"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları hansı qaydada əldə edilə bilər?

--2020-02-20 / 20:29

Üç sual üç cavab.

 1. Bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları hansı qaydada əldə edilə bilər?

 “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

 2. Vətəndaşlar bələdiyyə qulluğuna hansı qaydada qəbul edilirlər?

 “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinə əsasən bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər.

Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq olunur.

 3. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilərmi?

 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir.

 Çingiz Cavadov

Lənkəran Regional Ədliyyə İdarəsinin

baş məsləhətçisi kiçik ədliyyə müşaviri

 

 

 

ŞƏRHLƏR