"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvləri hüquqi maarifləndirmə tədbirlərinə cəlb olunublar

--2022-06-16 / 18:20
Ədliyyə Nazirliyi tərəfindən regionlarda təşkil edilən silsilə tədbirlərin davamı olaraq, bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə növbəti seminar-müşavirə Lənkəran şəhərində keçirilib. Lənkəran Regional Ədliyyə İdarəsinin yurisdiksiyası üzrə keçirilən seminar-müşavirədə Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarında fəaliyyət göstərən bələdiyyə üzv və qulluqçuları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə "Yerli büdcə gəlirlərinin artırılması üçün həyata keçirilməli tədbirlər və müvafiq qanunvericiliyin tələbləri barədə", "Korrupsiya risklərinin azaldılması məqsədilə bələdiyyələrin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə şəffaflığın və hesabatlılığın artırılması" və "Bələdiyyə əmlakından və büdcəsindən səmərəli istifadə edilməsi, büdcə prosesinin və yerli büdcənin icrasına dair hesabatların qanunauyğunluğunun təmin edilməsi" mövzularında məruzələr dinlənilib.
Müşavirədə çıxış edən Ədliyyə Nazirliyinin əməkdaşları “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlərdən söz açıb, o cümlədən yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməklə korrupsiya risklərinin azaldılması məqsədilə bələdiyyələrin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmasının vacibliyini diqqətə çatdırıblar. Həmçinin bələdiyyələrin əlaqələndirmə şuralarının internet səhifələrinin daimi işlək vəziyyətdə saxlanılması, bələdiyyələr tərəfindən görülmüş işlərin həmin səhifədə yerləşdirilməsi təmin edilməklə yerli əhalinin məlumatlandırılmasının diqqətdə saxlanılması, vətəndaş müraciətlərinə, o cümlədən şəhid ailələrinin, müharibə iştirakçılarının müraciətlərinə diqqət və həssaslıqla yanaşılması və bu müraciətlərin həlli istiqamətində qanunvericiliyə uyğun tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Seminarın sonunda müzakirə olunan mövzular ətrafında fikir mübadiəsi aparılıb, suallar cavablandırılıb
Ədliyyə nazirliyi  
 
ŞƏRHLƏR