"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “sözdə həmişə doya-doya danışdıqınız “gənc kadrları” öz əməllərinizlə “küsdürməyə”, həvəsdən və gözdən salmağa çalışmayın!”

--2021-12-02 / 16:03

Dekabr ayında artıq Azərbaycan bələdiyyələrinin 22 yaşı tamam olur. Bu 22 il ərzində bələdiyyələrin yerli özünüidarətmədə demək olar ki ciddi bir uğur əldə etməsindən söhbət etmək olmaz. Bir neçə barmaqla sayılası bələdiyyəni çıxmaq şərti ilə. Belə ki, bələdiyyələr mətbuatın və insanların gözündə torpaq satmaq və arayış vermək funksiyası yerinə yetirən, müxtəlif qalmaqallarda adları hallanmaqdan başqa ciddi bir uğurla yadda qala bilmədilər.

İndi keçək bunun obyektiv və subyektiv səbəblərinə.

Mən özüm cəmi il yarımdır ki bələdiyyə sədri olaraq çalışıram. Sözün açığı ilk dəfə “Bələdiyyələrin statusu haqqında” Qanunu” oxuduqda heyran qalmışdım. Bu qanundan ilham alaraq sevə-sevə vəzifə başına keçmişdim. Lakin elə ilk günlərdəcə bu sevincim puç oldu. Çünki insanların və digər idarə və təşkilatların qarşısında bələdiyyə heç bir iqtisadi və siyasi mənası olmayan bir qurumdan başqa bir şey deyildir. Belə ki, vətəndaşlar bələdiyyədən yol, su və digər məsələləri tələb edirlər. Lakin bələdiyyə büdcəsinin başlıca formalaşma mənbəyi olan vergini ödəməkdən min bir bəhanə ilə yayınırlar.

Dövlət Vergi Xidməti 22 il ərzində yığılıb qalmış vergi borclarını ödənilməsi məqsədilə bütün təsir rıçaqlarından istifadə edirlər. Lakin bələdiyyələrə sahibkarlıq subyektlərinin yerli vergi və ödənişlərə cəlb olunmasında köməklik göstərilməsindən “işlələrinin çoxluğunu” səbəb gətirərək imtina edirlər. Necə ola bilər ki əvvəkli sədrlərin günahlarının əzabını yeni sədrlər çəkməlidir? DSMF borcları bir yana qalsın bələdiyyələr üçün hazırlanmış BAMS proqramına girişi belə bilməyən, bu proqaramı yaratmayan, vətəndaşdan yığılmalı olan vergiləri yığmaq yox, vətəndaşa bildiriş belə paylamayaraq büdcəyə on minlərlə manat ziyan vuran sədrlərin günahını bizmi çəkməliyik?

Bəs bu qanunsuzluqlara göz yuman instansiyar hara baxırlar?

Ekologiya nazirliyinin əməkdaşları hər fürsətdə bələdiyyələrə “ sevə sevə” samballı miqdarda cərimə tətbiq etmək yarışına girirlər. Amma di gəl ki, bələdiyyələrə komunal xidmət müəssisələri yaradılmasında müvafiq köməklik göstərməyin adı belə gələndə qeybə çəkilirlər. Bu məsələnin özü qəsəbə və kənd bələdiyyələri üçün əhəmiyyərli maliyyə vəsaiti və işsizlik problemin həllində lazımlı məsələlərdən biridir.

Zəbt olunmuş torpaqların bələdiyyə mülkiyyətində qaytarılmasında güc strukturlarının tələb etdiyi sənədlərin hazırlanması üçün isə Əmlak məsələləri Dövlət Xidməti tərəfindən müəyyənləşdirilmiş rüsumların fantastik olması səbəbindən isə zəbt torpaqların ümumi sahəsi günü gündən artır. Xəritələrin bələdiyyələrə verilməsindən isə heç danışmıram.

Bələdiyyələrin bu gün vətəndaşlara təsir etmək üçün heç bir vasitəsi yoxdur. Yeganə vasitəsi İcra və Probasiya şöbələridir. Buna da təsir demək olarsa. Rəhbərlik etdiyim bələdiyyənin 2021-ci il üçün büdcəsi 46500 manatdır. Bu vəsaitin yığılması üçün 23000 manatlıq icra tələbləri İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin təqvim ilinin bitməsinə baxmayaraq cəmi 130 manat vəsaitin ödənilməsinə nail olunmuşdur.

Başqa bir səbəbə gəlsək hər hansısa bir qurum tərəfindən müəyyən laihələr icra olunarkən bələdiyyənin “xala xətri qalmasın” deyə fikri belə nəzərə alınmır. Mətbuat orqanlarına gəldikdə isə piar və reyting xatirinə səndəsiz evlər barədə xəbərləri elə paylaşırlar ki bələdiyyə haqsız duruma düşür. Məsələn: vətəndaşın torpaq haqqında müvafiq sənədləri var. 25 30 il qabaq özünə ev tikib. Lakin evinə çıxarış almayıb. Bu bələdiyyənin yox vətəndaşın problemidir. Hüquqi cəhətdən bu evə çıxarış verilir. Lakin vətəndaşın özü bunda maraqlı deyil. Belə olan halda bələdiyyə nə etməlidir? Onsuzda olmayan büdcəsindən vətəndaşın evinə çıxarış alınması rüsumlarını ödəməli deyil ki?

Hörmətli jurnalistlər, xəbər yayımlayarkən öz reytinqinizlə bərabər bələdiyyələri də fikirləşin.

Hörmətli vətəndaşlar, bələdiyyədən öz hüquq və haqlarınızı tələb edərkən öncə bələdiyyə qarşısında olan vəzifələrinizi yerinə yetirin. Sizlər bunu etdiyiniz təqdirdə bələdiyyələr öz funksiyalarını onsuzda yerinə yetirəcəklər.

Bələdiyyələrin öz funkiyalarını yerinə yetirmələrinə maneələr törədən bəzi məmurlar. Sizlər başa düşməyə çalışın ki bələdiyyələrin öz funksiyalarını yerinə yetirmələrinə “izin” versəniz dövlət büdcəsindən əhəmiyyətli dərəcədə böyük vəsaitin qənaət olunmasına yardımçı olacaqsınız.

PS. Bəzi məmurlara səslənirəm: sözdə həmişə doya-doya danışdıqınız “cavan kadrları” öz əməllərinizlə “küsdürməyə” həvəsdən və gözdən salmağa çalışmayın.

Ulu öndərimiz Heydər Əliyevin “Gənclər bizim gələcəyimizdir” sözünü tez-tez yadınıza salın. Unutmuyun ki, 44 günlük Vətən Müharibəsində qələbə çalan Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev dövlət büdcəsindən bir manatın belə israf olunmasına qarşıdır. Bu baxımdan bələdiyyə inistitutunun inkişafı çox vacibdir. İmkan verin biz də işləyək. Biz də seçicilərimizin etimadını doğruldaq. Onsuzda bütün gördüyümüz işlərimizi öz adlarınıza yazdırırsınız.Və unutmayın ki, Dahi Ulu Öndərimiz Azərbaycanda bələdiyyələrin gələcəyinə çox böyük ümüd bəsləyirdi.

Rauf Hüseynov

Quba Rayon Tüləkəran bələdiyyəsinin sədri

ŞƏRHLƏR