"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrdə əmək münasibətləri hansı formada tənzimlənməlidir?

--2019-05-10 / 13:59

Təhlillər göstərir ki, əksər bələdiyyələrdə bələdiyyə ilə bələdiyyə qulluqçuları arasında yazılı şəkildə əmək müqavilələri bağlansa da, bu münasibətlər formal xarakter daşıyır, çunki əmək müqavilələri elektron informasiya sistemində qeydiyyata alınmadığndan hüquqi qüvvəyə malik olmur. Buna görə də gələcəkdə həmin işçilərin adına yığım olmaması səbəbindən pensiya təminatında çətinliklər yaradır. Bunlar sadəcə məsələnin şərti hissəsidir. Aşağıda isə bu məsələni mümkün olduğu qədər yığcam şəkildə izah etməyə çalışacam. Ilk olaraq əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üsuluna, sonra isə işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi ilə əlaqədar hüquqi məsuliyyət məsələlərinə toxunacağam.

Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənin və ya onun səlahiyyət verdiyi şəxsin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmzası olmalıdır. ASAN İmza SİM kartını mobil operatorların nümayəndəliklərindən əldə edib, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə ASAN İmza sertifikatı ala bilərlər. İşəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalı, bundan sonra əmək müqaviləsinin məlumatlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edərək onun hüquqi qüvvəyə minməsi üçün müvafiq bildiriş əldə etməlidir.

İşçi haqq müqabilində işəgötürənin xeyrinə əmək qabiliyyətini reallaşdırırsa bu zaman onlar arasında əmək münasibətləri yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir.

Onu da qeyd edim ki, əmək müqaviləsi ilə bağlı prosedurlarda dəyişiklik edilib. Belə ki, Nazirlər Kabinetinin 01.05.2019 tarixli 191 №-li “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ında dəyişiklik edilmişdir.

Dəyişikliyə əsasən, artıq əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənlə bərabər Vergilər Nazirliyinə də məlumat göndəriləcək.

Bununla yanaşı, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanılması elektron informasiya sistemində Vergilər Nazirliyi tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınacaq.

Həmin hallarda elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və Vergilər Nazirliyinə elektron qaydada məlumat göndəriləcək.

İşçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi ilə əlaqədar aşağıdakı məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur:

Qanun pozuntuları

Məsuliyyət tədbirləri

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə (Vergi Məcəlləsi, maddə 58.10)

hər bir belə işçi üzrə 1000 manatməbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə (İnzibati Xətalar Məcəlləsi, maddə 192.1)

fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək miqdarda,

vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək miqdarda,

hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda inzibati cərimə edilir.

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə (Cinayət Məcəlləsi, maddə 162-1.1)

 

 

Eyni əməllər təkrar törədildikdə (Cinayət Məcəlləsi, maddə 162-1.2)

7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetməilə cəzalandırılır.

 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Qeyd: Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Şəxs bu qeyddə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.

İşəgötürən öz fəaliyyəti ilə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə, cərimə və sanksiyalara məruz qalmaması üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməli, müəyyən edilmiş qaydada əmək müqavilələrinin rəsmiləşdirilməsini təmin etməlidir.

Qeyd olunan sanksiyaların tətbiq edilməsinin qarşısını almaq məqsədi ilə bələdiyyələrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək münasibətlərinin rəsmiləşdirilməsinə dair tələblərinə riayət edilməsinə tövsiyə edirəm.

 

Bərdə Regional Ədliyyə İdarəsinin

məsləhətçisi (iqtisadçı) Asəf Əkbərov

ŞƏRHLƏR