"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrə qarşı etinasız münasibət dəyişməlidir-OXUCU RƏYİ

--2021-07-08 / 14:23

Bələdiyyələrə qarşı etinasız münasibət dəyişməlidir-OXUCU RƏYİ

Belediyye.info saytının redaktorunun Əmlak Məsələləri Dövlət Xidmətinə sualları ünvanlayarkən məndə az da olsa ümid yaranmışdır ki, Xidmət rəhbərliyi tərəfindən həmin suallara səmimi, obyektiv, tam və hərtərəfli cavablar veriləcəkdir. Amma sualları cavablandıran Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, hörmətli Elçin Yusubovun elə ilk suala cavabından ümidlərimin doğrulmayacağına əmin oldum.

Elçin müəllim cavabında Naxçıvan MR-da olan bələdiyyələri ayırmış, həmin bələdiyyyələr haqqında heç bir məlumat verməmişdir. Göstəriləndən belə nəticəyə gəlmək olar ki, Naxçıvan MR-da yerləşən bələdiyyələrə ərazi xəritələrinin verilməsi haqqında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatı olmamış və ya onlara bu işlərin hansı mərhələdə olması barədə heç bir məlumat verilməmişdir. Naxçıvan MR-nın Azərbaycan Respublikasının ərazisi olduğu halda Xidmətin Muxtar Respublikanı istisna etməsi başa düşülən deyildir.  

Redaktorun, təsdiq üçün bələdiyyələrə göndərilən elektron xəritələrədəki qüsurların aradan qaldırılmasının hansı səbəblərə görə ləngiməsi haqqında sualına Xidmət rəisinin müavini tərəfindən cavab belə verilməmişdir. Bu sualın cavabının bir çox bələdiyyələr üçün nə qədər vacib və əhəmiyyətli olduğunu nəzərə alsaq, Xidmət tərəfindən bir kəlmə də olsun bu barədə məlumat verməmək bələdiyyələrə olan hörmətsizlikdir.

Xidmət rəisinin müavini Elçin müəllim cavablarında qeyri-səmimiliyi davam etdirərək Azərbaycan Respublikası Prezidentinin 1999-cu il Fərmanının yerinə yetirilməsinin 21 il ləngiməsi sualına- “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” AR Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 237 nömrəli Fərmanına uyğun olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bu istiqamətdə işlər görülmüşdür,- ifadəsi ilə kifayətlənmişdir. Bələdiyyə üzvlərinə bəllidir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən bu Qanunun icrasına 3 ay vaxt verildiyi halda 21 il ərzində müvafiq qurumlar tərəfindən bu istiqamətdə heç bir iş görülməmiş, Qanunun icrasını ləngidən obyektiv və subyektyiv amillərin aradan qaldırılmamış, bununla da, Azərbaycan bələdiyyəsinin inkişafının qarşısına keçilməz sədd çəkilmiş və inkişafı 20 il ləngidilmişdir.

Ölkə üzrə (Naxçıvan Muxtar Respublikası naməlum səbəblərdən istisna olmaqla) 1436 bələdiyyədən 621 bələdiyyənin xəritəsinin müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılaraq, Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması üçün Azərbaycan Respublikası Prezident Adminstrasiyasına təhvil verilməsinin, eyni zamanda, 205 bələdiyyənin xəritəsinin müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırlması və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması üçün Azərbaycan Respublikası Prezident Adminstrasiyasına verilməsi mərhələsində olmasının, həmçinin, 610 bələdiyyənin xəritəsinin isə müvafiq rayon və şəhər icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırma mərhələsində olmasının son 1-2 ərzində baş verdiyini nəzərə alsaq, bu istiqamətdə ləng də olsa gözə çarpan irəliləyiş olduğu danılmazdır.

Ənənəni davam etdirərək Elçin müəllim, bələdiyyələrin potensial vergi mənbəyi olan paytaxt və ətraf ərazilərdə mövcud olan 500 mindən çox sənədsiz mənzil və evlərə mülkiyyət sənədinin verilməsi haqqındakı son suala da çox lakonik olaraq “Azərabycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırlması tədbirləi haqqında” AR Prezidneti Adminstrasiyasının rəhbərinin 2019-cu il 13 may tarixli 37 saylı sərəncamnın icrasına dair 2019-cu il 27 iyun tarixdə təsdiq edilmiş tədbirlər planında nəzərdə tutulmuş qaydada baxıldığını bildirmişdir. Cavabda 2019-cu ilin iyun ayından 2021-ci ilin iyun ayına kimi olan iki il müddətində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hansı işlərin görüldüyü, neçə evə və mənzilə mülkiyyət sənədinin verildiyi, həmin sənədlərin verilməsində bələdiyyələrlə bağlı hansı problemlərin olduğu və bunun necə həll olunduğu göstərilməmişdir.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun ölkəmizdə fəaliyyət göstərən bələdiyyələri maraqlandıran və gələcək fəaliyyətini tənzimləyən məsələlərə aid verilmiş bu və digər suallara cavabları həmin Dövlət Xidmətinin bələdiyyələrə olan münasibətin bariz nümunəsidir. Çox təəssüf ki, digər dövlət qurumları tərəfindən də bələdiyyələrə qarşı münasibət bu səpkidədir. Bələdiyyələrin inkişafı üçün dövlət orqanları tərəfindən bələdiyyələrə qarşı bu etinasız münasibət dəyişməli, hər bir qövlət qurumu və onun rəhbəri qanunla üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirməlidir.

Əli Mahmudov

hüquqşünas

ŞƏRHLƏR