"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin dalana dirənmiş fəaliyyəti: REAL VƏZİYYƏT VƏ ÇIXIŞ YOLLARI BARƏDƏ

--2021-02-07 / 15:27

Bu gün ölkəmizdə formalaşan bələdiyyələrin ciddi maliyyə çətinliyi ilə üz-üzə qalması danılmaz faktdir. Çoxsaylı problemlərlə yanaşı koronavirus pandomiyasının yaratdığı gərginlik bələdiyyələrimizi həqiqətən çıxılmaz vəziyyətə salıb. Açıq etiraf edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi fəaliyyətinə icazə verilmiş müəssisə və qurumların siyahısında yerli özünüidarə orqanlarının adının olmaması çətinlik və problem burulğanının həndəvərində olan bələdiyyələrin mövcud vəziyyətini daha da gərginləşdirdi.

***

Onu da qeyd edək ki, DSMF-yə küllü miqdarda borcların olması səbəbindən hazırda 1000-dən artıq bələdiyyənin bank hesabı bağlıdır. Məhz bu səbəbdən bələdiyyə əməkhaqqından başqa hər hansı bank əməliyyatı etmək iqtidarında deyil. Hətta bir çox hallarda bank tərəfindən bələdiyyə büdcəsinə daxil olan maliyyə vəsaitinin hamısının borca silinməsi nəticəsində bələdiyyə qulluqçularının əməkhaqqı ala bilməməsi adi hala çevrilib. Halbuki bu addımın atılması özü qanuna ziddir.

Faciə doğuran məqam bir də ondadır ki, borcu ola-ola bəzi siyasi rəhbərlər, yəni icra başçıları sədrləri dotasiyadan daxil olan maliyyə vəsaitinin nəqdləşdirməyi tələb ediblər. Bərdə rayonunun 66 bələdiyyəsinin 800 min manata, Gədəbəy rayonunun 20 bələdiyyəsinin 400 min manata yaxın DSMF-yə borclu qalmasının əsas səbəbi də məhz sədrlərin və siyasi rəhbərlərin məsuliyyətsizliyi ucbatından olması da “gün kimi” aydındır. Məhz bu səbəbdəndir ki, ötən il bələdiyyələrə ayrılan dotasiya da bələdiyyələrin DSMF-yə olan borcunun həcmini azaltmadı.

***

Sosial media üzərindən bələdiyyə sədrlərindən, üzvlərindən və qulluqçularından bələdiyyələrin əsas problemlərini dilə gətirmək dəfələrlə xahiş etsəkdə çox təəssüf ki, əsas mahiyyətə toxunulmaması və ciddi məqamlara deyil, daha çox xırda, bəzən də ciddi görünməyən məqamların dilə gətirilməsi təəssüf doğurur. Bu isə ondan xəbər verir deyək ki, bir çox sədrlərmiz, üzvlərimiz, qulluçularımız öz üzərilərində işləmirlər. Və ən əsası fəaliyyətlərini təbliğ etmək istəmir, ya da siyasi rəhbərlərin qəzəbinə tuş gəlməmək üçün kölgədə qalmağa üstünlük verirlər.

Fikrimcə, bələdiyyə büdcəsinə daxil olan maliyyə vəsaitinin həcminin artırılması üçün hər bir bələdiyyədə xüsusi konsepsiya olmalıdır. Yaxşı olardı ki, bu konsepsiyanın hazırlanmasında bələdiyyə assosiasiyaları da yaxından iştirak etsinlər. Qanunların verdiyi imkandan istifadə etməklə əmlak və torpaq vergisini toplamaqla, əhali arasında təbliğat işinə üstünlük verilməlidir. Mədən vergisinin toplanılması, icarəyə verilən torpaqlardan vergilərin yığılması daim diqqətdə saxlanılmalıdır. Bələdiyyələrdə DSMF-yə borcun yaranmaması və ya artmaması üçün əlavə işçilərin saxlanılması aradan qaldırılmalıdır.

Əlavə edim ki, hər il bələdiyyələr qanunun tələbinə uyğun olaraq seçicilərinə hesabat verməlidirlər. Bu həmdə o deməkdir ki, bələdiyyə öz fəaliyyətini təhlil etməli, nöqsanları, uğurları, irəliləyişləri və axsamaları görməli və nəticə çıxarmalıdır. Ancaq bu il cəmi beş bələdiyyə bu hesabatları təqdim edib, ictimailəşdirib. Mərdəkan, Muxax, Mingəçevir, Kəpəz bələdiyyələrindən başqa demək olar ki, əksər bələdiyyələr pandomiyanı bəhanə gətirərək hesabatı hətta hazırlamayıblar.

