"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyə institutunda gender bərabərliyinin qorunması: problemlər və perspektivlər”

--2018-11-01 / 03:52

Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".

Qadın ülviyyətindən, qadın zərifliyindən, qadın sədaqətindən danışdıqda gözümüzün önünə, hər şeydən əvvəl, Anaları gətiririk. Bizim ünvanımız isə Azərbaycan anasıdır, Azərbaycan qadınıdır. O Azərbaycan qadını ki, bütün dövrlərdə cəmiyyətdə özünəməxsus yer tutub, tarixin ən çətin və həlledici anlarında öz sözünü deyib, şərəfli bir yol keçərək XXI əsrə qədəm qoyub. Üçüncü minillik isə qadının cəmiyyətdəki mövqeyini daha da gücləndirib. Bu, qadının böyük qüvvə olduğunu bir daha diktə edir.

Qadın hərəkatındakı fəallaşma, canlanma hamımızı sevindirir. İndi cəmiyyət həyatının bütün sahələrində aparıcı mövqeyə malik qadınlar öz bilik və bacarıqlarını dövlətimizin güclənməsinə, daha da çiçəklənməsinə sərf edirlər. Onların hərtərəfli fəaliyyəti üçün isə ölkəmizdə münbit şərait mövcuddur. Müasir Azərbaycan qadını öz soykökünə, öz xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, tarixi ənənələri qoruyan, onun keşiyində duran və bu gözəl ənənələri daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır. Öyünürük ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verib. Bu gün Azərbaycan qadını böyük qüvvədir. Xatırladım ki, 2018-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 960,1 min nəfərini qadınlar təşkil edir.

Respublikamızda qadın hərakatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın da

xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır.

         Qadınların real həyatda – hakimiyyət orqanlarında, seçkili orqanlarda təmsil olunmalarının dövlət tərəfindən stimullaşdırılması çox böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, ulu öndərimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün illərdə bu məsələyə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.

Qadınlara diqqət və qayğının nəticəsi olaraq, bu gün ölkəmizin ictimai-siyasi həyatında fəal olan Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2%-dir. Qanunvericilik orqanı, dövlət idarəetmə sistemi, elmi-tədqiqat müəssisələri, təhsil-səhiyyə sahəsində xüsusu xidmətləri olan qadınlarımızın elmin inkişafında da müstəsna rolu var. Bildiyimiz kimi, elmi işçilərin 56,0 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,5 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır.

Milli Məclisdə qadın millət vəkillərinin sayı da ötən seçkilərə nisbətdə artaraq 16,1%-ə çatıb. Parlament sədrinin 3 müavinindən 1-i, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi, İnsan Hüquqları üzrə müvəkkil, 3 nazir müavini, Konstitusiya Məhkəməsinin sədr müavini və 1 hakim, o cümlədən 52 hakim, 36 rayon icra Hakimiyyəti başçısının müavini qadındır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sədr müavini və Ombudsmanı da qadındır. 

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 65,7 faizi

qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi

qızlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 41,7 faizi qadınlardır. Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2017-ci ildə 6,7 faizədək artıb.

Son illərdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrdə də təmsil olunan qadınların sayı artıb. Müqayisə üçün qeyd edə bilərəm ki, 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində qadınların iştirakı çox zəif olsa da, seçkidən-seçkiyə bələdiyyələrdə onların mövqeyi möhkəmləməyə doğru irəliləyib. Belə ki, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% idisə, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində 26,5% bələdiyyə üzvü qadın seçilib. 2014-cü ildə isə bu rəqəm artaraq, bələdiyyə üzvü qadınların sayı 35 %-i təşkil edib. Eyni zamanda, bələdiyyələrə rəhbərlik edən qadın sədrlərin sayı da artıb. Qeyd etmək lazımdır ki, bələdiyyə qulluqçuları sırasında da təmsil olunan qadınların sayı müvafiq olaraq ildən-ilə artmaqdadır.

Qadınların siyasi sahədə əldə etdiyi uğurlar son dərəcədə diqqətçəkəndir və bu, həm dövlətin göstərdiyi diqqət və qayğının nəticəsidir, həm də cəmiyyətdə mövcud olan nümunələrin, örnəklərin meydana gətirdiyi reallıqdır.

Şübhəsizdir ki, Azərbaycan qadınları daha çox sosial sferada təmsil olunurlar. Həmçinin ölkəmizdə kifayət qədər ictimai təşkilatlar, QHT-lər fəaliyyət göstərir ki, onların bir çoxu qadın təşkilatlarıdır. Eyni zamanda birbaşa qadınlar tərəfindən təsis olunan qurumlar da mövcuddur ki, onlar cəmiyyətdəki bəzi sosial problemlərin həlli ilə məşğuldurlar. Məhz ictimai sahədə qadınların cəmləşməsi özlüyündə onların siyasi həyata hazırlanmasında bir məktəb rolunu oynayır. Bu mənada həyatımızın elə bir sahəsi yoxdur ki, qadınlar orada özlərini sınaqdan çıxarmasınlar. Hazırda qadınlarımız əvvəllər

onlar üçün münasib sayılmayan sahələrdə - hüquq-mühafizə orqanlarında, hərbi hissələrdə, yol polisi idarələrində də çalışırlar və qeyd etdiyim orqanlarda qadınların sayı əhəmiyyətli dərəcədə artmaqdadır.

İnsan haqlarının ali dəyər kimi qəbul edildiyi bütün demokratik dövlətlərdə qadın hüquq və azadlıqlarının təmini, gender bərabərliyinin qorunub-saxlanılması məsələlərinə daim xüsusi həssaslıqla, diqqətlə yanaşılır. Sağlam cəmiyyətin sütunu, bünövrəsi sayılan qadınlar fəal sosial zümrə kimi bu gün təkcə mənsub olduqları xalqlara deyil, ümumən bəşəriyyətə xas yüksək idealları, ali dəyər və keyfiyyətləri özlərinin zəngin mənəvi dünyalarında yaşadırlar. İnsanlığın daim can atdığı sülh, sabitlik, tərəqqi və firavanlıq kimi məqsədlər naminə uzun əsrlər boyu kişilərlə çiyin-çiyinə çalışan, ən çətin anlarda onlara mənəvi dayaq olan qadınlar taleyin sərt qismətindən tarixən həm də öz təbii və qazanılmış hüquqları uğrunda mübarizə aparmalı olmuşlar.

Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.

Hümbət Hüseynov

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri,

M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR