"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə İşçilərinin Həmkarlar ittifaqi -beş ilə qisa bir nəzər: SƏDR HESABAT VERİR

--2017-09-28 / 15:51

 Azərbaycan Bələdiyyə İşçilərinin  Həmkarlar İttifaqının III qurultayından ötən 5 il  ərzində Respublika komitəsi öz işini  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında qəbul edilmiş “Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətlərinin əsas istiqamətləri” çərçivəsində və Azərbaycan Bələdiyyə İşçilərinin  Həmkarlar İttifaqının III qurultayının təsdiq etdiyi proqram əsasında “NİZAMNAMƏ”sinə uyğun qurmuşdur. Respublika Komitəsi, III Qurultayın qərarlarının icrasının yüksək səviyyədə təmin edilməsinə çalışıb, AHİK tərəfindən verilən təlimat və göstərişlərin yerinə yetirilməsi üçün lazımı səylər göstərib, təsdiq olunan illik iş planlarına uyğun olaraq müxtəlif xarakterli tədbirlərin həyata keçirilməsini təmin edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.

Prezident İlham Əliyev, ulu öndərimiz Heydər Əliyevin strategiyasından qaynaqlanan, elmi əsaslara və liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan, çevik iqtisadi siyasəti nəticəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Mürəkkəb xarici iqtisadi mühitdə, qlobal sosial-iqtisadi çağırışlara, yüksək dayanıqlıq nümayiş etdirilmiş, iqtisadi artım davam etmiş, qeyri-neft sektorunun inkişafının sürətlənməsində, iqtisadiyyatın şaxələnməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifahının daha da yüksəlməsində yeni uğurlar əldə olunmuşdur.

Dünyada mövcud olan geosiyasi vəziyyət, iqtisadi böhran,  hakimiyyət və bələdiyyə qurumlarını yeni iqtisadi şəraitdə işləməyə sövq edir. Yerli özünüidarəetmə orqanları respublikamızda gedən demokratik proseslərdə, abadlıq quruculuq işlərində, regionların sosial- iqtisadi inkişafında, yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak edir.  Prezident İlham Əliyevin bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, onların cəmiyyətdəki rolunun inkişafı üçün imzaladığı mühüm sənədlər, Milli Məclis tərəfindən qəbul olunan qanunlar yerli özünüidarəetmə orqanlarının işinə müsbət təsir etmişdir.

Keçdiyimiz beş ilə nəzər yetirərkən hesab edirəm ki, bu müddətə biz həmkarlar ittifaqı olaraq bələdiyyə işçilərinin sosial-iqtisadi hüquqlarının qorunması və sosial rifahlarının yüksəldilməsi istiqamətində müəyyən işlər görə bilmişik.

 Hesabat dövrü ərzində “Həmkarlar İttifaqları haqqında” qanununa, Əmək Məcəlləsinə, “Bələdiyyələrin Statusu haqqında” qanuna, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”  Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə  məlumatlar üzv təşkilatlara və rayon komitələrinin sədrlərinə mütəmadi olaraq çatdırılmış, Azərbaycanda yerli özünüidarənin gücləndirilməsi istiqamətində aparılan islahatların davamı olaraq bələdiyyələrin birləşdirilməsi nəticəsində ixtisara düşən işçilərin əmək və sosial hüquqlarının qorunması üçün birləşən bələdiyyələr haqqında məlumatlar,  Azərbaycan Respublikasının  Əmək  Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərindən  çıxarışlar, məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin  3-cü, 7-ci, 9-cu, 12-ci, 43-cü, 49-cu maddələrində edilən son dəyişikliklərlə bağlı  üzv təşkilatlar məlumatlandırılmış, asan imzaların alınması və əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı tövsiyələr  rayon komitələrinin sədrlərinə göndərilmişdir.

