"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: "Qanunçuluğu təmin etməkdə çətinlik çəkirik"

--2022-07-11 / 07:15
Gəgəli icmasından üzr istəyirəm!
Təəssüf ki, qanunçuluğu təmin etməkdə çətinlik çəkirik, buna mane olan mafiyalaşmış iri qruplaşmalar və dövlət qurumlarında uzantıları var. Onlar hədə-qorxu, rüşvət, qarayaxma ilə indiyə qədər işlərini qaydasına qoyublar. Bundan sonra da həmin yollarla addım atmaqda niyyətlidirlər. Nə qədər imkanım var, dirənəcəyəm. Mümkün olmadığı halda qurdla qiyamətə qalmalı olacağıq.
Gəgəli bələdiyyəsi "İcarə haqları ödənişlərinə yenidən baxılması, büdcənin dürüstləşdirilməsi və BAMS sistemində icarə haqlarına düzəlişlər edilməsi" məsələsini müzakirə etmişdir.
Bələdiyyə Ehtiyat Fondu torpaqlarının icarəçiləri icarə haqlarının qiymətinin bazar qiymətinə uyğunlaşdırılması ilə bağlı bələdiyyə qərarına etiraz olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və aidiyyatı qurumlara yazılı müraciət ediblər.
Müraciətə aidiyyatı üzrə baxılmış və müzakirə edilməsi üçün bələdiyyə iclasına çıxarılmışdır. Doğrudur, sahibkarlar Bələdiyyə Ehtiyat Fondu torpaqlarının içərisində əkin torpaqları azlıq təşkil etdiyi halda məhz həmin qiymətlərlə razılaşmırlar. Son hesabat örüş torpaqlarının qanunsuz olaraq əkildiyini də göstərmişdir. Bununla əlaqədar araşdırmalar davam edir.
Habelə bələdiyyə müəssisələri istifadə haqqı kimi hektara 100 manat ödədiyi, son hərracda dəmyə torpağının 105 manata icarəyə verildiyi də nəzərə alınmalıdır. Lakin, sahibkarların qiymətlə bağlı narazılığını və məhsulun azlığını nəzərə alaraq qiymətlərin əvvəlki səviyyədə saxlanılması, bununla əlaqədar bələdiyyə büdcəsinin dürüstləşdirilməsi və BAMS sistemində icarə haqqı qiymətlərində dəyişikliklərin aparılması təklif olunmuşdur.
İclasda qərara alındı ki, Bələdiyyə Ehtiyat Fondu torpaqlarının icarə haqları 2020-ci ildə razılaşdırılmış qiymət səviyyəsində saxlanılsın və qiymət razılaşmasına gələcəkdə baxılsın.
 
Fariz Xəlilli
Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri,
tarix üzrə fəlsəfə doktoru
 
 
ŞƏRHLƏR