"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Torpaq satışı ilə bağlı bütün proseslərin icrası Əmlak məsələləri Dövlət Xidmətinə verilsin”

--2021-10-11 / 05:53

 Əksər bələdiyyə sədrlərinin və ekspertlərin qənaətinə görə bu gün bələdiyyələrə ən çox problem yaradan orqan Əmlak məsələləri Dövlət Xidmətidir. Onların fikrincə xidmətin yerli orqanları arasında əlaqələrin sistemli olmaması, bir çox məqamlarda bürokratik amillərin mövcudluğu nəticə etibariylə bu quruma qarşı bələdiyyələrdə “antipatiya” yaratmaqdadır.

Ancaq ölkə başçısı İlham Əliyevin cari ilin 26 iyul tarixində imzaladığı Fərman bu sahədə köklü islahatların aparılmasına təkan verəcəyinə hər kəsdə, xüsusəndə bələdiyyələrdə, böyük inam yaradıb.  

Məsələyə münasibət bildirən Qobustan şəhər bələdiyyəsinin sədri Vasif Novruzov Belediyye.infoya açıqlamasında Əmlak məsələləri Dövlət Xidmətinin həqiqətən bələdiyyələrə problem yaratdığını dilə gətirdi. Əslində xidmət atdığı addımları Qanunlara istinad etsə də, etiraf etməliyik ki, qanunvericilikdəki mövcud düzəliş və əlavələri də ilk olaraq məhz bu orqan tərəfindən təklif edildiyini də unutmaq olmaz. Demək, belə başa düşülməlidir ki, prosesin bu şəkil almasının birinci səbəbkarı elə bu qurumun özüdür. Bəlkə də belə istəməsələrdə, amma təəssüf ki belə alınıb.

Necə ola bilər ki, bələdiyyəyə dövlət aktıyla torpaq fondu verilsin və müvafiq orqan tərəfindən konkret olaraq hər bir bölgü və təyinatı göstərilsin, ancaq həmin torpağın satışını həyata keçirmək istəyən bələdiyyə satışa çıxardığı torpağı yenidən tanıtmalı, qısası “kupçalaşdırmalıdır”. Bu hansı məsqəd daşıyır, maraqlıdır. Əgər həqiqətən bələdiyyədə problemin olmamasını istəyiriksə gəlin o zaman bu prosesi rüsumlardan azad edək. Bizdə Qobustan şəhərində sahibkarlıq fəaliyyəti üçün 100 kvardatmetrlık torpağın hərrac qiyməti 1000 manat təşkil edir.

Təsəvvür edin ki, bu torpağın satışından əldə edilən vəsaitin heç 15 faizi bələdiyyəyə qalmır. 85 faiz rüsum şəklində bələdiyyədən konkret olaraq alınır. Bütün prosesin icrasını məhz adıçəkilən qurum etsə də, ləngimələr, bürokratik halları da bu qurum etsə də, neqativ bələdiyyələrin üzərinə yüklənir. Nədən belə olmalıdır? Niyə olmalıdır?

Bununla bağlı V. Novruzov maraqlı bir təklifi də səsləndirməyi unutmadı.

Sədrin sözlərinə görə, əgər bütün proses bir orqan tərəfindən icra olunursa onda elə həmin orqan bütün prosesi özü icra etsin, vətəndaşla da birbaşa danışıqları, yazışmaları, rəsmiləşdirməyi də ozü eləsin və sonda qalan on beş faizi də vaxtında bələdiyyə büdcəsinə ödəsin. Belə olan halda bələdiyyəyə qarşı yönələn tənqidlərin əsassız olduğu meydana çıxar.

Bələdiyyənin maliyyə vəziyyətinə toxunan sədr bildirib ki, hazırda DSMF-yə borca görə bələdiyyənin bank hesabı bağlıdır. Ciddi cəhdlə borcu bağlamağa çalışırıq. Borc isə bələdiyyələrin birləşdirilməsi zamanı yaranıb. Silməyə çalışsaqda faiz imkan vermir. Bu gün əsasən borclu vergi ödəyicilərimizi vergi ödənişinə cəlb etmək istəyirik. Artıq siyahı üzrə xəbərdarlıq məktubları hazırlanıb, göndərilməkdədir. 15 gün ərzində ödəniş olmasa yəqin ki, onları bələdyyə iclasının qərarıyla icra şöbəsinə göndərəcəyik.

Belediyye.info

ŞƏRHLƏR