"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə qərarlarının qəbulu və icra edilməsi mexanizmləri

--2017-05-20 / 07:31

Yerli özünü idarəetmə orqanlarının fəaliyyətləri yerli  problemlərin həlli, sosial layihələr, yerli iqtisadi inkişaf proqramları, yerli ekoloji proqramlar və yerli iqtisadi inkişaf proqramları kimi cəmiyyət və dövlət üçün mühüm sahələri əhatə edir.Bu qədər geniş səlahiyyətlərə malik bələdiyyələrin istənilən fəaliyyətlərinin həyata keçirilməsində ilkin rəsmi addım  müvafiq məsələ istiqamətində qəbul edilmiş bələdiyyə qərarlarıdır. Çünki bələdiyyələr tərəfindən planlaşdırılmış istənilən layihə və proqramın tətbiqindən öncə həmən məsələ bələdiyyə iclasında müzakirə edilərək barəsində qərar qəbul edilməli və protokollaşdırımalıdır.

 Bələdiyyə orqanları tərəfindən həyata keçiriləcək layihə və proqramların tətbiqi barədə qərar qəbul edilmədiyi təqdirdə görülmüş işlər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-qanuni hərəkət (hərəkətsizlik) və hüquq pozuntusu hesab edilərək həmin fəaliyyətin 15 gün müddətində dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət edilir.

 Bələdiyyə qərarları bələdiyyə iclaslarında baxılan məsələlərə dair  yalnız həmən bələdiyyənin ərazisi daxilində yaşayan və yaxud fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üzərində hüquqi qüvvəyə malik bələdiyyə aktlarıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə Bələdiyyə qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Lakin burada vergi məsələləri ilə əlaqədar qəbul edilmiş qərarlar istisnadır. Qanuna görə yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə deyil üçdə iki səs çoxluğu ilə qəbul edilir.

      Bələdiyyə qərarlarının qəbul edilməsi prosesi Azərbaycan Respublikasının Konstitusiyasına və Bələdiyyələrin Statusu Haqqında Azərbaycan Respublikasının Qanuna əsasən tənzimlənir. Qanunvericiliyə görə bələdiyyə qərarlarının qəbul edilmə prosesi aşağıdakı  iki ayrı mexanizmdən ibarətdir:

  1. Azərbaycan Respublikasının Konstitusiyasına və Bələdiyyələrin Statusu Haqqında Azərbaycan Respublikasının Qanuna görə  bələdiyyə üzvlərinin  iclası tərəfindən qəbul edilən qərarlar:

        Bələdiyyələrin Statusu Haqqında Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin 5-cı bəndinə əsasən bələdiyyə iclasları bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. Bələdiyyə iclasları azı ayda bir dəfə çağrılır. Bələdiyyə üzvləri müəyyən edilmiş iclasdan  5 gündən gec olmamaqla iclas barədə xəbərdar edilir və iclas bələdiyyə üzvlərinin yarıdan çoxunun iştirakı ilə baş tutmuş sayılır. Bələdiyyə iclasının katibi yalnız bələdiyyə üzvləri sırasından seçilə bilər.

       Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir.

        İclasın sonunda bələdiyyənin iclası protokollaşdırılır.  Protokol təsdiq oluna qədər bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır.  İclasın sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqləndikdən sonra protokol hüquqi qüvvəyə minmiş sayılır.

  1. Vətəndaş yığıncaqları tərəfindən qəbul edilmiş bələdiyyə qərarları:   

Qanunvericiliyə əsasən keçirilmiş vətəndaş yığıncaqlarında bələdiyyə qərarları qəbul etmək hüquqları yalnız əhalisinin sayı 500 nəfərdən az olan bələdiyyələrin vətəndaş yığıncaqları üçün keçərlidir. Bələdiyyə yığıncaqları bələdiyyənin ərazisində yaşayan, 18 yaşı tamam olmuş və səsvermə hüququ olan vətəndaşların azı 25 faizinin iştirakı ilə səlahiyyətli hesab edilir. Bələdiyyə ərazilərində keçirilən vətəndaş yığıncaqlarında sakinlərin yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək və qərarlar qəbul etmək geniş hüquqları vardır.  Hətta bu yığıncaqlarda bələdiyyənin nizamnaməsidə daxil olmaqla bütün qərarlar qəbul edilə, dəyişdirilə və ləğv edilə bilər.

 Bələdiyyənin normativ xarakterli aktları məsələn nizamnamə dəyişilikləri və əlavələri bələdiyyə iclası tərəfindən təsdiq olunduqdan sonra bələdiyyənin sədri, o olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanmış müşayət məktubu ilə birgə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə təqdim edilməlidir. Bələdiyyənin normativ xarakterli aktları onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minmiş sayılır.

    Qəbul edilmiş bələdiyyə qərarları protokollaşdırılaraq 15-gündən gec olmayaraq bir nüsxəsi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilməlidir.

   Bələdiyyə qərarlarına əməl etmək məcburidir və təşkilati-hüquqi formasından asılı olmayaraq bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir. Bələdiyyə qərarlarının hüquqi və fiziki şəxslər tərəfindən icra edilməməsi qanuna müvafiq surətdə məsuliyyətə səbəb olur. Bələdiyyə qərarlarının icrası məcburi olsada bələdiyyələr qəbul etdikləri qərarlarında bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmamasına çalışmalıdırlar.

  

   Eyni zamanda bələdiyyə orqanlarının fəaliyyətində hüquq pozutusuna səbəb olacaq hərəkətlər baş verərsə fiziki və hüquqi şəxslər tərəfindən Bələdiyyələrin Statusu Haqqında Azərbaycan Respublikasının Qanuna əsasən bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər.

  Bələdiyyə qərarlarının icrasını həyata keçirən orqan bələdiyyələrin icra aparatıdır. Bələdiyyələrin icra aparatının tərkibi bələdiyyənin sədrindən, yerli əhaliyə xidmət, iqtisadi, ekoloji, sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan idarə, şöbə və digər struktur bölmələrdən ibarətdir.

Bələdiyyə iclaslarında və yaxud vətəndaş yığıncaqlarında qəbul edilmiş bələdiyyə qərarları yalnız bu qərarları qəbul etmiş orqanlar tərəfindən ləğv edilə və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.

 Fərman Salmanlı

Abşeron rayon,

Hökməli bələdiyyəsinin sədr müavini,

hüquqşunas

 

 

ŞƏRHLƏR