Bildiyiniz kimi  20 iyun 2014-cü il tarixdən “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna   edilən  dəyişiklik, 01 yanvar 2015-ci ildən qüvvəyə mindikdən sonra yerli vergilər və ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə həyata keçirilməyə başladı. Dəyişikliklərin müsbət tərəfi  o oldu ki, bələdiyyələr tərəfindən verginin hesablanmasında mövcud olan çətinliklər aradan qalxdı, şəffaflıq artdı, amma bələdiyyələrin vergi yığımında üzləşdikləri problem problem olaraq qaldı.

Azərbaycan Bələdiyyə İşçilərinin  Həmkarlar İttifaqı bələdiyyələrin qarşılaşdığı problemlərə diqqətlə yanaşır və onların həlli üçün respublika bələdiyyələrində mövcüd olan real vəziyyəti təhlil edərək öz təkliflərini mütəmadi olaraq aidiyyatı orqanlara göndərir.

Verilən təkliflər əsasən bələdiyyələrin maliyyə bazasının möhkəmlənməsinə və bələdiyyələrdə çalışan işçilərin əmək və sosial hüquqlarının müdafiəsinə yönəlmişdir.

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika  Komitəsi könüllülük və bərabərlik prinsipi əsasında 7150 həmkarlar üzvü olan 52 rayon komitəsini və 2 ( Sumqayı, Mingəçevir) ilk həmkarlar ittifaqı təşkilatını birləşdirir.  Hesabat dövrü ərzində ittifaqda 6 Məclis, 58 icraiyyə komitəsinin iclası keçirilmişdir. Məclis və İcraiyyə Komitəsinin iclasları təşkilati məsələlərlə yanaşı, işçilərin sosial-iqtisadi problemlərin aradan qaldırılması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, maliyyə məsələlərinə və digər məsələlərə həsr olunmuşdur.

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqında təşkilatlanma işi davam etdirilmiş, həmkarlar İttifaqı təşkilatının strukturu təkmilləşdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır.

İşçilərin həmkarlar ittifaqı üzvülüyünə cəlb edilməsində mühüm rol oynayan, onların əmək və sosial-iqtisadi mənafelərini müdafiə edən əsas sənədlərdən biri həmkarlar ittifaqlarının işəgötürənlə bağladıqları kollektiv müqavilədir. Həmkarlar ittifaqı təşkilatları ilə bələdiyyələr arasında kollektiv müqavilələrin bağlanmasına əməli kömək göstərmək məqsədi ilə hesabat dövründə mütəmadi həmkarlar ittifaqının mövqeyini əks etdirən tövsiyələr Respublika Komitəsi tərəfindən hazırlanıb yerlərə çatdırılmışdır.

Bağlanmış kollektiv müqavilələrdə işçilərin əmək haqqının artırılması əmək və sağlamlıqlarının qorunması, istirahətlərinin təşkili və digər məsələlər əsas yer tutmuşdur. Təbii ki, kollektiv müqavilələrinin bağlanması ilə yanaşı onun icra olunması məsələləri də diqqətdə saxlanılmış, bu sahədə görülən işlər ittifaqın seçkili orqanlarında vaxtaşırı müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir. Bildirməliyəm ki, kollektiv müqavilələrin bağlanması və icrası məsələsi xidmətimizdə olan bir sıra həmkarlar ittifaqlarında o cümlədən Şəki, Sumqayıt, Salyan, Zaqatala, Mingəçevir,  tələb olunan səviyyədə təşkil olunsa da bəzi həmkarlar ittifaqları bu işə laqeyd yanaşırlar. Təssüf hissi ilə qeyd etməliyəm ki, bəzi hallarda kollektiv müqavilə barədə kollektiv üzvlərinin təsəvvürü olmur. Kollektiv müqavilələr bağlanarkən işçilərin rəy və təklifləri nəzərə alınmadan, şərtləri müzakirə edilmədən tərtib olunur. Belə təşkilatlarla ittifaq fərdi qaydada iş aparmağa üstünlük verir və buraxılmış nöqsanların aradan qaldırılmasına ciddi səy göstərir.

