"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Əgər bələdiyyəmizin xəritəsi vaxtında təqdim edilmiş olsaydı...”

--2021-09-01 / 04:48

“Əgər bələdiyyəmizin xəritəsi vaxtında təqdim edilmiş olsaydı bu gün maliyyə problemləriylə üz-üzə qalmazdıq”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov bildirib.

Qonşu olduğumuz Abşeron rayonu Məhəmmədli qəsəbəsi ilə ərazi münaqişəsinin olması bizi də, sakinlərimizi də narahat edir. İnzibati ərazi olaraq ərazi bizə aid olsa da, torpağa çıxarışı Abşeron rayonun ərazisi kimi verilib. Ərazi bizimdir, amma sakinin mülkiyyətə çıxarışında ünvan Məhəmmədli qəsəbəsi göstərilib. Nəticədə vergimizi yığa bilmirik. Bu gün elektron xəritələr hazırlanır. Müzakirə və təsdiq üçün bizə göndərilib. Bizdə təsdiq edib təkliflərimizlə birgə geri qaytarmışıq. Amma təəssüf ki, hələ də təsdiq edilməyib. Hazırda qəsəbədə irili-xırdalı 156 adlı küçə bizə təqdim edilən xəritədə öz əksini tapıb. Sərhədlərimiz də bəllidir. Bəzi münaqişəli məqamlar var ki, düşünmək olar ki, o da öz həllini tapacaq.

Bununla yanaşı rəsmən bələdiyyə olaraq ötən illərdə 2000-dən artıq əmlakın sənədlərini toplayaraq siyahı üzrə müvafiq orqana təqdim etmişik. Amma iki ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də nəticəsi yoxdur. Bu ləngimələr nəticəsində bələdiyyə kifayət qədər maliyyə vəsaiti itirimiş olur.

Sədrin sözlərinə görə, qəsəbədə rəsmi olaraq 6500 nəfərdən artıq qeydiyyatda olsa da, qeyri-rəsmi sakinlərimizin sayı 15 min nəfəri keçir. Bu gün ərazimizdə 4000 təsərrüfatın yalnız 20 faizədək hissəsinin çıxarışı vardır. Demək biz yalnız bu iyirmi faizdən vergimizi toplaya bilirik.

Hazırda bələdiyyəmizin 11 üzvü və bələdiyyə qulluqçularıyla birgə əhali arasında maarifləndirmə işlərini davam etdirməkdədir. Bələdiyyəmizin özünəməxsus inzibati binasının olması işimizə və fəaliyyətimizə dəstək verir.

Bələdiyyə olaraq 44 günlük Vətən müharibəsi dövründə gənclərimizin və könüllülərimizin müharibəyə yola salınmasında, sonradan onların qarşılanmasında ciddi addımlar atılmış, bu istiqamətdə ciddi layihələr icra etmişik. Bununla yanaşı bələdiyyə olaraq hər bir ümumrespublika bayramlarında aztəmnatlı ailələrə maddi dəstək göstərməyi unutmuruq. Altı ay ərzində 53 min manat maliyyə vəsaiti əldə edə bilmişik ki, bununda əsas hissəsi qəsəbənin problemlərinin aradan qaldırılmasına yönəldilir.

Belediyye.info

ŞƏRHLƏR