"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrdə şəffaflığı təmin etməyən sədrlərə…

--2021-12-03 / 05:29

Biz artıq iyirmi ilə yaxındır ki, bələdiyyə sisteminin inkişafına yönəlik layihələri icra etməklə, bu qurumların qarşılaşdığı problemlərin ictimailəşdirilməsi və həllinə nail olmaq üçün addımlar atırıq. Hər halda fəaliyyətimiz göz önündədir.

Bu gün bələdiyyələrin üz-üzə qaldığı problemlərin bir səbəbi də bələdiyyələrdə şəffaflığın təmin edilməməsi, KİV-lə əlaqələrin sivil formada qurulmaması, habelə sosial medianın verdiyi imkandan tam yararlanmaması hesab edilə bilər. Birbaşa mətləbə keçim.

Əgər bələdiyyə sədri gündə bir telefon nömrəsi işlədrisə, hətta bizim telefon zənglərimizə belə cavab vermirsə, “əşşi bələdiyyə sistemi düzələn deyil” deyirsə, real olaraq bələdiyyənin inkişafına, onun probleminin həllinə çalışmaq əvəzinə günbəgün bələdiyyənin borclandırırsa, demək biz seçici olaraq seçimimizi düzgün etməmişik, yanılmışık. Və bu gün belə sədrlərin bü cür fəaliyyəti ictimailəşdirilməlidir. Konkret.

Misal olaraq Neftçala bələdiyyəsinin sədri hansı səbəbdən ayda bir telefon nömrəsi işlətməlidir. Seçicisi əgər bu sədri axtarırsa, problemini bu sədrə necə və hansı formada deməlidir. Və ya yaxud Sabirabad bələdiyyəsinin sədri barədə də təxminən eyni fikirləri söyləmək olar. Fərq ondadır ki, bu sədr nömrə dəyişimir, sadəcə telefon zənglərinə ümumiyyətlə cavab vermir. Hələ Abşeron bələdiyyələrindən birinin yeni seçilən sədrinin hərəkəti lap faciədir. Ardıcıl edilən zəngləri sədr dərhal bloka atır və bununla da işini bitmiş, problemi həll etmiş olur. Mən hələ 784 min manat DSMF borcu olan Biləcəri bələdiyyəsinin sədrinin “komxoz”a aid zibil qutularının təkərlərinin bəh-bəhlə təmir edib paylaşmasını, DSMF-yə 85 min manat borcu olan Əhmədli bələdiyyəsinin sədrinin məsuliyyətsiz hərəkətləri barədə dəfərlərlə yazdığımdan təkrar etmirəm. Həqiqətən ciddi və hər kəsi narahat etməli olan məsələlərdir.

Və yaxud Qəbələ bələdiyyəsinin sədri çox hörmətli Ramin Əliyev. Artıq yeddinci ildir ki, sədr vəzifəsində çalışır. Etiraf edim ki, müəyyən fəaliyyət də var. Ancaq edilən müraciətlərə cavab vermirsə, fəaliyyətini icitmailəşdirmirsə, demək o fəaliyyət də sıfıra bərabərdir.

Nəyə görə bizim göndərdiyimiz məktubu sentyabrın 23-də alan sədr ona yalnız Şəki regional ədliyyə idarəsinin müdaxiləsindən sonra cavab verməlidir. Hansı səbəbə? Maraqlıdır. Telefon zənglərinə cavab vermirsə, onda sual olunur o telefon hansı məqsədlər üçün istifadə olunur. Maraqlıdır, dostu olan icra başçısı zəng edəndəmi cavab vermir? Cavab maraqlı olardı. Və yaxud regional idarənin müdaxiləsindən sonra verilən başdansovdu cavablar sədrin intellektinin hansı səviyyədə olmasındanmı xəbər verir? Xeyr, əsla belə deyil. Düşünmürəm. Çünki rayonun icra başçısı səviyyəli və nümunəvi idarəçilik məktəbi keçmiş insandır və ətrafına da səviyyəli insanları toplayıb. Sadəcə rayonun siyasi rəhbəri olaraq bələdiyyə sədrinin bu məsuliyyətsizliyindən xəbəri yoxdur, bəlkə də. Yəqin ki, bundan sonra xəbəri olacaq və müəyyən tövsiyələri də verəcək.

Gəlin nəzərə alaq ki, cəmiyyətdə bələdiyyələrə qarşı neqativin yaranmasında bir səbəb kimi məhz şəffaflığını təmin edilməməsi də dayanır.

Nə isə. Hər halda düşünməyə dəyər...

P.S.Məktubu isə məqam gələndə icitmailəşdirəcəyəm. Mütləq....

Vüqar Tofiqli

 

ŞƏRHLƏR