"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə qulluqçusu: “Ən böyük arzum Ağdam bələdiyyəsinə üzv seçilməkdir” - BİZİM MÜSAHİBƏ

--2021-02-22 / 18:02

Həmsöhbətim bələdiyyə qulluçusudur. Onunla görüşməkdə əsas məqsədim fəal bələdiyyə qulluqçusu kimi təcrübəsini öyrənməklə paylaşmaq idi. Görüş Binəqədi qəsəbə bələdiyyəsinin inzibati binasında baş tutdu.

Beləliklə, həmsöhbətim Vətənini, doğulduğu torpağı ürəkdən sevən, qəlbi Ali Baş Komandanın və müzəffər ordumuzun fədakar əsgərləri sayəsində işğaldan azad edilən ərazilərin bərpa və quruculuğunda iştirak etmək istəyi ilə döyünən, xüsusəndə bu ərazilərdə bələdiyyə strukturunun formalaşdırılmasında indidən öz tövhəsini verən Qorxmaz Cəfərovdur.

Əvvəlcədən deyim ki, özü haqqında, fəaliyyəti haqqında danışsaq da, doğulub boya başa çatdığı Qarabağla, Ağdamla və Kəlbəcərlə bağlı xatirələrini danışanda kövrəlməsi, yanğı hissilə danışaraq ordu sıralarına könüllü kimi yazılması haqqında danışması diqqətimi daha çox çəkdi.

Bu barədə bir qədər sonra. Əvvəlcə özü haqqında danışırıq.

2009-cu ildə Bakı Biznes Universitetinin Maliyyə və Vergi fakültəsinin mühasib ixtisası üzrə bitirib. 2006-cı ilən isə başlayaraq müxtəlif illərdə Masazır bələdiyyəsində və Binəqədi rayonunun üç bələdiyyəsində müfəttiş və vergi xidmətlərinin rəhbəri olub. Hazırda isə Binəqədi qəsəbə bələdiyyəsinin Vergi xidmətinin müdiri, həmçinin 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.  

- Bu gün bələdiyyəmizdə vergi xidməti zamanında təsdiq edilmiş zəruri normativ-hüquqi sənədlərə istinad etməklə formalaşdırılıb. Vergi ödəyicilərinin uçotu, qeydiyyatı və xüsusəndə bu prossesin elektronlaşdırlıması nəticə etibariylə vətəndaş-bələdiyyə münasibətlərində şəffaflığın qorunmasına və bu istiqamətdə əvvəllər mövcud olmuş neqativ halların qarşısnı almağa xidmət edir. Etiraf etməliyik ki, bələdiyyənin formalaşdığı ilk illərdə yəni 1999-2004-cü illərdə seçilmiş üzvlərin və sədrlərin təcrübəsizliyindən bu gün bir çox bələdiyyələr kimi bizim də çalışdığımız bələdiyyə də çətinlik və problemlərlə üz-üzə qalıb. Ancaq bütün bu çətinlik və problemlərə baxmayaraq ruhdan düşmür, ən kreativ ideyaların həyata keçirilməsinə çalışır, bələdiyyəmizin DSMF-yə və əvvəlki illərdə yığılıb qalmış digər borcların silinməsi üçün ciddi addımlar atırıq. Etiraf etməliyik ki, həqiqətən bu istiqamətdə bir sıra irəliləyişlərimizdə var...

Həmsöhbətim öz işini həvəslə təqdim edir, bir çox məsələləri xırdalığınadək açıqlayır və hiss edirsən ki, gördüyü işlərdən həm də zövq alır. Bu məqamda kitab rəfində müəllifi olduğum kitab gözümə dəyir. Ağdama həsr etdiyim bu kitab əslində elə söhbətin də mövzusunu dəyişir. Məlum olur ki, həmsöhbətimin Qarabağla bağlı zəngin və unudulmayan xatirələri də var imiş. Bu xatirələrdən birini danişir:

- Atam Ağdamın Əliağalı kəndindən, anam isə kəlbəcərli qızıdır. Hər il məktəblilərin yay tətilini nənəmgilin evində Kəlbəcərdə keçirirdim. Sonuncu dəfə isə şahidi olduğum hadısə heç yadımdan çıxmır.

