"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Dövlətin kəndimizin problemlərini həll etməsi üçün müxtəlif qolları hər tərəfdən işləməlidir. Di gəl ki,…”

--2021-08-29 / 15:40

Əziz kənd sakinləri, əziz məni izləyənlər. Bilirsiniz ki, mən ərazisi və əhalisinə görə Azərbaycanın ən böyük bələdiyyələrindən birinin sədriyəm. Kəndimizin böyük sosial problemləri var. Bu problemləri dövlət həll etməlidir. Dövlətin bu problemləri həll etməsi üçün müxtəlif qolları hər tərəfdən işləməlidir. Di gəl ki, qolların birgə işləyişində problemlər var. Bu məqsədlə hələ mart ayının 3-də sədr seçildikdən 15 gün sonra hörmətli İqtisadiyyat Nazirimizə surəti Vergi və Əmlak xidmət rəislərinə olmaqla məktub ünvanladım. Təəssüf ki, hər iki xidmət iri sahibkarlardan qorxduqlarını elan etdilər. Anlamaq mümkün deyil, maliyyəsi bilavasitə dövlətdən formalaşan, dövlətin subsidiyaları ilə ayaq üstündə duran sahibkarlar necə dövlətin qanunlarını heçə saya bilərlər. Mən dolğun cavab ala bilmədiyim üçün cənab Mikayıl Cabbarova, surəti həmin xidmət rəislərinə olmaqla yenidən məktub ünvanlamışam. İnanıram ki, bu dəfə qarşısında hesabat verməyə borclu olduğum Gəgəli icmasının sualları dolğun cavablandıralacaqdır. Bu suallar bütün bələdiyyələri və onların icmasını maraqlandırdığı üçün ictimai xarakter daşıyır və həmin sualları burada da yerlşədirirəm. Gələn cavabı gələcəkdə Sizinlə paylaşacağam. Suallar belədir:

1. Torpağın təyinatına dair istifadə edilən xəritələr müxtəlif olur və çoxlu sayda yanlışlıqlar ortaya çıxır. Bələdiyyə mülkiyyətindəki torpaqların təyinatına dair ən son istinad edilən xəritələr hansılardır? Onların nüsxəsi bizim bələdiyyəyə təqdim oluna bilərmi?

2. Gəgəli bələdiyyəsinin mülkiyyətindəki örüş torpaqları hansı səbəbdən əkin torpaqlarına çevrilmiş, sahibkarlara müvafiq çıxarışlar verilmişdir?

3. Gəgəli bələdiyyəsinin razılığı olmadan inşa edilən kapital tikililərlə bağlı müraciətlərimizə baxmayaraq niyə müvafiq tədbirlər görülmür, monitorinqlər aparılmır?

4. Sahibkarlar tərəfindən alınmış pay torpaqlarının bələdiyyə mülkiyyətində olan payçılararası yolları hansı üsullarla özgəninkiləşdirilmişdir? Eləcə də su kanallarının mühafizə zolağındakı torpaqlar da hansı səbəbdən əkilməkdədir?

5. Gəgəli kəndinin ümumi istifadədə olan örüş torpaqlarının Ağsu və Şamaxı rayonlarına aid ətrafı bu yay mövsümündə yanmışdır. FHN və bələdiyyə qüvvələrini səfərbər edib, Gəgəli kəndi ərazisinə yanğının keçməsinin qarşısını almışdır. Yanğın və sel fəlakətlərinin qarşısının alınması, bələdiyyə müəssisələrinin istehsal imkanlarını artırmaq üçün kənd ətrafındakı zəbt olunmuş örüş, Ömər Lahıci arxı mühafizə zolağı, Kəndin Perspektiv İnkişafı fondu və Bələdiyyə Ehtiyat fondu torpaqlarının bələdiyyəyə qaytarılmasına köməyiniz mümkündürmü?

6. Sahibkarlar işçilərlə əmək müqaviləsi bağlamadıqları üçün bələdiyyə vergisi və icarə haqlarından yayındıqları kimi dövlətin də vergilərindən (sosial sığorta və s.) yayınırlar. VÖEN-lərin əksəriyyəti bağlıdır. Bələdiyyə kənd sakinlərinin əmək müqaviləsi ilə işləmələrini, DSMF vergilərinin gələcəkdə onların təqaüdləri üçün vacib olduğunu təşviq edir. Oxşar addımı Dövlət Vergi Xidməti və Dövlət Əmək Müfəttişliyindən də gözləyirik.

7. Azərbaycanda hal-hazırda icarə torpaqlarının bazar qiyməti nə qədərdir? Gəgəli kəndi sakinləri bir hektar üçün 100-150 manat ödədiyi halda sahibkarlar 20-30 manat ödəməkdədir. Bu haqsızlıq nəinki kənd icmasını hiddətləndirir, həm də kəndin sosial problemlərinin həllinə mənfi təsir göstərir.

8. Tarixən Gəgəli icmasına məxsus olan Gəgəli yaylağı (Dəmirçi kəndindən yuxarıda) nədənsə islahat vaxtı icmamızın əlindən çıxmışdır. Gələcəkdə icma yaylaqlarının özlərinə qaytarılması tarixi ənənənin bərpası olacaqdır. Kəndimiz öz yaylağının sahibi olmaq niyyətindədir. Bu məsələyə münasibətiniz icmamıza maraqldır.

9. Gəgəli kəndi sakinlərinin pay torpaqlarını almış hüquqi şəxslər torpaq vergisini dövlət büdcəsinə ödəyirlər. Gəgəli kəndi Sovet dövründən əvvəl rəiyyət kəndlisi olduğu üçün bütün torpaqlar Gəgəli icmasına məxsus olub. Sovet dövründə də bərabərhüquqlu kolxoz qurublar. İcma torpaqlarının vergisinin fiziki şəxslərdən fərqli olaraq hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi qanunamüvafiq olsa da ədalətli deyil. Yerli sakinlər bu sahədə də haqlarının pozulduğunu bildirirlər. İnanırıq ki, qanunvericilikdəki bu ədalətsizlik də düzəldiləcəkdir.

Ayrıca bildirmişəm ki, Gəgəli Bələdiyyəsi müxtəlif istehsal və xidmət sahələrində fəaliyyət göstərməsi üçün öz müəssisələrini (Təmiz kənd MMC, Zəfər parkı MMC, Yerli media MMC, Axtaçı obası MMC) yaradıb. Bələdiyyəmizin hədəfi tərəkəmə həyat tərzi və kəndimizə məxsus tərəkəmə çərşənbəsi ənənəsinin YUNESKO siyahısına daxil edilməsinə çalışmaqdır. Bu məqsədlə bələdiyyə istehsala yönələn fəaliyyəti ilə kəndin sosial və mədəni problemlərini həll etməyi planlaşdırır. Yuxarıda qaldırılan problemlərin həlli bələdiyyə təşəbbüslərinin dəstəklənməsi ilə mümkün olacaqdır. Xahiş etmişəm ki, Mikayıl müəllim məktubumuzu öz

nəzarətinə götürsün.

Əziz izləyicilərim. Gəgəli bələdiyyəsini və bələdiyyəçiliyi dəstəkləyənlər xahiş edirəm ki, bu məsələlərlə bağlı bütün aidiyyatı qurumları və şəxsləri etiketləyəsiniz.

Fariz Xəlilli

Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri,

tarix üzrə fəlsəfə doktoru

ŞƏRHLƏR