"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin faəliyyətinə inzibati nəzarətin həyata keçirilməsi barədə

--2017-06-16 / 12:16

 Azərbaycan Respublikası müstəqilllik əldə etdikdən sonra aparılan əsaslı islahatlar nəticəsində 1999-cu ildə Azərbaycan Respublikasında ilk dəfə olaraq  yerli özünüidarə orqanlarına seçkilər keçirilmiş və nəticədə tam müstəqil şəkildə faəliyyət göstərən bələdiyyələr yaranmışdır. Müstəqil Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş ilk konstitusiyasında bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra normalar öz əksini tapmışdır. Eyni zamanda aparılan köklü islahatların nəticəsi kimi yerli özünüidarə orqanlarının fəaliyyəti və bu fəaliyyətə nəzarətin təşkili ilə bağlı ən ümdə  və prioritet normaların təsbit olunduğu bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir ki, bu normativ hüquqi aktlara “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunlarını aid etmək olar.

Azərbaycan Respublikasının ən ali hüquqi qüvvəyə mallik aktı olan Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsinə əsasən bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bundan başqa “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir.

Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyası və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda bələdiiyyələrin tam müstəqil şəkildə fəaliyyət göstərdiyi öz əksini tapmışdır. Lakin hər bir sahənin, hər bir fəaliyyət sferasının nəzarət mexanizmi mövcud olduğu kimi, bələdiyyələrin fəaliyyətinə də inzibati nəzarət mexanizmi mövcuddur. Həmin nəzarəti də müvafiq icra hakimiyyyəti orqanı həyata keçirir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bu maddədə göstərilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi başa düşülür. Belə ki, “Bələdiyyələri fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə 27.02.2003-cü il tarixli 922 nömrəli fərmanın 2-ci bəndində göstərilir ki, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 3.1.-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. 

   Bu Qanunun 5-ci maddəsində inzibati nəzarət icraatının başlanması əsasları kimi aşağıdakılar göstərilmişdir: 1) bələdiyyələrin normativ aktlarının və bu Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş aktların bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olması 2) hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının müraciəti daxil olması.

  Xüsusilə qeyd etmək lazımdır ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı ən mühüm normativ xarakterli aktlardan biri də “Bələdiyyələrin fəaliyyətinə iznibati nəzarətin təşkili barədə Təlimat”dır ki, bu normativ xarakterli aktda da Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunlarına, habelə Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanıb və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin, regional ədliyyə idarələrinin və Qanunvericilik baş idarəsinin  bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı  vəzifələrinin icrası qaydalarını müəyyən edir.

   Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə əsasən bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.

   Eyni zamanda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən qanunvericilik və icra hakimiyyətləri tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərin həyata keçirilməsinə nəzarəti həmin hakimiyyətlər inzibati nəzarəti həyata keçirən orqana həvalə edə bilərlər.

 

Fərid Yaqublu

Göyçay regional ədliyyə idarəsinin

 aparıcı məsləhətçisi                                                               

 

ŞƏRHLƏR