyələrin fəaliyyətində hesabatlılıq və şəffaflığa əməl olunması barədə tövsiyələr verilib.

 https://www.justice.gov.az/news/3280

ŞƏRHLƏR