11 iyul 1990-cı ildə Ağdamda Kəlbəcərə gedirdik. Tərtərdən Kəlbəcərə gedən avtomobil kalonunu o vaxt rus əsgərləri müşaiyət edirdi. Hələ SSRİ dağılmamışdı. Kəlbəcərə yaxınlaşanda Çərəkdar ərazisində Otaq Qaya deyilən yerdə mənfur erməni terrorçuları tərəfindən bizim kolon mühasirəyə alındı. Üç saata qədər mühasirədə atışma oldu. Nəticədə iriçaplı pulemyotlardan açılan atəş nəticəsində xalamın yoldaşının maşınına dəyən güllələr nəticəsində Kamran Sarıyev, yəni xalamın yoldaşı ağır yaralandı. Maşının qəflətən alışması nəticəsində mənim də sağ ayağım yaralandı.

Həmin yolda uçurum qayalar çox idi. Ermənilər yola mina qoymuşdular. Həmin minanın birini zərərsizləşdirən vaxtı böyük bir maşın kolonunda olan insanları canı dildən müdafiə edən polis işçisi Şahlar Şükürov qəhrəmancasına şəhid oldu. Deməliyəm ki, məhz Şahlar Şükürovun qəhrəmanlığı sayəsində biz sağ qalmışdıq. Ölümündən sonra Şahlar Şükürova Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Həmin mühasirədə Aşıq Şəmşirin qızı Çimnaz xanım da erməni terrorçularının gülləsinə tuş gəlmişdi...

O vaxt məktəb açılanda Ağdama, Ağdərə-Kəlbəcər yolu tamamilə bağlandığından Murov yoluyla qayıtdıq. Elə həmin vaxtdan dünyaya göz açdığım Kəlbəcər rayonunun zülmlü günləri başladı.

Yadımdadı, həmin hadisə o vaxtkı SSRİ-nin DTK-sı tərəfindən araşdırıldı. Hətta o da yadımdadı ki, oxuduğum Ağdam şəhər 1 nömrəli orta məktəbində məni məktəbin direktorunun otağına çağırdılar və DTK-nın Moskvadan gəlmiş müstəntiqi məni hadisənin şahidi və zərərçəkmiş kimi danışdırdı, sorğu-suala tutdu. Çox təssüff ki cinayətkar qrup yaxalanmamış qaldı.

Əlavə edim ki, rus dili müəlliməm Vəfa xanımın köməkliyi ilə həmin görüşdə müstəntiqin suallarına cavab vermişdim. Qeyd edim ki, Vəfa xanımın xalaqı qızı Raisə xanımda həmin məktəbdə biologiya müəlliməsi işləyirdi. Hər ikisi savadı və bacarığı ilə seçilirdi. Raisə xanım rəhmətlik Azərbaycanın Milli Qəhrəman Allahverdi Bağırovun bacısı idi...

Söhbətimiz xeyli çəkdi. Müsahibim söhbətın sonunda Ali Baş Komandana təşəkkür etməyi və ən böyük arzusunu da dilə gətirməyi unutmadı.

- Hər bir Azərbaycanlı kimi məndə otuz ilə yaxın işğal altında qalan Qarabağımızı bizə qaytardığına görə ömrüm boyu Cənab Prezidentimizə, Ali Baş Komandanımıza minnətdaram. Mən də sıravi bir bələdiyyə qulluqçusu kimi bundan sonra da Vətənimə sədaqətlə xidmət etməklə işğaldan azad edilən ərazilərdə öz töhvəmi verməyə hazıram.

Bu gün bələdiyyə qulluqçusu kimi ilk olaraq Ağdam bələdiyyəsinin loqosunu hazırlamışam. Və bu loqoda Ağdamın simvolları öz əksini tapıb. Ən böyük arzum Ağdama bələdiyyəsinə üzv seçilməkdir. Bakı bələdiyyələrində qazandığım təcrübəni düşünürəm ki, İnşallah bu ərazilərdə keçiriləcək ilk bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü kimi Vətənimə, doğma Qarabağımın çiçəklənməsinə öz töhvəmi verəcəyəm.

P.S. Müsahibənin təşkilində göstərdikləri köməyə görə Binəqədi qəsəbə bələdiyyəsinin sədr əvəzi Rəşad İsayevə və sədr müavini Mətanət Nəsibovaya təşəkkürümü bildirirəm. Onu da əlavə edim ki, sədr əvəzi R.İsayevin təşkilatçılığı ilə 44 günlük müharibə dövründə qəsəbə bələdiyyəsi cəbhə bölgəsinə dəfələrlə səfərlər təşkil edərək əsgərlərimizə maddi və mənəvi dəstək göstəriblər.

Vüqar Tofiqli

ŞƏRHLƏR