15 mart 2014-cü ildə İcraiyyə komitəsinin iclasında  “Ən yaxşı kollektiv müqavilə” devizi ilə respublika bələdiyyələri arasında müsabiqə keçirilməsii haqda qərar qəbul edilmiş və “ƏSASNAMƏSİ” təsdiq olunmuşdur. Bütün rayon komitələrinə keçirilən müsabiqə haqqında məlumatlar göndərilmişdir. Müsabiqənin keçirilməsində başlıca məqsəd  kollektiv müqavilələrə diqqətin artırılması, kollektiv müqavilələrdə nəzərdə tutulan öhdəlikləri layiqincə  yerinə yetirən təşkilatların müəyyən edilməsidir.

“Ən yaxşı kollektiv müqavilə” devizi ilə keçirilən müsabiqə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində və qüvvədə olan digər normativ hüquqi aktlarda nəzərdə tutulan iqtisadi və sosial güzəştlərdən daha artıq, daha geniş, iqtisadi və sosial güzəştlər nominasiya üzrə, əməyin mühafizəsi  və texniki təhlükəsizliyi, faydalı və  məhsuldar iş şəraiti nominasiyası üzrə, gənc mütəxəssislər, kadr hazırlığı və ixtisasartırma nominasiya üzrə keçirilir.

Məmnuniyyətlə qeyd etməliyəm ki, kollktiv müqavilələrdə işçilərin xeyrinə olan öhdəliklər ildən-ilə artırılır və ən əsası odur ki, həmin öhdəliklərin əksəriyyəti işəgötürənlər tərəfindən yerinə yetirilir.

Hesabat dövründə Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Respublika Komitəsinin “Əməyin mühafizəsi” üzrə əmək müfəttişi bələdiyyələrin həmkarlar ittifaqları ilə sıx əlaqə yaradaraq işçilərə sağlam əmək şəraiti yaradılması və əməyin mühafizəsi işinin qanunvericiliyə uyğun təşkil edilməsinə, istehsalat zədələnməsinin və peşə xəstəliyinin əvvəlcədən qarşısının alınması istiqamətində, üzv təşkilatlara informasiya yardımı göstərilmişdir. Hesabat dövrü ərzində Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının baş texniki əmək müfəttişi bələdiyyələrdə və bələdiyyələrin yaratdığı istehsalatlarda 70-dən artıq müayinə aparmışdır. Əmək qanunvericiliyinin, həmçinin  sənaye, ekologiya və sanitar-gigiyena təhlükəsizliyinə dair qanunvericiliyin tələblərinin 81-dən artıq pozulması faktı aşkara çıxarılmışdır. Həmkarlar ittifaları tərəfindən görülən tədbirlər nəticəsində aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. Əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması, istehsalat zədələnmələri və ətraf mühitin problemləri üzrə 110 məsələ həmkarlar ittifaqı orqanlarında müzakirə edilmişdir. 2012-2017-ci illər ərzində Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının xidməti dairəsində olan həmkarlar ittifaqı təşkilatlarında 40-dan çox zona seminarı, dəyirmi masalar keçirilmişdir.

 Hər il ABİHİ-nin Respublika və rayon komitələri tərəfindən 28 aprel “Ümumdünya əməyin mühafizəsi günü” qeyd olunur. Hesabat dövründə bu tədbirlərin arasında ABİHİ-nin təşkilatçılığı ilə Şamaxı və Şəkidə keçirilən seminarları qeyd etmək olar. Bu seminarlarda AHİK-in müvafiq şöbəsinin nümayəndələri iştirak etmişdir. Seminarın gündəliyində “Əməyin mühafizəsi vəziyyəti”, təhlükəsizlik texnikası tələblərinə əməl olunması və digər məsələlər salınmışdır. Kollektiv müqavilələrin bağlanması zamanı “Əməyin mühafizəsi”nə aid məsələlərin müqavilələrdə öz əksini tapmaq istiqmətində müəyyən irəliləyişə nail olunmuşdur. Layiqli iş şəraitinin yaradılmasında bələdiyyə rəhbərliyinin maraqlarının artırılması üçün hər il konkurslar  keçirilir və qaliblər mükafatlandırılır.

