"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrlərinin diqqətinə

--2018-01-31 / 04:56

Bələdiyyələrin statusu haqqında

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 52-2. Bələdiyyələrin hesabatı[64]

 1. Bələdiyyələr aşağıdakı hallarda öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər: [65]

1) Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi barədə;

2) bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə.

2. Bələdiyyələr ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim edirlər.

3. Bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hesabatdan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. [66]

Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın (yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir. Protokolun forması və tərtibinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan protokolu (protokolları) forma və tərtiblə bağlı tələblərə uyğunluq baxımından yoxlayır və uyğunsuzluq aşkar etdikdə protokolu (protokolları) geri qaytarır, uyğunsuzluq aşkar etmədikdə isə 20 gün müddətində bələdiyyənin hesabatı ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir.

Müvafiq icra hakimiyyəti orqanı hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edir.

http://www.e-qanun.az/framework/4770

ŞƏRHLƏR