"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrə qənim kəsilənlər və ya dəstək verənlər?

--2022-11-28 / 14:19

Son bir ildə ki, apardığımız müşahidələr ondan xəbər verir ki, bəzi RİH başçıları bələdiyyələrə qarşı sanki səlib yürüşünə başlayıblar. Bu gün müxtəlif səpgili tədbirlərdə, xüsusəndə səyyar görüşlərdə addımbaşı bu qurumun təmsilçilərinin aşağılanması, özlərinin yalnış hərəkətlərini və danışıqlarını bələdiyyə sədrlərinə qanunların “özlərinin yazdıqları yeni maddə”si kimi qəbul etdirilməsi hallarını dəfələrlə müşahidə etməkdəyik. Bəzi icra başçılarının özlərini rayonun siyasi rəhbəri kimi deyil, bu gün rayonun “ağası” kimi aparması, hətta bələdiyyəni özünəməxsus obyektdə fəaliyyət göstərməsini, bütün məclislərin və tədbirlərin məhz başçıya məxsus “Şadlıq evi”ndə keçirlməsinin tələb edilməsi adi hala çevrilib. Üstəlik, bələdiyyənin fəaliyyətinin daim nəzarətdə saxlanılması, təşəbbüskar olanların, sərbəst və müstəqil qərar vermək niyyətində olanların isə dərhal məcburi şəkildə əvəzlənməsi də təkrarlanan hallardan sayıla bilər. Son üç ilə yaxın bir müddətdə bələdiyyələrdə baş vermiş sədr dəyişikliyi ilə bağlı statistikanı nəzərdən keçirmiş olsaq yəqin ki, müəyyən nəticəyə gələ bilərik.

Bununla yanaşı bələdiyyənin vətəndaşa fərdi yaşayış sahəsi üçün torpaq sahəsinin ayrılması zamanı RİH-lərin memarlıq şöbəsindən rəsmi rəyin alınmasını məqsədli şəkildə aylarla və illərlə ləngidilməsi, hətta şəhid ailələrinə verilməsi üçün nəzərdə tutulan torpağa görə “umub-küsən”lərin olması artıq bir çox yerlərdə heç kəsdə təəccüb doğurmur və sirr deyil.

Ən maraqlı məqam isə bələdiyyənin həyata keçirdiyi layihələri öz adlarına çıxılması bir tərəfə, onların məlumat paylaşılmasında maneə yaradılması və bu məqama qısqanclıqla yanaşılması isə əsil faicədir.  

Bəli, bu bir həqiqətdir ki, bəzi icra başçılarının bu cür hərəkətləri tək bələdiyyə sisteminə deyil, əhalinin həm də yerli icra strukturuna olan inam və etimadını gölgə altına alır və almaqdadır.

Sual olunur, necə ola bilər ki, Səbail RİH başçısı bələdiyyələrin fəaliyyətinin təbliğinə maraqlı olduğu, hətta sərbəst şəkildə vətəndaş qəbulların keçirilməsini daim tövsiyə etdiyi halda, paytaxtın digər rayon icra başçıları bu təklifə məhəl qoymur və bələdiyyənin həyata keçirdiyi layihəni öz adlarına yazdırmaqdan sanki zövq alırlar. Hətta paylaşdıqları məlumatda belə etiket xatirinə də olsa belə bələdiyyənin adını çəkmirlər.

Necə ola bilər ki, Yasamal və Nərimanov RİH başçıları tədbirlərdə, keçirdikləri səyyar görüşlərdə bələdiyyələrlə tərəf müqabili kimi davranaraq hesablaşır və yalnız tövsiyə xarakterli fikirlər səsləndirir, Sabunçu RİH başçısı bütün fəaliyyətini bələdiyyə üzərindən qurur və daim bu qurumun qarşılaşdıqları problemlərin həllinə çalışır və müəyyən mənada nail olur, amma digər RİH-başçıları bələdiyyənin adlarını dillərinə gətirməyi özlərinə sığışdırmır və ən nəhayət bələdiyyənin həyata keçirdiyi layihənin açılışına da maneə yaradır.        

Odur ki, bu gün bələdiyyə sədrinin icra başçısını məhkəməyə verməsini sıradan bir hadisə kimi hesab etmk olmaz. Ağsu RİH başçısının hansı arqumentləri əsas gətirərək bələdiyyə sədrini az qala “xalq düşməni” elan etməsi başa düşülən deyil. Məhz müvafiq orqanların bu məqamı araşdırmasına və hüquqi qiymət verməsinə ehtiyac var. Baş vermiş hadisəyə obyektiv qiymətin verilməməsi hadisələrin digər rayonlarda təkrarlanma ehtimalını artıra bilər. Bundan sonra hansı qərarın verilməsindən asılı olmayaraq Ağsu RİH başçısı bələdiyyə sədrini bu həddə çatdırdığı üçün yəqin ki, gələcək hərəkətlərinə diqqət yetirməli olacaqdır. Özü də tək o yox, digər özündən müştəbeh olanlar da.

Mənə maraqlı gəlir ki, on dörd il Lerik RİH-in başçısı işləmiş şəxsin bələdiyyə barəsində, bələdiyyə qanunvericiliyi barəsində təsəvvürü olmaya bilərmi? Bu gün siyasi rəhbərin ətrafında olan məmurların passivliyi, birtərəfli mövqe tutmaları da prosesi bir qədər də alovlandırıb.

Başqa bir məqam isə Ağsu RİH başçısının 14 il çalışdığı Lerik rayonunda formalaşan 29 bələdiyyənin son on il ərzində orta hesabla il ərzində 75 min manat büdcə gəlirinin olması idi ki, bununda 50 min manatı dövlət tərəfindən ayrılan dotasiya olub. Belə çıxır ki, 29 bələdiyyənin ay üzrə 71 manat büdcə gəliri olub. Belə olan halda hörmətli siyasi rəhbərin bununla bağlı təklifləri niyə olmayıb? Vəziyyətin düzəldilməsi üçün niyə konkret addım atılmayıb? Bu gün Lerik bələdiyyələri əvvəl ki siyasi rəhbərlərin “qatıb-qarışdırdığı” vəziyyəti düzəldə bilmir və əziyyət çəkirlər. Nə isə…

Bizim əsas məqsədimiz bələdiyyələrin müstəqil və sərbəst fəaliyyətinə məhz RİH başçıları tərəfindən şəraitin yaradılmasına çalışmaqdır. Onu da etiraf edim ki, bələdiyyə sədrləri arasında təsadüfən seçilən, yerində olmayan, bir neçə dəfə “türmə” həyatı yaşayanlara rast gəlinsə də böyük əksəriyyəti kəndinin, qəsəbəsinin və şəhərinin inkişafına maraqlı olan ziyalılardır.

Bizim hər birimizin məqsədi isə Ulu öndər Heydər Əliyevin təbirincə desək “bələdiyyələrin demokratiyanın inkişafında yeni mərhələ” olmasına çalışmaqdır. Bunu həm bələdiyyə üzvləri, ən əsası da siyasi rəhbərlər bilməli bu prosesə öz töhvələrini layiqincə verməlidirlər.

Vüqar Tofiqli

“Bələdiyələrin fəaliyyətinin təbliği” ictimai birliyin sədri

ŞƏRHLƏR