"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin fəaliyyətində şəffaflıq

--2019-06-03 / 13:26

Demokratik idarəetmə siteminin bir qolu kimi bələdiyyələrin də fəaliyyətinin təşkilinin hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmişdir. Belə ki, Konstitusiyamızın 142-ci maddəsinin I hissəsinə əsasən ölkəmizdə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr yerli özünüidarəetmə orqanı olmaqla mahiyyət etibarı ilə yerli əhaliyə ən yaxın idarəetmə formasıdır. Bu baxımdan da, bələdiyyələrin işinin şəffaf təşkil edilməsi, yerli əhalinin onların fəaliyyəti ilə yaxından tanış olması üçün şəraitin yaradılması yerli özünüidarəetmənin özünün mahiyyətindən irəli gələn ən vacib tələblərdir, buna əməl edilmədən yerli özünüidarəetməni təsəvvür etmək mümkün deyildir.

Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi olduqca mühüm məsələdir. Çünki, əhali qarşısında qanunvericiliklə müəyyən edilmiş vaxtlarda hesabat verən bələdiyyələr yerli əhalinin problemlərinə bələd olmaqla yanaşı, yerli əhəmiyyətli qərarlar qəbul edirlər. Həmin qərarlar bir çox hallarda əhalinin yaşayışına, gündəlik üzləşdikləri məsələlərə aid olduğundan, yerli əhalinin etimad göstərərək seçdiyi bələdiyyə üzvləri fəaliyyətə başladıqları gündən onlara göstərilən etimadı doğrultmalarını gördükləri iş barədə əhalini ardıcıl məlumatlandırmaqla təsdiqləyirlər.

Bələdiyyələrlə bağlı qəbul edilmiş qanunvericilik aktlarında bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə dair kifayət qədər tənzimləyici normalar müəyyən edilmişdir. Bu normalar istər bələdiyyələrin özünə, istər dövlətə, istərsə də əhaliyə qarşı münasibətdə özünü göstərir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 4-cü hissəsinə əsasən bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçiciləri qarşısında hesabat verir. Bu Qanunun 17-ci maddəsinin 5-ci hissəsinə görə daimi və başqa komissiyalar onları seçmiş bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona hesabat verir.

Adıçəkilən Qanunun 52-2-ci maddəsinə görə bələdiyyələr Konstitusiyanın 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi və bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verirlər. Bununla yanaşı, bələdiyyələr ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim etməlidirlər. Bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.

 Şəffaflığın təmin olunmasına xidmət edən normativ hüquqi aktlar sırasında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 385 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası”nın da xüsusi əhəmiyyəti vardır. Bu Qaydanın 2.1-ci bəndinin tələblərinə əsasən yerli özünüidarə orqanlarının aktları və layihələri onların internet informasiya ehtiyatında açıqlanmalıdır.

Bələdiyyənin nizamnaməsinə uyğun olaraq, əhalinin yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək hüququ vardır. Yerli əhəmiyyətli məsələlər barəsində əhalinin bələdiyyələrə verdiyi bələdiyyə aktlarının layihələri mütləq əhalinin nümayəndələrinin iştirakı ilə açıq iclaslarda müzakirə olunmalı, nəticələri rəsmən elan edilməlidir.

Məlumdur ki, bələdiyyələr fiziki şəxslərdən torpaq vergisi, əmlak vergisi, hüquqi şəxslərdən mənfəət vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan torpaqlarda, bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişlər, kurort rüsumu, mehmanxana rüsumu, bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş və qanunla müəyyən edilən digər yerli ödənişlər toplayırlar. Formalaşan bələdiyyə büdcəsindən vəsaitin hansı istiqamətlərə xərclənməsi barədə əhalinin məlumatlandırılması vacib amildir.

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir.

Həmin Qanunun 11-ci maddəsinin 3-cü hissəsinə görə bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar.

Bununla yanaşı, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. Zəruri hallarda yerli vergi və ödənişlərin yığılmasına və onlardan istifadə edilməsinə nəzarət məqsədi ilə bələdiyyələrin qərarına əsasən müvafiq yoxlamaların aparılması üçün müstəqil auditorlar cəlb oluna bilər. Bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxılır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.

Təkcə maliyyə sahəsində deyil, eyni zamanda bələdiyyələrin hüquqi, ekoloji, sosial məsələlərlə bağlı fəaliyyətində də şəffaflıq təmin edilməlidir. Bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrinin qanunvericiliyə uyğun idarə edilməsi xüsusi mülkiyyətə və icarəyə verilən torpaq sahələri barədə, habelə bələdiyyə ərazisində yaşayan müəyyən sosial təbəqələrə güzəştlərin edilməsi, maddi kömək göstərilməsi barədə yerli əhaliyə məlumat verməklə bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi mümkündür.

