"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri nəyi paylaşmalıdır?-REPLİKA

--2019-07-09 / 20:14

 Bu replikada diqqətimi çəkən bir mövzuya toxunacağam.

Oxucularıma belə bir sualla müraciət etmək istərdim: - sosial mediada hansısa bir icra başçısının əlində araq dolu badə sağlıq dediyi şəkli görmüsünüzmü? Və ya polis rəisinin ya prokurorun.

Düşünürəm ki, cavabınız birmənalı olaraq “yox” olacaqdır.

Şəxsən mən istər Twitterdə, istərsə də Facebookda heç bir ölkənin rəhbər vəzifəli şəxsinin, siyasətçisinin əlində araq dolu badə şəklinə nə qədər axtarsamda rast gəlməmişəm.

Sözümün canı var.

Demək istədiyim odur ki, bəzi bələdiyyə sədrləri, xüsusən də kənd və qəsəbə bələdiyyələrinin sədrləri bu məsələdə diqqətli olmalıdır.

Deməliyəm ki, onların tutduqları vəzifə sıradan bir vəzifə deyil. Seçkili orqanın sədrinin əlində badə olan şəklinin, habelə kurortlarda növbənov çəkdirdiyi şəkli sosial mediada yerləşdirməsini məqbul saymıram. Özü də tək mən yox yəqin ki, bu replikanı oxuyan hər kəs.

Açığı qəbahət bir şey yoxdur, ancaq bələdiyyə sədri olaraq belə bir addımın atılmasını düzgün saymıram. Çünki hər bir bələdiyyə sədrinin öz məsuliyyət yükü var, onun seçicisi qarşısında verdiyi öhdəlik var və bu öhdəlik ildə iki dəfə Kislovodska getdiyi şəkilləri və ya gündə iştirak etdiyi toy məclisində dediyi sağlığı çəkib qoymaqdan ibarət deyil axı.

Bu günkü cəmiyyət bunu qəbul etmir. Əksinə belə bir addım həmin şəxsə qarşı antipatiya yaradır, həm özünə qarşı, həmdə bütövlükdə sədr vəzifəsinə qarşı.

Odur ki, üzümü bəzi kənd və qəsəbə bələdiyyə sədrlərinə tutub deyirəm ki, hər atdığınız addımda diqqətli olun. Şəffaflığın və bələdiyyə sahəsində neqativ halların qarşısnın alınmasıyla bağlı cənab Prezidentin atdığı addımlardan sonra bələdiyyələrə qarşı qara kampaniyanın aradan qaldırıldığı bir vaxtda nədən belə addım atırsınız?

Fikrimcə, əsas diqqət fəaliyyətinizin təbliğinə, həyata keçirdiyiniz layihələrin icrasına, seçicilərlə keçirdiyiniz görüşlərin təbliğinə yönəlməlidir.

Nəzərə alın ki, qarşıdan seçki gəlir və bu seçki əvvəlkilərdən bütün məqamlarıyla fərqlənəcəkdir.

Vüqar Tofiqli

Belediyye.info

ŞƏRHLƏR