Hesabat dövrü ərzində  Respublika Komitəsi tərəfindən bir çox tədbirlər keçirilmiş, sahə həmkarlar ittifaqı tərəfindən keçirilən tədbirlərdə Respublika Komitəsinin nümayəndələri iştirak etmişlər. Ötən dövr ərzində 8 mart Beynəlxalq Qadınlar günü, Novruz bayramı, Milli Qurtuluş günü, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə təşkilat üzvlərinin iştirakı ilə müxtəlif xarakterli tədbirlər keçirilib.Mütəmadi olaraq Sumqayıt şəhər bələdiyyəsi tərəfindən 15 iyun ”Milli Qurtuluş günü” münasibəti ilə keçirilən məhəllələrarası futbol turnirdə ABİHİ-nın aparat işçiləri  iştirak edir, qalibləri qiymətli hədiyyələr və “Fəxri Fərman”larla   mükafatlandırırlar.

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı gənclərin məşgulluğunun artırılması və yeni işlə təmin edilməsi uğrunda fəaliyyətini genişləndirir. Hesabat dövründə gənclərin ictimai həyata və həmkarlar ittifaqlarında  fəaliyyətə cəlb edilməsi işinə xüsusi diqqət yetirilib.  Gənclər şurasının təşkilatçılığı ilə üzv təşkilatlarda gənclərlə birgə müxtəlif tədbirlər keçirilmişdir. Binəqədi rayonu Xocəsən bələdiyyəsinin təşkilatçılığı və ilk həmkarlar ittifaqı təşkilatı üzvlərinin iştirakı ilə 217 saylı orta məktəbdə  “Gəlin gəncliyimizi qoruyaq!, Narkomaniyaya yox deyək” devizi altında tədbir keçirilmişdir. Hər il ümumimilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş Mingəçevir bələdiyyəsinin mükafatı uğurunda kanoe və kayak üzrə avarçəkmə turniri keçirilir. Qaliblərə medal, diplom və hədiyyələr  təqdim olunur.

Xəzər rayon komitəsi  rayon gənclər idarəsi ilə birgə Şaqan Olimpiya mərkəzində  18 oktyabr Dövlət Müstəqilliyi günü münasibəti ilə həmkarlar ittifaqının üzvləri arasında sahmat yarışı keçirilmiş, qaliblər hədiyyələrlə mükafatlandırılmışlar.

Bildiyiniz kimi Avropa Şurasının «Avropada yerli demokratiya həftəsi»nin keçirilməsi barədə təşəbbüsünə qoşulan Azərbaycan bələdiyyələri 2016-cı il oktyabrın 31-dən  noyabrın 6-dək  «Azərbaycanda yerli demokratiya həftəsi» keçirmişlər. Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının məsul işçiləri keçirilən tədbirlərin bir çoxunda iştirak etmiş və çıxışlarında üzvlərin əmək, sosial, iqtisadi hüquqlarının  qorunmasını önə çəkmişlər. Hamınıza məlumdur ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı da respublikamızda  bu münasibətlə keçirilən tədbirlərə qoşularaq 15 noyabr 2016-cı ildə “Multikulturalizm mühütündə icmalar dini radikalizmə qarşı” mövzusunda həmkarlar ittifaqı üzvlərinin fəalları ilə geniş tədbir keçirilmişdir.