Ədliyyə Nazirliyinə daxil olmuş müraciətlər də göstərir ki, bir sıra bələdiyyələrdə mülki dövriyyədən çıxarılan torpaqlar barədə əhaliyə məlumat verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 8-ci hissəsinə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr mülkiyyətə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və kütləvi informasiya vasitələrində hər il hesabat dərc etdirməlidirlər.

Kənd bələdiyyələrinində maliyyə imkanları məhdud olduğu üçün və digər obyektiv səbəblərdən onların öz fəaliyyətlərini kütləvi informasiya vasitələrində işıqlandırmasında çətinliklər yaranır. Ona görə də, bələdiyyənin inzibati binasının qarşısında, əhalinin sıx məskunlaşdığı ərazilərdə müxtəlif elan lövhələri yerləşdirməklə, əhali ilə görüşlər keçirməklə, qanunla nəzərdə tutulmuş vaxtlarda əhali qarşısında hesabatlar verməklə bu çətinlik aradan qaldırıla bilər.

Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi yalnız yerli əhalini məlumatlandırmaqdan ibarət olmamalıdır. Bələdiyyələrin fəaliyyətində şəffaflıq həmçinin, bələdiyyə iclaslarında bələdiyyə üzvlərinin iştirakı və daimi komissiyaların fəaliyyəti ilə də təmin edilir.

Bundan başqa, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq bələdiyyələr qəbul etdikləri aktları onların qəbul edildiyi andan 15 gün müddətində inzibati nəzarəti həyata keçirən orqana, yəni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Beləliklə, bələdiyyələrin fəaliyyətində həm kollegial idarəçilik, həm də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi şəffaflığın təmin olunmasına xidmət edir.

Ədliyyə Nazirliyinə təqdim edilən aktlar inzibati nəzarət qaydasında araşdırılarkən bir sıra hallarda bələdiyyə aktlarında ayrılmış vəsaitin miqdarının göstərilməməsi və s. çatızmazlıqlar müəyyən edilir. Bələdiyyələrin işinin düzgün təşkili baxımından, bələdiyyənin iclas qərarları aydın yazılmalı, müzakirə olunan məsələlər təhlil edilməli və qərarda öz əksin tapmalıdır. Eyni zamanda, bələdiyyə iclaslarının qanunla müəyyən edilmiş ardıcıllıqda keçirilməməsi, iclasların protokollarının tərtib edilməməsi, bələdiyyə üzvlərinin seçiçilər qarşısında hesabat verməməsi, bələdiyyələrin daimi komissiylarının formalaşdırılmaması və ya onların işinin düzgün təşkil olunmaması, bələdiyyənin fəaliyyəti barədə vətəndaşların məlumatlandırılmaması kimi hallarla da qarşılaşmaq olur ki, bu da şəffaflığın təmin edilməsi barədə qanunvericiliyin tələblərinə ziddir.

Bələdiyyələrin ölkənin mədəni, sosial-iqtisadi həyatında mühüm yer tutduğunu nəzərə alaraq, onların şəffaf fəaliyyət göstərməsi həm dövlətin, həm də vətəndaşların marağındadır. Dövlət tərəfindən bələdiyyələrə metodoloji yardım edilməsi, hüquqi maarifləndirmə işlərinin aparılması bələdiyyələrin fəaliyyətini qanunvericiliyə uyğunlaşdırmaq, eyni zamanda onların fəaliyyətində şəffaflığın təmin etmək məqsədi daşıyır.

Bələdiyyələrin fəaliyyəti üçün ən mühüm şərt yerli əhalinin onları dəstəkləməsidir. Bu isə əhalinin bələdiyyələrə etimadının, inamının olmasından asılıdır. Bələdiyyələr bu etimadı yalnız öz fəaliyyətlərini qanunauyğun və səmərəli quraraq aşkarlığı, şəffaflığı təmin etməklə artıra bilərlər.

Bələdiyyələrin işində şəffaflığın təmin olunması onların nüfüzunu artırmağa, yerli özünüidarədə qanunçuluğun təmin olunmasına xidmət edir.

 

  Zaur Ağapaşayev,

Ədliyyə Nazirliyi 

Bələdiyyələrlə İş Mərkəzinin

məsləhətçisi,

III dərəcəli ədliyyə qulluqçusu                                   

ŞƏRHLƏR