"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: Şəhid ailələrinə və qazilərə qayğı ilə yanaşırıq

--2022-01-12 / 17:09

Ölkə rəhbərləri tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, dövlətin qayğısı ilə əhatə olunurlar. Dövlət orqanları və özəl təşkilatlar tərəfindən şəhid ailələri və qazilərlə müntəzəm görüşlər keçirilir, mövcud problemlərin həllində kömək göstərilməsi məqsədilə müxtəlif tədbirlər görülür. Qarabağın erməni işğalçılarından azad olunmasında misilsiz xidmətləri olan şəhidlərin ailə üzvləri və qazilərin həyatımızın bir çox sahələrində işlə təmin olunmasına xüsusi önəm verilir. Hesab edirik ki, belə nəcib və humanist tədbirlər yerli özünüidarəetmə sistemində də genişləndirilməli, şəhidlərin ailə üzvləri və Vətən müharibəsi iştirakçıları bələdiyyə qulluğunda irəli çəkilməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Onun sözlərinə görə insanların sosial rifah halının yaxşılaşdırılması yönündə qəbul edilmiş qanunlar, fərman və sərəncamlar əhalinin sosial müdafiəsi sahəsində islahatlar uğurla həyata keçirilir. Sosial müdafiə sistemi bu sahədə mühüm yer tutur və insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial siyasət cəmiyyətin hər bir fərdini əhatə edir. Şəhidlərin ailə üzvlərinə, müharibə veteranlarına və əlillərinə qayğı və diqqət Azərbaycanda sosial siyasətin başlıca məqsədlərindən biridir. Həmin şəxslərin məşğulluğunun təmini və onların münasib işlə təmin olunması məsələsi də vacib amillərdəndir.

Prezident İlham Əliyevin xüsusi qayğısı və tapşırıqları əsasında dövlət orqanları tərəfindən şəhidlərin ailə üzvləri və Vətən müharibəsi iştirakçıları üçün mütəmadi olaraq sosial yönümlü tədbirlər həyata keçirilir. YAŞAT fondunun təsis edilməsi və bir ildən artıq vaxt ərzində gördüyü işlər bunun bariz nümunəsidir.

“Bu gün bələdiyyələrin də fəaliyyətində şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsi və onların müraciətlərinə həssas yanaşılması mühüm əhəmiyyət kəsb edir. Yerli özünüidarəetmə orqanlarının yerli sosial müdafiə və sosial inkişaf proqramlarına uyğun olaraq ilk növbədə onların səlahiyyətləri və maliyyə imkanları daxilində müraciətlərinə baxılır, qaldırılan yerli məsələlər qısa vaxt ərzində yerinə yetirilir. Şəhidlərin ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilir, qaldırılan məsələlərin aidiyyəti olaraq ünvana çatdırılmasınadək onların yanında olurlar. Xüsusən də, həmin ailələrə torpaq sahələrinin ayrılması məsələsi müəyyən güzəştlərin tətbiq edilməsi ilə qanunvericilik qaydasında öz həllini tapır”, - deyə bələdiyyə sədri bildirib.

Təmraz Tağıyev qeyd edib ki, son vaxtlar həmin şəxsləri əhatə edən dövlət orqanlarında olan məşğulluq siyasəti bələdiyyələrdə də həyata keçirilir. Belə ki, Nərimanov bələdiyyəsində 3 nəfər şəhid ailəsinin üzvləri bələdiyyə qulluğuna işə götürülüb. Ərazidə yaşayan 25 nəfər Vətən müharibəsi qazisi üçün sosial layihə hazırlanıb və uğurla icra olunur. Belə ki, bələdiyyə iclasının qərarına əsasən həmin qazilər aylıq müavinət alırlar. Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə mütəmadi görüşlər keçirir, onları maraqlandıran məsələlərin vaxtında həllinə nail oluruq.

“Hesab edirik ki, belə nəcib təşəbbüslər digər şəhər və rayonların bələdiyyələri tərəfindən də davamlı həyata keçirilməli, şəhidlərin ailə üzvlərinə diqqət daha da artırılmalıdır. Bələdiyyələrin Milli Assosiasiyaları olaraq keçirilən tədbirlərdə yerli özünüidarəetmə orqanlarına bu barədə tövsiyələrimizi çatdırırıq.

Həmçinin bələdiyyələrdə fəaliyyətdə olan şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçıları ilə müntəzəm iş aparılmalıdır. İstər bələdiyyə seçkilərinin nəticəsində seçilmiş bələdiyyə üzvləri, istərsə də bələdiyyə qulluğunda çalışan qulluqçuların sırasında olan həmin şəxslər bələdiyyə rəhbərliyi tərəfindən xüsusi qayğı ilə əhatə olunublar. Milli Assosiasiyalar olaraq çalışırıq ki, onların xarici təcrübə proqramlarında, ixtisasartırma yönümlü tədbirlərdə növbədənkənar iştirakını təmin edək. Məqsədimiz ondan ibarətdir ki, qeyd edilən sosial yönümlü tədbirlər hər bir bələdiyyədə davamlı olaraq həyata keçirilsin.

Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoyuldu. Bu zəfərin müəllifləri bütün Azərbaycan xalqı və xalqımızın qəhrəman oğullarıdır. Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq, qazilərinin daim yanında olacaq”, - deyən Təmraz Tağıyev fikirlərini yekunlaşdırıb.

https://azertag.az/xeber/Belediyye_sedri_Sehid_ailelerine_ve_qazilere_qaygi_ile_yanasiriq-1973802?fbclid=IwAR1LTjpgD3FAFDY-5pMveMahYFX8LYeph0eZ6r8jAze87GsQS_zyp43ZGZU#.Yd781g8QRyA.facebook

ŞƏRHLƏR