Bu gün Respublika Komitəsinin xidmətində olan 52 rayon komitəsinin nəznində gender komissiyaları fəaliyyət göstərir. Hesabat dövrü ərzində gender komissiyaları Respublika komitəsində və eləcə də qadınların çoxluq təşkil etdiyi  təşkilatlarda gender problemləri üzrə yaradılmış komissiyalar “İş planları”na uyğun fəaliyyət göstərmişlər.

 Bu komissiyalar iş yerlərində gender bərabərliyinin təmin edilməsinə, cinsindən asılı olmayaraq bütün işçilərə təhlükəsiz iş şəraitinin yaradılmasına çalışırlar.

Ölkənin ictimai-siyasi həyatında qadınların fəallığının artması bələdiyyə sistemindədə özünü göztərmiş və bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 6 dəfə artaraq 5236 nəfər olmuşdur. Bu isə bələdiyyə üzvlərin sırasında qadınların payının 35,0 faiz təşkil etməsi deməkdir. Qeyd etmək yerinə düşər ki, əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil edirdi.

 

 Qeyd etmək lazımdır ki, 2014-cü ildə bələdiyyə orqanlarına seçilmiş üzvlərinin arasında gənclərin sayı artmışdır. Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı gənclərin həmkarlar ittifaqının seçkili orqanların təmsil olunması üçün işlər aparmışlar. Belə ki, 2014-cü il Bələdiyyə seçkilərində Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı gənc nəslin seçkilərdə iştirakını təmin etmək üçün müəyyən köməklik göstərmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyası tərəfindən əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailliyətlər əldə etmiş gənclərlə “İlin peşəkar gənci” fəxri adı təsis edilmişdir. Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı İcraiyyə Komitəsi tərəfindən sahə prinsipi üzrə istedadlı gənclərin üzə çıxarilması məqsədi ilə komissiya yaradılmışdır. Sumqayıt şəhər bələdiyyəsinin ilk həmkarlar təşkilatının üzvü Məmmədyarova Zeynəb Həmid qızı, Astara bələdiyyəsindən Məmmədova Aygül Azər qızı “İlin peşəkar gənci” fəxri adına layiq görülmüşlər. Son dövürlər dövlət qurumlarında müşahidə olunan gəncləşmə siyasəti, gənclərin dövlət idarəçiliyində önə çıxarılması və yüksək postlara təyin edilmə prosesi yerli özünüidarə etmə sistemində də gənclərin aktivliyinə səbəb olmuşdur. Beləki respublika üzrə 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş gənc bələdiyyə üzvlərinin  sayı 500 nəfər olaraq ümumi hesabda 2% təşkil etmişdirsə 2009-cu ildə bu rəqəm artaraq 4303 nəfərlə 27,6% olmuşdur.   

Nəhayət 2014-cü il keçirilmiş bələdiyyə seçkilərində seçilmiş gənclərin sayı artaraq 5450 nəfər  olmaqla 36,42% kimi yüksək nəticə əldə edilmişdir.

Hesabat dövründə Respublika Komitəsi fəaliyyət dairəsinə  uyğun olaraq işçilərin əmək şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması, istirahətlərinin təşkili, mədəni-kütləvi və bayram tədbirlərinin keçirilməsi istiqamətində müəyyən işlər görə bilmişdir. Kurort, sanatoriya və istirahət evlərinə müalicə və istirahət üçün yollayış alınaraq istifadə olunmuşdur. İstifadə olunan yollayışlar qanunauyğun olaraq həmkarlar ittifaqı üzvlərinə qismən dəyəri ödənilməməklə  verilmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasının tədris kursunda həmkarlar ittifaqı fəallarının ixtisasını artırmaq məqsədi ilə keçirilən kurslarda ittifaqın fəallarının iştirakı təmin olunmuşdur. Belə ki, 2012- 2017-ci il hesabat dövründə 64 nəfər bu kurslarda öz biliklərini artırmağa nail olmuşlar. Bundan əlavə Respublika Komitəsinin maliyyə imkanlarının imkan verdiyi səviyyədə həmkarlar ittifaqlarının sədrləri və fəalları üçün rayonlarda seminar və dəyirmi masalar təşkil edilmişdir.