***

Nəticə etibariylə deməliyəm ki, bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə kompleks yanaşılmalıdır. Bu gün 1606 bələdiyyədən 300-dən yuxarı bələdiyyənin illik büdcəsi yalnız dotasiyadan ibarətdir. Belə olan halda onların qalmasına nə lüzum var.

Bu gün Ali Baş komandanın və müzəffər ordumuzun atdığı addımlar sayəsində 20 faizlik ərazimiz erməni işğalından azad edilib. Hazırda bu ərazilərdə ciddi layihələr həyata keçirilməkdədir. Nəticədə əhali həmin ərazilərə köçürüləndən sonra atılacaq addımlardan biri də bu ərazilərdə bələdiyyələrin formalaşdırılmasıdır. Demək bələdiyyələrimizin sayının artması realdır. Ancaq illik büdcə gəliri yalnız dotasiyadan ibarət olan bələdiyyələrin saxlanılması nə qədər məntiqlidir. Demək bələdiyyələrin problemlərinin azadılması qanunla müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Və ən əsası ötən illərdə hazırlanan, lakin müzakirəyə belə çıxarılmyan “Yerli icra və özünüidarə orqanlarının səlahiyyət bölgüsünü və bu orqanların qarşılıqlı əməkdaşlğını hüquqi tənzimlənməsini özündə ehtiva edən Qanun”un qəbulu mütləqdir və bələdiyyələrin gələcək fəaliyyəti üçün əsas şərtdir. Çünki siyasi rəhbərlərin bələdiyyələrin fəaliyyətinə müdaxiləsinin qarşısı yalnız qanunla alınmalı və bu əməkdaşlıq qanunla tənzimləməlidir. Bununla yanaşı qanunla bələdiyyələrin sayının azaldılması üçün bələdiyyələrin formalaşması üçün tələb olunan əhalinin say tərkibinin minimum sayının artırılması nəticə etibaryilə bələdiyyələrin sayının azalmasına səbəb olacaq. Bununla yanaşı işləməyən, əhali arasında özünə hörmət qazanmayan, hər ili borcla yola verən bələdiyyələrin də birləşdirilməsi məqsədəuyğun olmalıdır. Misal olaraq Səbail və Xətai rayonlarında formalaşan bələdiyyələrə baxaq. Səbail rayonunda üç, Xətai rayonunda iki bələdiyyə formalaşıb. Badamdar, Bibiheybət və Səbail bələdiyyələrindən yalnız Səbail bələdiyyəsinin fəaliyyəti diqqəti çəkir. Digər bələdiyyələr haqqında nə bilgi var, nə də ki fəaliyyət. Əməkhaqqını belə verə bilməyən bu bələdiyyələrin qalmasının nə əhəmiyyəti var. Və yaxud Əhmədli bələdiyyəsinin ötən illərdəki qalmaqallı fəaliyyəti, seçilmiş sədrlərin bələdiyyəni kənardan idarə etmək çəhdi nəticədə bələdiyyələri sakinlər üçün görünməz edib. Demək, bu bələdiyyəni də fəaliyyətiylə seçilən Xətai bələdiyyəsinə birləşdirlməsinə tam zəruriət vardır.

***

Beləliklə, bələdiyyələrin problemlərinin azaldılması və bu qurumların müəyyən inkişaf səviyyəsinə çatdırılması üçün ilk növbədə xüsusi konsepsiya hazırlanmalı və problemlərin həllinə konseptual yanaşılmalıdır. Qanunlardakı və normativ hüquqi sənədlərdəki boşluqların aradan qaldırılmasından başlamış maliyyə gəlirlərinin artırılması və bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi məsələsi gündəmə gətirilməli, yerlərdə mövcud idarəetmədəki paralellik aradan qaldırlmalıdır.

Bir məqamı da vurğulayım ki, dəyişiklik ediləcək hüquqi sənədlərdə bələdiyyə sədrlərinin məsuliyyət məsələsinə də yer ayrılmalıdır. Yəni bələdiyyəni borclu vəziyyətə salan şəxslərin məsuliyyət daşıması xüsusi qeyd edilməlidir. Bəlkə bu məqamın qəbulundan sonra bələdiyyələrdə borc yaranmaz.

Bununla yanaşı bələdiyyə assosiasiyalarının fəaliyyətinin daha səmərəli və keyfiyyətli olması, bələdyyələrin arxasınca deyil, bələdiyyələri arxasınca aparması üçün bu üç qurumun birləşdirilərək fəaliyyətinə yenidən baxılmasına ehtiyac vardır.

Biz seçicilər isə gələcəkdə keçiriləcək seçkilərdə məhz layiqli namizədə səs verməklə bələdiyyələrimizin nufuzunu artırmış olacağıq.

Hər halda qaldırılan məsələlər ətrafında düşünməyə dəyər.

Vüqar Tofiqli

ŞƏRHLƏR