"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr Assosiasiyasından Vergilər Nazirliyinə cavab - YENƏ YIĞACAĞIQ

--2018-10-17 / 09:08

Yeni binalardan müqavilə ilə mənzil alanlara, həmçinin sənədsiz torpaqlarda ev tikən vətəndaşlara bələdiyyələr tərəfindən əmlak və torpaq vergisinə dair bildirişlər gəlir. Bu isə vətəndaşlar arasında müəyyən narazılıqlar yaradıb. Çünki bildirişlərdə qeyd olunur ki, vergini müəyyən edilmiş müddətdə ödəməsələr, Vergi Məcəlləsinə uyğun olaraq, onların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacaq və maliyyə sanksiyası tətbiq ediləcək

Əgər vətəndaşın xüsusi mülkiyyəti təsdiq edən sənədi- çıxarışı (“kupça”) yoxdursa, o zaman vergiyə cəlb oluna bilərmi? Bu məsələ yeri özünüidarəetmə təşkilatları ilə Vergilər Nazirliyi arasında da bir fikir ayrı-seçkiliyi yaradıb.

Vergilər Nazirliyi müraciət edir ki, bələdiyyələrin vergi ödənişi ilə bağlı etdikləri bu tələb qanuna ziddir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyəti təsdiq edən sənədi yoxdursa, o zaman həmin binaya əmlak vergisi hesablanmamalıdır.

Nazirlikdən bildirilib ki, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə görə, fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən edilmiş dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə əmlak vergisi ödəyirlər.

“Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir. Qanunvericilikdə “kupça”sı olmayan evlərə görə əmlak vergisi nəzərdə tutulmayıb. Belə hallarla üzləşən vətəndaşlar yerli bələdiyyələrə müraciət edərək Vergi Məcəlləsinin 197.1.1 maddəsinə istinad edə bilərlər. Həmin maddəyə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır” deyə Nazirlik xəbərdarlıq edir.

Bələdiyyələrin İqtisadi İnkişafı və Əlaqələndirmə Departamentinin direktoru, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının icra katibinin müavini Pərviz Muradov isə FED.az-a açıqlamasında “kupça”sız evlərdən vergi yığılmasını qanunauyğun hesab edir.

P.Muradovun sözlərinə görə, əmlak vergisinin alınması “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında “Qanuna əsasən aparılır: “Həmin qanunda qeyd olunur ki, torpaq vergisi mülkiyyətdə və istifadədə olan torpaq sahələrinə görə vergiyə cəlb olunur. Əmlak vergisi isə tikililər və onun hissələrinə görə vergiyə cəlb olunur. Yəni orada “xüsusi mülkiyyət” ifadəsi yazılmır.

Vergilər Məcəlləsinin 197-ci maddəsində isə deyilir ki, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələrinə (budan sonra bina adlandırılacaq) vergi şamil edilir. Burada “Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər” ayrı göstərilir və bura xüsusi və xüsusi olmayan bütün mülkiyyətlər daxildir. Vergilər Nazirliyin bu məsələni vətəndaşlara düzgün izah etmir”.

Departament direktoru həmçinin qeyd edir ki, Torpaq Məcəlləsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna görə, qanunsuz zəbt edilmiş torpaqların geri qaytarılması mümkün olmadıqda və Elektrik, rabitə, nəqliyyat xətləri altına və sürüşmə zolağına düşmürsə, bələdiyyənin qərarı ilə vətəndaşın mülkiyyətinə və ya icarəsinə verilə bilər: “Qanunda dəyişiklik olarkən, 2004-cü ildə Vergilər Nazirliyinə müraciət etdim ki, ərazidə uzun illərdən bəri torpaqlar zəbt olunub bu halda biz nə etməliyik. Onlardan belə bir cavab gəldi: “Torpaq Məcəlləsinin 66-ci Maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

Eyni zamanda Mülki Məcəllənin 243.1-ci maddəsinə görə, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

Göstərilənləri nəzərə alaraq bildirir ki, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələrin qərarları və tərəflərin arasında müqavilənin bağlanıb-bağlanmamasından asılı olmayaraq başqa şəxsə mənsub torpaq sahəsində daşınmaz əmlakı olan fiziki və hüquqi şəxslər həmin torpaq sahələrinin istifadəçiləridir və onlar Vergilər Məcəlləsinin 205-ci Maddəsinə uyğun olaraq torpaq vergisini ödəməlidirlər”.

“Bu bizə verilən rəsmi cavabdır. Torpaq üzərində 3 mülkiyyət növü var: dövlət, bələdiyyə və özəl. Yəni bələdiyyənin torpağında qanunsuz nəsə tikilibsə, müqavilənin olub-olmamasından, icazə verilib-verilməməsindən asılı olmayaq vergi ödənməlidir”-P.Muradov vurğulayır.

Müsahimiz deyir ki, əgər əmlak mövcuddursa və istismardadırsa, ona vergi hesablanmalıdır: “Əgər həmin əmlakın sahibi mülkün ona aid olmadığını deyərsə, o zaman “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanuna əsaslanaraq sahibsiz əmlakı bələdiyyə mülkiyyətinə keçirmək mümkündür. Ondan sonra da bələdiyyə həmin daşınmaz əmlakı istədəyi kimi idarə edə bilər.

Bundan əlavə, Reyestr haqqında qanundanda gördündüyü kimi əmlak mövcud olduğu halda dövlət qeydiyatına alınır. Qanuna görə əmlakın dövlət reyestrindən qeydiyyatdan keçdikdən sonra kimə mənsub olduğunu bildirir. Buda qeydiyatdan qabaq hüquqi sənədlərə əsasən aparılır. Burdanda aydın olur ki, əmlak mövcuduur ki, onun qeydiyatı aparılır. Bu gün ölkədə çoxlu sayda tikinti işləri aparılır və bunların maliyyə sənədləri ilə alqısı-satqısı aparılır. Mənzil Məcəlləsində göstərilir ki, koperativ binalarda mənzil tikildikdən sonra, pulu tam ödəndikdən sonra o da mənzili alan şəxsin mülkiyyəti hesab edilir və üzərində sərəncam vermək və girov qoymaq hüququ var.

Azərbaycanda mülkiyyətlərin 70 faizinin Çıxarışı yoxdur. Bu cür qeydiyyatların aparılmadığı dövrlərdə Nazirlər Kabinetinin qərarı varidi ki, səlahiyyətli orqanlar tərəfindən mənzil tikintisi üçün nəzərdə tutulan sahələrdə inşa edilən əmlaklar vətəndaşların mülkiyyəti sayılır. Bu gün Vergilər Nazirliyinin açıqlaması sadəcə olaraq vətəndaşları çaşdırmaqla məşğuldur”.

P.Muradov vergilərin ödənilmədiyi halda əlavə faizlərin hesablanmasına və maliyyə sanksiyasının tətbiq edilməsinə də aydınlılq gətirdi: “Qanunda nəzərdə tutulur ki, Vergilər Məcələsində vergi ödənilmədiyi halda hansı cəza tədbirləri nəzərdə tutulubsa, yerli vergilərin ödənilmədiyi halda da o cəza tədbirlər tətbiq edilə bilər. Vaxtında qeydiyyata durulmayanda 40 manat cərimə olunur və son 3 ilə dair vergi hesablanır”.

 Belediyye.info

ŞƏRHLƏR