Fəaliyyətimizin mühüm istiqamətlərdən biri  yerlərdə əmək qanunvericiliyinin tələblərinə əməl olunması, həmkarlar ittifaqı üzvülərinin hüquqlarının müdafiəsdir.  Hesabat dövrü ərzində Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqında həmkarlar ittifaqı üzvülərinin ərizə və müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılaraq cavablandırılmışdır.  Hesabat dövründə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edilməsinə  razılıq verilməsi ilə bağlı 6 təqdimat daxil olmuşdur. Təqdimatlara ABİHİ-də baxılmış və hərtərəfli araşdırmadan sonra Azərbaycan Respublikasının Əmək  Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edilmələrinə  razılıq verilməmişdir.

Daxil olan ərizə və şikayətlər məzmununa görə işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin pozulması ilə işçilərin işdən azad edilməsinə, əmək məzuniyyətlərindən istifadə etmədikdə kompensasiyaların ödənilməməsi, əmək haqlarının və son haqq-hesablarının verilməməsinə aid yazılmış şikayətlərdir.  Daxil olan müraciətlərin çoxu yollayışların verilməsi ilə bağlı olmuşdur.  Ərizə və şikayətlər ABİHİ Respublika Komitəsində araşdırılmış və ərizəçilərin haqlı olduğu bütün hallarda onların qanuni tələbləri müdafiə olunmuş, pozulmuş hüquqlrı bərpa edilmişdir.

Yuxarıda qeyd olunanlarla yanaşı işimizə mane olan çatışmamazlıqlar da mövcuddur.

 Yerli özünüidarəetmə orqanlarında işçilərin əmək haqqı respublika üzrə olan orta aylıq əmək haqqından 2-3 dəfə azdır, işçilərin əmək haqqlarının vaxtında ödənilməməsi halları mövcuddur. Nizamnamədə müəyyən olunmuş qaydada üzvülük haqqlarının yığılmasında çətinliklərlə üzləşirik. Üzvülük haqqlarının tam həcmdə köçürülməməsi halları hələ də mövcuddur.  Kifayət qədər maddi vəsaitimiz olmadığına görə işçilərin istəyinə uyğun olaraq iştirahətlərini təşkil edə bilmirik.

Həmkarlar ittifaqı üzvü olan işçilərin işdən azad edilmələri zamanı həmkarlar ittifaqı təşkilatlarının razılığının alınmaması hallarına rast gəlinir.   

Qeyd etməliyəm ki, son beş ildə hansı işləri görmüşüksə, hansı müvəfəqiyyətlərə nail olmuşuqsa bütün bunlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinin, onun aparat işçilərinin Azərbaycan  Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqına göstərdikləri diqqət, qayğı və yardımının nəticəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikasının qanununa edilən son dəyişikliklər bir millət vəkili kimi  Səttar Mehbalıyevin gərgin əməyi sayəsində mümkün olmuşdur. Bizə göstərilən bu qayğı və etimada görə hörmətli sədrimiz, millət vəkili Səttar Mehbalıyev başda olmaqla AHİK-in bütün aparatına öz minnətdarlığımı bildirirəm.

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı bələdiyyələrdə çalışan bütün işçilərin sosial-iqtisadi maraqlarının qorunması, işçilərin güzəranlarının yaxşılaşması istiqamətində bundan sonra da işi daha da gücləndirəcək, Azərbaycan dövlətinin inkişafı naminə bütün imkanlarımızı səfərbər edəcəkdir.

 Məhərrəm Xəlilov

Azərbaycan Bələdiyyə İşçilərinin  Həmkarlar İttifaqı  Respublika Komitəsinin sədri

(Material sədrin Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının  IV Qurultayındakı Hesabat Məruzəsi  əsasında hazırlanb)

 

 

ŞƏRHLƏR