"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə torpaqlarının idarəçiliyi sahəsində qanunvericiliyə nəzarəti həyata keçirmək üzrə Daxili Komissiyanın hesabatı

--2022-07-03 / 11:32

18 iyun 2022-ci ildə Azərbaycan Respublikası Ağsu rayonu Gəgəli bələdiyyəsinin 10 saylı iclası keçirilmişdir. İclasda bələdiyyənin doqquz üzvündən səkkiz üzvü iştirak etmişdir. Gündəlikdə duran məsələlərdən biri "22.09.2021-ci il tarixli Bələdiyyə iclasının qərarı ilə yaradılmış bələdiyyə torpaqlarının idarəçiliyi sahəsində qanunvericiliyə nəzarəti həyata keçirmək üzrə Daxili Komissiyanın hesabatının dinlənilməsi və qəbul edilməsi" məsələsinin müzakirəsi olmuşdur. Bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bu məsələ ilə bağlı çıxış etmişdir: Daxili Komissiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin “Bələdiyyə əmlakının, o cümlədən torpaqlarının inventarizasiyasının aparılması, mövcud qanunsuzluqların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə” (https://justice.gov.az/ categories/1628) və “Bələdiyyə torpaqlarının idarəçiliyi sahəsindəki qanunsuzluqların aradan qaldırılması barədə” (http://www.justice.gov.az /categories/1073) tövsiyələrini əsas alaraq Gəgəli Bələdiyyəsinin mülkiyyətində olan Bələdiyyə Ehtiyat Fondu torpaqlarının istifadə vəziyyətini oktyabr-may aylarında əkin-biçin vaxtlarında monitorinq və təhlil etmişdir. Bu zaman Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin göndərdiyi 25.06.2020-ci il 20-102 nömrəli məktubunda bələdiyyə torpaqlarının mülki dövriyyəsində şəffaflıq məsələsinə dair tövsiyyəsi də əsas alınmışdır. Komissiya 14.07.2020-ci il tarixli Bələdiyyə iclasının qərarı ilə yaradılmış Bələdiyyə mülkiyyətində olan və icarəyə verilmiş ərazilərdə yerindəcə monitorinqin aparılması və elektron bazada icarə ödənişləri ilə bağlı kameral yoxlamanın keçirilməsi üzrə Daxili Komissiyanın hesabatı ilə müqayisəli şəkildə işləmişdir. Daxili Komissiya oktyabr-may ayları boyunca torpağın vəziyyəti ilə bağlı prosesləri izləmiş, müşahidə etmiş, monitorinqlər aparmış, məktublarla aidiyyatı qurumlara müraciət etmiş, yeni xəritələr və sənədlər əldə edərək təhlillər aparmışdır. Komissiya müəyyən etmişdir ki, Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən şübhə yaradan və düzgün istifadədən yayındıran sənədlər tərtib olunmuşdur. Belə ki, icarə müqaviləsi örüş torpaqları üçün bağlanılmış Bələdiyyə Ehtiyat Fondu torpaqları üçün əkin torpağı olması haqqında və ya birbaşa təyinatını (uqodiyası) göstərmədən kənd təsərrüfatı təyinatlı torpaq kimi çıxarışlar, plan və ölçü verilmişdir. Halbuki əvvəlki sənədlərdə torpağın uqodiyası və istifadə sahəsi (heyvandarlıq və ya əkinçilik) aydın göstərilmişdir. Qeyd olunmalıdır ki, çıxarışların, plan və ölçülərin nüsxələri nə Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən, nə də icarəçi tərəfindən bələdiyyəyə verilməmiş, Bələdiyyə rəhbərliyinin müvafiq məktublarından sonra bəzilərinin surətləri (bəzi hallarda təhrif olunmuş) təqdim olunmuşdur. Nədənsə, mülkiyyət bələdiyyənin olduğu halda mülkiyyətçinin hüquqlarının pozulması məsələsi ilə əlaqələndirilmişdir. Elektron kadastr uçotu hazır olmasına və bələdiyyənin çoxsaylı müraciətlərinə baxmayaraq bələdiyyəyə hələ də təqdim edilməmişdir. 2018-ci il sərhəd bölgüsü xəritəsində torpağın təyinatı ilə bağlı hər hansı göstərici yer almamışdır. Əvvəldən bələdiyyədə olan və digər qurumlardan əldə etdiyimiz yeni xəritələr hesabatda istifadə edilmişdir. Müəyyən edilmişdir ki, sənədlər və tövsiflər müvafiq qanunvericiliyə əsaslanmamış, 2020-ci ildə icarə müqaviləsi yenilənərkən torpağın uqodiyası ilə bağlı yanlışlıqlara yol verilmişdir. Sonra bələdiyyə üzvü Qürbət Kərimov və bələdiyyə üzvü Xəyyam İbadzadə qaldırılan məsələyə dair fikrini bildirdi, hesabatın əhatəli və dəqiq hazırlandığını və aidiyyatı qurumlara müraciət edilməsinə razı olduqlarını qeyd etdilər. İclasda qərara alındı:

1. 22.09.2021-ci il tarixli Bələdiyyə iclasının qərarı ilə yaradılmış bələdiyyə torpaqlarının idarəçiliyi sahəsində qanunvericiliyə nəzarəti həyata keçirmək üzrə Daxili Komissiyanın hesabatı qəbul edilsin;

2. Hesabat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin; 3. Hesabat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilsin;

4. Hesabat Azərbaycan Respublikası Ağsu rayonu İcra hakimiyyətinə göndərilsin;

5. Bu qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin;

6. Qərarın icrasına nəzarət Gəgəli Bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilliyə tapşırılsın.

 http://gegeli.az/user/news/read/58

ŞƏRHLƏR